Bizim nəsil onu "Planet Parni iz Baku" KVN Teatrının "Məhəllə" tamaşasında və filmindəki Məzi rolu ilə tanıdı.
Valideynlərini erkən itirmiş, tək-tənha həyat sürən, qonşularından başqa ailəsi, qucağındakı radiodan başqa doğması olmayan, çoxlarının "dəli" dedikləri, amma hər kəsdən ağıllı nitqlər, fikirlər sərgiləyən, təkcə filmdəki personajları deyil, tamaşaçını da gülüşün içində düşüncəyə qərq etməyi bacaran Məzi... Hələ onda bilmirdik ki, yaddaşımızda Məzi kimi qalan bu ucaboy, dolu bədənli, xoş simalı aktyor elə öz həyatını oynayır. Ona görə bu qədər təbii, səmimi imiş Məzi...
Həyatla təkbətək
Mərhum aktyor, Əməkdar artist Elçin Həmidov, əgər yaşasaydı, iyunun 29-da 62 yaşını qeyd edəcəkdi. O isə 9 il öncə çox erkən, sanki tez-tələsik tərk etdi bu dünyanı. Bəlkə küskün getdi onu ta uşaq çağlarından zərbələrə məruz qoyan həyatdan, bəlkə incik ayrıldı yalnızlığa məhkum taleyindən. Kim bilir...
1958-ci ildə Bakıda anadan olan Elçin hələ uşaqkən atasını, ondan az sonra isə anasını itirir. Ailənin 3 oğlan və 1 qızdan ibarət övladları kimsəsiz qaldığından əmisi himayəyə götürür. Bununla da onların əzablı günləri başlayır. Əmisi evində olmazın əziyyətlər yaşayır, ən çətin, ağır işlər onlara gördürülür, doyunca yeməkdən məhrum buraxılırlar. Özünün sözlərinə görə, uşaqlıqda o qədər ac qalıb ki, vitaminsizlikdən kirpikləri tökülürmüş. Üstəgəl, fiziki şiddət. Onlar həm də çox pis döyülürlər. Bir dəfə əmisigildə necə döyülürsə, üstünə təcili yardım çağırmalı olurlar və uşağı hədələyirlər ki, həqiqəti həkimlərə deməsin. Görünür, Elçinin bu iztirabları hələ başlanğıc imiş. Çünki valideyn itkisinin ürəkdəki alovu sönməmiş yeniyetməlik çağında öncə bir qardaşını, sonra bacısını, daha sonra isə o biri qardaşını itirir. Beləcə, gənc oğlan həyatla təkbətək qalır...
Aktyorluğa aparan yol...
Bu gen dünyada təmtəkcə qalan oğlan öz ayaqları üstündə durmağı bacarırdı. Çünki həyat hələ uşaqlıqdan əlindən aldıqları hesabına ona bunu öyrətmişdi. İş həyatına əvvəlcə kuryer kimi başlayan Elçinin yolları o zamankı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə kəsişir. İnternet məlumatlarına inansaq, teatrda öncə işıqçı, fəhlə kimi çalışır. Sonra isə yaxşı səsi olduğundan xorda işə götürülür. Aktyorun yaxın dostu, Əməkdar artist Novruz Qartal isə bizimlə söhbətində həmin zamanı fərqli xatırladı: "Elçinlə tanışlığımızın 30 ildən çox tarixi var. Lənkərandan Yaşar adlı dostum vardı. Bir gün o, mənə dedi ki, bir qohumum var, istərdim onu sizin teatra işə düzəldəsən. Dedim: "Gəlsin, baxaq". Gəldi, gördüm cavan, hündür, arıq, yaraşıqlı oğlandır, əsl səhnəlikdir. Onu yoxladıq, xahiş etdik, xor truppasına götürdülər. Üstündən bir il keçəndən sonra truppanın rəhbəri mənə yaxınlaşdı ki, Elçin sənin nəyindir? Dedim, qohumumdur. Dedi, o, cavandır, hələ həddi-buluğa çatmayıb, bəlkə bir il oxumasın, səsi bata bilər. Mən də vəziyyəti Elçinə başa saldım, razılaşdı. Onu keçirtdik teatrın işıq sexinə, Hüseynağa Atakişiyevin yanına ki, bir il orda işləsin. Ondan sonra aktyor ştatına keçirdik. Həmin zamandan münasibətimiz çox yaxşı olub. Çünki mən onun atasını da, əmisini də çox yaxşı tanıyırdım. O, çox tərbiyəli, istedadlı oğlan idi".
1977-ci ildə o, İncəsənət İnstitutunun "Dram-kino aktyoru" fakültəsinə daxil olur, 1981-ci ildə oranı bitirir. 1983-cü ildən Musiqili teatrda artist-vokalist olaraq çalışmağa başlayır. Bundan sonra teatrın səhnəsində yaratdığı bir-birindən maraqlı və fərqli obrazlarla E.Həmidov teatrın əsas aktyorları sırasında özünün layiqli yerini tutur. "Boşanaq, evlənərik"də İkram, "Qızıl gül"də Azay, "Beş manatlıq gəlin"də Nadir, "Subaylarınızdan görəsiniz"də Mayıl, "Səhnədə məhəbbət"də ofisiant, "Talelər qovuşanda"da Totuş, "Ər və arvad"da Kəblə Qubad və digər rolları ilə tamaşaçıların rəğbətini qazanır.
Mərhumun ən yaxın dostlarından biri, tamaşalarda tərəf müqabili olmuş Əməkdar artist Nahidə Orucova zamanında birlikdə rol aldığı sənətkarların indi olmamasından təəssüflə söz açdı, E.Həmidovla dostluğundan danışdı: "Biz Elçinlə çox yaxın, ailəvi dost olmuşuq. Onu tələbəlikdən tanıyırdım, məndən yuxarı kursda oxuyurdu. Birlikdə konsertlərə gedirdik. O, Telman Adıgözəlovla, ya da tək parodiyalarla çıxışlar edirdi. Mən təyinatla Sumqayıta gedəndə bir müddətlik əlaqəmiz səngidi. Musiqili Teatra gələndən sonra isə daha möhkəm dost olduq. Həm də həyatda qonşu, səhnədə tərəf müqabili olmuşuq. Gülnar Salmanova, Telman Adıgözəlov, Gülşən Qurbanova, Siyavuş Aslan, Elçin Həmidov... Biz o dövr teatrın durğunluq zamanlarında birlikdə işlədik, çox tamaşalar oynadıq. Elçin teatrın yükünü çiyinlərində aparan aktyorlardan idi. Həm bir çox tamaşalarda birlikdə idik, həm də proqramlarda birgə aparıcılıq edirdik. İndi onun kimi aktyorlar yoxdur. Mən bu cür dostlarımı itirib tək qalmışam. Hər il ad günlərimi Elçin aparırdı. Ondan sonra uzun müddət ad günü etmədim, kim aparacaqdı? Elçinçün burnumun ucu göynəyir".
E.Həmidov tamaşaçıların və onu sevənlərin yaddaşında gözəl səsi ilə də qaldı. Bariton və soprano səsə malik sənətçi tamaşalarda çox zaman mahnıları özü ifa edərdi. Yəqin çoxlarımız onu həm də parodiyaları ilə də tanıdıq. Fərqli və güclü səslərə sahib sənətçilərdən etdiyi parodiyalar eşidənləri heyrətə salırdı. Onun "Bakılı oğlanlar" komandasında sərgilədiyi "Flora Kərimova", "İlhamə Quliyeva", "Gülşən Qurbanova", "Bülənd Ərsoy" parodiyaları unudulmazdır. E.Həmidov aparıcılıq etdiyi televiziya verilişlərilə də xatırlanır. Onun "Tez bazar" və mətbəx verilişləri maraqla qarşılanıb.
Tənhalıqdan qorxan tənha...
Aktyor heç vaxt ailə qurmayıb. Onun ana tərəfindən irsi qan təzyiqi və ürək xəstəliyi olub, nəsildə heç kim 50 yaşa çatmayıb. Bu, Elçində tez öləcəyinə elə böyük inam yaradır ki, o, evləcəyi qadını tənha qoymamaq üçün özü tənhalığı seçir. İstəyi isə ciddi bir qadınla ailə qurmaq imiş.
N.Orucova onun bir tənha kişi kimi ev işlərində, yemək bişirməkdə də bacarıqlı olduğunu deyir: "Biz qonşu idik. Bəzən bir-birimizə gedib-gələrdik. Xəstələnəndə mütləq ona isti şorbalar hazırlayıb aparırdım. Bişirəni yox idi. Özü yemək bişirməyi yaxşı bacarırdı. Lənkəran tərəfdən olduğundan o zonanın yeməklərində yaxşı idi. Hətta bəzi yeməkləri ondan öyrənirdim. Amma duru yeməkləri çox sevsə də, bişirə bilmirdi. Onları onun üçün mən eliyirdim".
"Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir" - deyirdi Elçin. Özü ölüm haqqında çox düşünür və ondan çox qorxurdu. Ona görə yox ki, ölüm həyatın sonu idi, ona görə ki, o, tək ölmək, bu dünyaya gözlərini məhz köməksizlikdən yummaq istəmirdi.
Ürəyində böyük bir inciklik daşıyırdı həm də. Bəzi qohumların, adına dost deyənlərin onun həndəvərində bu qədər dolanmalarının səbəbini yaxşı bilirdi. Ailəsinin, övladının olmamasından istifadə edib evinə yiyələnməyi arzulayanlar heç də az deyildi. Ara-sıra söhbətlərində Elçin yaxın dostları ilə gileyini, incikliyini bölüşərmiş. Rejissor-aktyor Elməddin Dadaşovun bir müsahibəsində danışdığı bir xatirə bunu təsdiqləyir: "Elçin Həmidov teatra gələndə mən qorxurdum. Çox ciddi insan idi. İlk münasibətimiz "Şən hazırcavablar klubu"nda oldu. Biz teatrda da tez-tez həmsöhbət olurduq. Teatrda "Mən dəyərəm min cavana" tamaşasının məşqi idi. Məşqdən sonra Elçin mənə dedi ki, bulvarda gəzmək istəyirəm. Dedim, gedək. O, çox xoşlayırdı bulvarda gəzməyi. Dənizi sevirdi. Getdik bulvara. Elçin qəfildən dedi ki, Elməddin, bilmirəm evi kimin adına yazım, baxma, ölüm-itim dünyasıdır, kimim-kimsəm də yoxdur. Dedim, o nə sözdür, nə olub sənə, cavansan, sağlamsan, Allah sənə o qədər ömür versin ki, öz evində özün xoşbəxt yaşayasan. Elçin güldü, başını yellədi və dedi ki, Elməddin, sənin mərdliyinə vurulmuşam. Dedim, niyə ki? Dedi, mən bunu kimə demişəmsə, deyib ki, neyləyirsən başqasını, yaz mənim adıma, öləndə də səni özüm dəfn edərəm. Məni sınayırmış. Ondan sonra bizim dostluğumuz başladı. Çox qısa çəkdi, çünki Elçin Həmidov qəfil vəfat etdi”.
Ömrünün sonuna kimi tənhalıqdan qorxdu aktyor. Ölümündən iki gün əvvəl belə dostları ilə telefon söhbətində evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir.
Ölümə qənşər...
Aktyorun səhhətindəki problemlər 2010-cu ildə İranda qastrol səfərində özünü göstərir. Qəfil halı pisləşən sənətçini təcili yardımla xəstəxanaya aparırlar. Həmin vaxt yanında olan N.Qartal deyir ki, həkim onu yoxlayandan sonra qan verib-vermədiyini soruşur. Sən demə, Elçin tez-tez qan verirmiş. Həkim bundan dəhşətə gəlir, "sənin özünün beyninə qan çatmır, necə qan verirsən?" deyir və 6 aylıq müalicə yazır, 6 aydan sonra yenidən müayinəyə gəlməyi tapşırır: "Həkim bərk-bərk tapşırdı ki, gəl, dedi, əgər gəlməsən, bir gün qəfildən yıxılıb orda da qalacaqsan. 6 ayın tamamına az qalanda Elçinə hey dedim ki, bax ha, vaxt yaxınlaşır, get İrana. "Yaxşı" - deyirdi, amma getmirdi. Dəfələrlə deməyimizə baxmayaraq, səhlənkarlıq elədi, getmədi. İnanın, nəticədə həkim necə demişdisə, elə də oldu, çox təəssüf".
Onun səhnədəki son işi Qoqolun "Evlənmə" komediyasında olub. Son zamanlarda şəkər və təzyiqdən əziyyət çəkən aktyor məşqlərdə rolun sözlərini unudarmış. Həmin tamaşayla ilk və son premyerası fevralın 23-də gerçəkləşir. Premyeradan sonra dostlarına tamaşaya son dəfə baxmaq istədiyini deyir və 2 saata yaxın dinib-danışmadan "Evlənmə" tamaşasını diskdən izləyir.
Sanki ölümünü əvvəldən duyur, necə olacağını da bilirmiş aktyor. Hər kəsə 50 yaşa çatmayacağını, çatsa da, tez öləcəyini, bağlı qapı arxasında, hər kəsdən xəbərsiz bu dünyadan köçəcəyini deyirmiş: "Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam". 40 yaşından sonra ölüm xofu daha da çox bürüyürmüş onu. Yaz aylarından çox qorxarmış. Çünki bütün doğmaları həmin aylarda rəhmətə gedib.
Nə yazıq ki, ölümü elə dediyi kimi də olur. Dostları onun öldüyü günü dəhşətlə və böyük məyusluqla xatırlayırlar. 2011-ci il martın 5-də teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqinə gəlməyən Elçini həmkarları axtarır, amma o, telefonlara cavab vermir. Qonşuları onu bir gün qabaq çörək alıb evə gedərkən gördüklərini deyirlər. Bütün təkidlərə rəğmən qapını açan olmayanda Fövqəladə Hallar Nazirliyinin işçilərinin köməyilə qapı açılır və içəridə aktyorun nəşi ilə qarşılaşırlar. Məlum olur ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.
52 yaşında, qorxduğu yaz ayında qəflətən dünyasını dəyişən Əməkdar artisti Xırdalan qəbiristanlığında dəfn edirlər.
Ölümündən 4 gün əvvəl: "Hər bir insan hansısa bir iş üçün doğulur" - deyən Elçin Həmidov özü 62 il öncə aktyor olmaq, Azərbaycan səhnəsini bir-birindən maraqlı obrazları ilə zənginləşdirmək, yaddaşlarda ölümsüzlük qazanmaq üçün doğulmuşdu. Ondan geriyə isə acılı-şirinli xatirələri, tamaşaçıların hafizəsində əbədi yaşayacaq rolları, lent yazıları, dostlarının həsrəti qaldı...