Bir qohum ailə var. Birdəfəyə üç kiloqram günəbaxan tumu alırlar. Bir dəfə dözməyib ailə üzvlərinin birindən bu qədər tumu niyə aldıqlarını soruşdum: "Bu nədir ki? - dedi - İkicə günə qurtarır. Bütün gün bekarçılıqdır. Başımızı qatırıq".
Həyətləri stadion boydadır. Amma stadion boyda həyətdə yaşıl rəngdə heç nə tapmazsan. Su problemi də yoxdur. Tərəvəz olmasa belə, yaxşı meyvə ağacları bitirmək mümkündür. Lakin həyətə baxanda adamın ürəyi sıxılır. Çöl qapıdan keçəndən sonra xeyli gedib evə çatırsan. Vəssalam. Burada insan hənirinin olduğunu da yalnız bu evin varlığından hiss edirsən. Di gəl, bizə gələndə rayonun mərkəzindəki balaca həyətimizdə bitən şüyüdü, nanəni, keşnişi çəngə-çəngə yığırlar. Nəinki yığırlar, elə ləklərin yanındaca yuyulmamış keşniş zoğlarını yarpaq hissəsi ağızlarından çöldə qalmaqla çeynəyərək: "Ə sən öl, bununku odur ki, elə ləkin yanındaca yeyəsən. Bəh-bəh, ətrinə bax eeey" - deyirlər. Sözüm onda yox, halal xoşları olsun. Amma o boyda həyət və bekarçılıq... Təəssüf ki, rayonlarımızda belə ailələr çoxdur. Həm də lap çox. Evlərə gedirsən, qarın-qarın qadınlar oxla deşilmiş qırmızı ürək təsvirli, yarım litrlik, qaynar çayla dolu fincanın qulpundan yapışıb divanda yayxanaraq Hindistan serialına baxır, gənc oğlanlar enerji içkilərindən qurtuldadıb sosial şəbəkədə düşmən ölkənin rəhbərinin "fotoşop"da eybəcərləşdirilmiş fotolarını paylaşaraq kişilənir, kişilər siqaret tüsdülədə-tüsdülədə kəndliyə əkin-biçinlə məşğul olmağı məsləhət görən tanınmışları sözlə asıb-kəsir, işsizlikdən gileylənirlər. Mən razı, bəzən diqqət mərkəzində olan məşhurlarımız sözlərini kobudcasına deyirlər. Və bu, şəxsən mənim özümdə də narazılıq yaradır. Hətta növbəti yazılarımdan birində "kəndli", "kəndçi" sözünü ironiya ilə söyləyənlərə, onlara qarşı aşağılayıcı ifadələr işlədənlərə də münasibət bildirəcəyəm. Amma kobud desələr belə, sözün içində həqiqət var. Mən özümüzü misal çəkim. Həyat yoldaşım da, mən də saat 9:00-dan 18:00-dək işdə oluruq. Uşaqların məktəbə gediş-gəlişini nizamlayırıq. Evin işlərini müəssisənin işi ilə paralel aparırıq. Çörəyə pul vermirik. Özüm bişirirəm. Evdən kənarda yeməyə pul xərcləmirik. Axşamdan hazırlayıram. Çox vaxt müzakirələrə səbəb olan yumurtanın qiymətinin qalxmağının da bizə təsiri olmur. Həyətdə toyuq-cücə saxlayırıq və təzə yumurtalardan istifadə edirik. Balaca ləklərdə daim bizi təmin edəcək göy-göyərti olur. Qonum-qonşu da bizdən aparır. Yayda xiyar, pomidor, istiot, badımcan, lobya kimi tərəvəzlərə yalnız müəyyən vaxtlarda pul veririk. Təqaüddə olan qayınatam balaca yerdə becərdiyi tərəvəzlərlə ailəni təmin edir. Evin arxasındakı kiçik bağçada isə müxtəlif meyvə ağacları var. Yayda uşaqlar yetərincə istifadə edəndən sonra belə, qış üçün tədarük görəndə bir çox meyvəni həyətdən yığır, yalnız şəkər tozunu satın alırıq. Sözümün canı budur ki, günün müəyyən saatlarını müəssisə işləri ilə məşğul olsaq da, evdə ayağımızı-ayağımızın üstünə aşırıb oturmuruq. Bekarçılıqdan Gülbadamın toyda geyindiyi paltarın qiymətini müzakirə edib ah çəkmirik. Heç bir iş görmədən gələcək üçün üçmərtəbəli villa, böyük market, şadlıq sarayı xəyalları qurmuruq. Bizə qismət olmuş sağlamlığımızdan - əlimizdən, ayağımızdan, gözümüzdən yararlanaraq zəhmət çəkirik. Zəhmət çəkirik ki, qarşıdakı planlarımızı həyata keçirək.
Oğlum ərincək uşaqdır. Əvvəldə nümunə çəkdiyim insanlar kimi, həmişə hazıra nazir olmaq istəyir. Məhz buna görə də, məndən nəsə hazırlamağımı istəyəndə mütləq onu buyururam. Həmin istəyi ilə bağlı bizə lazım olanları özünə gətizdirirəm. Bilirəm ki, inciyir, bilirəm ki, narazı qalır. Amma indidən onu ələbaxımlılıqdan uzaqlaşdırmaq üçün ürəyimə daş bağlayıram.
Anlayıram. Hamı əkin-biçinlə məşğul ola bilmir. Hamı sağlam deyil. Hamının yaşı əl vermir. Daha ağır işlərdə çalışanlar var ki, evinə dönəndə bir tikə çörəyi çeynəməyə halı olmur. Dincəlməyə ehtiyac duyur. Amma sapsağlam canı, böyük torpaq sahəsi, ailədə yetərincə işçi qüvvəsi olan, fəqət bekarçılıqdan gileylənən insanlar bu günlərdə boynunu büküb 190 manat arzusu ilə telefona gələcək mesajı gözləyəndə təəssüf hissi keçirməmək olmur.
Təhsil almaq, sevdiyi sənətə yiyələnmək, yaradıcılıqla məşğul olmaq, müasir texnologiyalardan istifadə etmək, zövqlə geyinib-keçinmək, istirahətə vaxt ayırmaq, əylənmək, evində bütün rahatlığın təmin olunmasını istəmək hər kəsin haqqıdır. İstər kənddə yaşasın, istər şəhərdə. Amma bütün bunları kimdənsə gözləmək acizlikdir. Folklorumuzdan gələn bir nümunədəki kimi: "İstəyirsən bol çörək-al əlinə bel-kürək".