|
|
|
|
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun
direktoru
mukhtarkazimoglu@gmail.com
Gözəl səs, coşqun təb, iti yaddaş, saza-sözə sonsuz həvəs ? Allahın verdiyi bu nemətlərlə atası yanında şagirdliyə başlayan Şəmşirin ustaddan öyrəndiklərini bircə sözlə ifadə etsək, bu məqamda “ənənə” sözünü işlətməliyik. Doğrudan da, şagird illər uzunu ustaddan dərs alıb Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Valeh... kimi sənətkarların adı ilə bağlı saz və söz ənənəsini mənimsəmiş olur. Sonralar bir ustad kimi Aşıq Şəmşirin də otuzdan artıq şagirdə aşıladığı həmin ənənədə bir çox tələblərlə yanaşı, bir səciyyəvi cəhət də var: şeirlərin dinləyiciyə yurd yeri ilə birlikdə çatdırılması. Bu məsələyə xüsusi olaraq toxunan S.Paşayev yazır: “Aşıq şeirinin yurdu olur. Şirvan-Salyan aşıqları bu yurda “döşəmə” deyirlər. Ustad aşıqların həyat və yaradıcılığının özlərindən sonra dastanlaşmasında bu yurdlar – döşəmələr (şeirlərə bağlı əhvalatlar) müstəsna rol oynamışdır” ( Pirsultanlı S.P. Ozan-aşıq sənətinin nəzəri məsələləri. Bakı, Ozan, 2002, s.75-76). Bu yurd yeri məsələsi və Aşıq Talıbın birinci yazıda xatırlatdığımız fikri (Aşıq Ələsgərin hər səfərinin bir gecəlik dastan olması ilə bağlı qənaət) arasında bir səsləşmə yoxdurmu? Bizcə, var. Əslində, S.Paşayevin, yurd yeri (döşəmə) barədə dedikləri Aşıq Talıbın, səfər sərgüzəştləri barədə təsdiq edilməsidir. Təbii ki, S.Paşayev məlum fikri təsdiq etməklə kifayətlənmir, fikrin imkan daxilində açılması, faktlarla əsaslandırılması qayğısına qalır: “Xanəndə oxuduğu qəzəl və qoşmaya yurd düzəldib danışmır. Aşıq dilində isə şeirin, sözün yurdu özü qədər şirin olub.
Aşıqlar bir də ona görə klassiklərin qoşmalarına az girişirlər ki, onlar bu şeirlərin yurdlarından xəbərsizdirlər. Aşıq qoşmaları isə müəyyən bir səfərlə, yerlə, əhvalatla bağlı olduğu üçün yurd düzəltməyə geniş imkan verir” ( Pirsultanlı S.P. Ozan-aşıq sənətinin nəzəri məsələləri. Bakı, Ozan, 2002, s.85). Göründüyü kimi, S.Paşayev yurd yeri məsələsi ətrafında danışarkən aşıq şeirini yazılı şeirdən fərqləndirən mühüm cəhətlərə diqqət yetirir. O, yazılı ədəbiyyata aid qoşma-gəraylının sazdan, saz havacatından kənarda yaranmasını bir mühüm fərq sayırsa, yurd yerindən uzaqlığını da başqa bir mühüm fərq sayır. Əlbəttə, yazılı ədəbiyyata aid qoşma-gəraylının da müəyyən əhvalatla bağlı yaranmasını heç kim inkar etmir. Burada əsas məsələ yazılı ədəbiyyata aid şeirlə onun bağlı olduğu əhvalatın qoşa xatırlanıb-xatırlanmamasındadır. Tutaq ki, M.P.Vaqifin hər hansı bir şeirinə müraciət edilirsə, o şeirin nə vaxt, nə münasibətlə yazılmasının xanəndə üçün elə bir əhəmiyyəti yoxdur, amma aşıq üçün çox böyük əhəmiyyəti var. Aşıq yazılı ədəbiyyatdan o şeirlərə daha çox müraciət edir ki, həm saz havasına uyğun gəlsin, həm də müəyyən bir sərgüzəştlə bağlanmış olsun. Aşıq auditoriyası üçün yurd yerinə qulaq asmaq şeirin özünə qulaq asmaq qədər maraqlıdırsa, deməli, bu barədə düşünüb-daşınmaq, məsələnin məğzinə varıb, mahiyyətini aydınlaşdırmaq vacibdir. Məsələnin mahiyyətini aydınlaşdırmağın ən başlıca yolu, heç şübhəsiz, konkret nümunələri gözdən keçirməkdədir.
Aşıq Şəmşir şeirləri ilə bağlı yurd yeri nümunələrinə ustad aşığın öz xatirələrində və onun ünsiyyətdə olduğu adamların danışdığı əhvalatlarda rast gəlirik. Aşıq Şəmşir atası Aşıq Qurbanın, eləcə də Aşıq Ələsgərin, Aşıq Talıbın... bir çox şeirlərinin yurd yerini danışdığı kimi, öz şeirlərindən də bir neçəsinin yaranma tarixçəsindən həvəslə danışır. Həm Aşıq Şəmşirin, həm də onunla ünsiyyətdə olmuş adamların xatirələrində S.Vurğun – Aşıq Şəmşir görüşünün xüsusi yeri var. Bu görüşə müxtəlif adamlar yazı həsr ediblər. Həmin yazılardan qırmızı xətt kimi keçən bir motiv Aşıq Şəmşirin sözə sözlə cavab verə bilmək məharətidir: “Şəmşir, Səmədin qoşmasını (“Aşıq Şəmşir, Dəlidağdan keçəndə” misrası ilə başlayan qoşmasını – M.K.) avazla əzbərdən oxudu. Aşıq həmin şeiri bircə oxunuşla yadda saxlamışdı. O, cavab olaraq, bu beşbəndli qoşmanı sinədən dedi:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayaq səni.
...Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbadiyar
Gəzərəm əlimdə şam-çıraq səni.
Səməd Vurğun sevinib əlini gur saçlarına çəkdi:
– Ayə, – dedi və güldü, – bu lap mənim şeirimdən qüvvətli çıxdı ki...” (Verdiyev S. Buzlaq dağının ətəyində / Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q.Şəmşiroğlu. Bakı, Gənclik, 2000, s.63).
Aşıq Şəmşir şeirlərindən bir çoxunun tarixçəsini Hacı Ziyadxan Əliyev imzalı müəllifin ustad sənətkarla söhbətləri əsasında daha ardıcıl izləmək olur. H.Z.Əliyevin qələmə aldığı Aşıq Şəmşir söhbətlərindən biri belədir: “Bir neçə ay bundan qabaq yenə Kəlbəcərdə idim. Qocalıq bir tərəfdən, üstəlik xəstəlik də məni əldən salmışdı. Yazın yaxınlaşdığı aylar idi. Gördüm ki, cavanlar yığışıb qartopu oynayırlar. Bunları görəndə mənim də yadıma cavanlıq düşdü. Dedim, mən də istəyirəm bir az sizinlə oynayam. Sözümü zarafata salıb güldülər. Kimsə kənardan dedi ki, ustad, sənə bir qartopu dəysə, axırın necə olar? Bu söz məni ayıltdı, fikirləşdim ki, doğrudan da, düz deyirlər. Axı mənim qocalıq niyə yadımdan çıxır? Ürəyimdə qövr eləyənləri bu məqamda şeirə çevirməyi özümə qənimət bildim:
Cavanlar oynaşır yalda-yamacda,
Mən də pəncərədən baxıram evdə.
Qıçım tutmur, qocalığın əlindən
Yandırıb qəlbimi, yaxıram evdə.
...Tərlan könül şikar almış sar kimi,
Soluxuram şaxta vurmuş bar kimi.
Xəstə üçün gətirilmiş qar kimi,
Əriyib ocağa axıram evdə.
...Şəmşirəm, ağarıb saçım-saqqalım,
Hər şeydən bir qədər pozulub halım.
Yorulmuş ovçuyam, qaçmış maralım,
Tüfəngi yalandan çaxıram evdə”
(Əliyev H.Z. Gəlimli-gedimli dünya / Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q.Şəmşiroğlu. Bakı, Gənclik, 2004, s.295-296).
H.Z.Əliyevin qələmə aldığı söhbət-əhvalatlardan bir çoxunun yığcam süjet xətti var. Qaçaqlarla görüşən Aşıq Şəmşir və Aşıq Talıbın həbs olunmasına; Aşıq Şəmşirlə Aşıq Bəstinin qarşılaşmasına; Aşıq Şəmşirlə Aşıq Talıbın Gəncəyə səfər etməsinə həsr olunan söhbət-əhvalatlar dediyimizə misal ola bilər. Yığcam süjet xətti olan bu əhvalatlarda dastan elementləri özünü göstərir. Dastan elementləri ilk növbədə ondan ibarətdir ki, danışılan əhvalatlarla şeir parçaları paralellik yaradır. Yəni bu əhvalatlarda hansısa şeirin yazılma səbəbi və tarixçəsi yox, süjet xəttinin özü diqqət mərkəzindədir. Aşıq Şəmşirin şeirləri isə həmin süjet xəttini açmaq, ətə-qana doldurmaq funksiyası daşıyır. Aşıq Şəmşir şeirlərinin belə bir funksiya daşıması səciyyəvi bir haldır və bu səciyyəviliyi dastan amili ilə izah etmək olar. Əvvəla, Aşıq Şəmşirin dastan yaratmaq təcrübəsi var və “Soltan-Qəndab”, “Bəhmən-Humay”, “Tanrıverdi”, “Kamal” kimi müasir dastanlar sırasında onun “Şəmşir-Sənubər” dastanı da çap olunub. Digər tərəfdən isə şeirlər kimi, şeirlərin bağlı olduğu əhvalatlar da yaranacaq dastanların qida mənbəyidir. Aşıq sənətinə Aşıq Ələsgərli, Aşıq Şəmşirli vaxtların gözü ilə baxsaq, görərik ki, bu sənətdə hər şey: musiqi də, şeir də, şeirlə qoşa səsləndirilən əhvalat da dastan üçündür və yaxud dastana hesablanıb.
Musiqinin, şeirin, yurd yerinin və bunların hesabına yaranan dastanın ən çox məhəbbət mövzusuna həsr edilməsində isə təəccüblü bir şey yoxdur. Folklorşünaslıqdakı məlum qənaətə əsaslanıb deyə bilərik ki, qəhrəmanlıqla müqayisədə məhəbbət mövzusunun daha geniş yer tutması oğuznamələrdən sonrakı tarixi mərhələdə dastanların qazandığı məzmun özünəməxsusluğu ilə bağlıdır. Bu cür məzmun özünəməxsusluğu aşıq yaradıcılığında haqq aşığı – haqq aşiqi xəttini meydana çıxarır. Ustad aşıqların, eləcə də Aşıq Şəmşirin çox sayda şeirləri, həmin şeirlərin birbaşa və ya dolayı şəkildə bağlı olduğu dastanlar haqq aşığı – haqq aşiqi xəttinin ifadəsinə xidmət edir.