TEAS PRESS nəşriyyatında Xalq şairi Ramiz Rövşənin “Bu dünyanın hər sifəti” adlı yeni şeirlər kitabı çapa hazırlanır.
Oxucular bu kitabda sevimli şairin yaradıcılığının fərqli bir cəhəti ilə, onun film və tamaşalara yazdığı şeir və mahnı mətnləri ilə tanış olacaqlar. İnanırıq ki, bu yeni kitab da şairin çoxsaylı oxucularını sevindirəcəkdir.
Şairin kitaba yazdığı kiçik ön sözünü və bir neçə şeirini “525-ci qəzet”in oxucularına təqdim edirik.
Ön söz əvəzi
Bu kitabda mənim uzun illərdən bəri bir çox filmlərə, tamaşalara yazdığım şeir və mahnı mətnlərindən seçmələri və “Dərs” adlı pyesimi oxuyacaqsınız. Əksəriyyəti yumor və ironiyayla dolu olan bu “gülməli” şeirlər və mahnı mətnləri mənim əvvəlki kitablarımdakı ciddi, bəzən hətta “ağlamalı” şeirlərimi sevən oxucularıma hədiyyəmdir.
Oxuyun, gülün, düşünün və mənim haçansa bu mahnılar üzərində birgə işlədiyim, təəssüf ki, çoxu artıq haqq dünyasında olan görkəmli bəstəkarlarımızı bir daha xatırlayın.
Ramiz Rövşən
“BU MEYDAN, BU ŞEYTAN” tamaşasından (1983)
Bəstəkar: V.Adıgözəlov
CƏNNƏT MAHNISI
Ölüyükmü, diriyikmi?
İnsanıqmı, mələyikmi?
Bir kimsəyə gərəyikmi
bu cənnətdə, bu cənnətdə?
Soyuğu yox, istisi yox,
Naxoşu yox, xəstəsi yox,
Yananların tüstüsü yox
bu cənnətdə, bu cənnətdə.
Cəhənnəmə güldük, Allah,
“Cənnət” deyib gəldik, Allah,
Cənnət nədi, bildik, Allah,
bu cənnətdə, bu cənnətdə.
Quşlar ötür hər budaqda,
Nəğmə dinir hər dodaqda,
Bezdik çalıb-oxumaqdan
bu cənnətdə, bu cənnətdə.
Nə çiçəklər solmaq bilir,
Nə mələklər ölmək bilir,
Nə ürəklər sevmək bilir
bu cənnətdə, bu cənnətdə.
Çovğun ola, boran ola,
Bu cənnəti viran ola,
İnanma ki, qalan ola
bu cənnətdə, bu cənnətdə…
“HACI QARA” filmindən (2002)
Bəstəkar: A.Məlikov
MÜSƏLMANDI, MÜSƏLMAN
(Ohanın mahnısı)
Düşmənimiz kimdi, kim?
Müsəlmandı, müsəlman.
Yüz ildi, min ildi ki
Müsəlmandı, müsəlman.
Adını nə desən de,
Əli, Vəli, Həsən de,
Oğru de, başkəsən de,
Müsəlmandı, müsəlman.
Odur gedən hər yola,
Ondan gəlir hər bəla,
Əz başını, tapdala,
Müsəlmandı, müsəlman.
Dinən kimi vur qapaz,
Neyləsən də azdır-az,
Türməyə sal, qəbrə bas,
Müsəlmandı, müsəlman.
“GİRİŞMƏ, ÖLDÜRƏR” filmindən (1991)
Bəstəkar: C.Quliyev
BU DÜNYANIN HƏR SİFƏTİ OYUNDU
(qumar mahnısı)
Bu dünyanın hər sifəti oyundu,
Namərd üzü, mərd sifəti oyundu,
Udan qurddu, uduzanlar qoyundu,
Bu oyunda kim kimədi, kim kimə?
Şimşimədi, şimşimədi, şimşimə.
Bu qapıdan ayıq girən dəmlənir,
Yavaş-yavaş həriflənir, xamlanır,
Varı-yoxu buğda kimi dənlənir,
Qurban olur bir balaca himcimə,
Şimşimədi, şimşimədi, şimşimə.
Bu qapıdan girmə, evin yıxılar,
Başın qalar, amma cibin qırxılar,
Qoyun olan qoyun kimi qırxılar,
Qoyunsansa, qaqaş, qurddan incimə,
Şimşimədi, şimşimədi, şimşimə.