|
|
|
|
Rusiya Rabitə, informasiya texnologiyaları və kütləvi informasiya vasitələri üzərində federal nəzarət xidməti ötən ay "Telegram" sosial şəbəkəsinə tətbiq etdiyi qadağanı qaldırdı. Bu hadisə gələcəkdə dövlətin informasiya texnologiyaları qarşısında məğlubiyyətinin rəsmiləşməsi kimi xatırlanacaq. Dünyanın ən böyük nüvə arsenalına malik dövlətinin sosial şəbəkəni nəzarətə götürmək, öz ərazisində istifadəsini qadağan etmək cəhdləri heç bir nəticə vermədi.
Üç il öncə dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin "Telegram"ın yaradıcısı Pavel Durova təzyiqləri başladı. FTX "Telegram"ın istifadəçilərinin yazışmalarına nəzarət etmək üçün Pavel Durovdan sosial şəbəkənin "açar"ını tələb etməyə başladı. FTX terrorçuların "Telegram" vasitəsilə hərəkətlərini kordinasiya etdiyini iddia edirdi. "Telegram"ın "açar"ının istənilməsi sosial şəbəkədə aparılan yazışmalara nəzarət etməklə terrorizmə qarşı effektli mübarizə aparmaq istəyi kimi təqdim olunurdu. FTX terrorizmlə mübarizə kimi həssas məsələni önə çəkməklə bir tərəfdən "Telegram"ın yaradıcısı Pavel Durovu "dalana dirəmək"lə istəyinə nail olacağına, digər tərəfdən də cəmiyyəti bu mübarizədə öz tərəfinə çəkəcəyinə ümid bəsləyirdi. Terrorizmlə mübarizə bütün cəmiyyətlərdə ən həssas məsələ hesab olunduğundan əksəriyyət "Telegram"ın yaradıcısı Pavel Durovun güzəştə gedəcəyini düşünürdü. Lakin bu gözləntilərin əksinə olaraq, Pavel Durov "Telegram"ın "açar"ını FTX-yə verməkdən imtina etdi. Bu imtinadan sonra 2018-ci ilin aprelində Moskva şəhər Taqansk rayon məhkəməsi Rabitə, informasiya texnologiyaları və kütləvi informasiya vasitələri üzərində federal nəzarət xidmətinin müraciəti əsasında Rusiya ərazisində "Telegram"ın bloklanması haqqında qərar çıxardı. "Telegram"ın hüquqşünaslarının iştirak etmədiyi məhkəmə prosesini "açıq fars" adlandıran Pavel Durov Rusiyanı tərk etdi. Bir daha Rusiyaya qayıtmayacağını bəyan edən P.Durovun Moskvada hakimiyyət dəyişəcəyi halda bu qərarına yenidən baxacağı istisna olunmur.
Rusiya cəmiyyətinin etirazlarına, Moskvada internet azadlığı tələbi ilə çoxminli mitinq keçirilməsinə baxmayaraq, rəsmi Moskva "Telegram"ın üzərinə qoyduğu qadağanı götürmədi. O zaman bir çoxlarında belə qənaət yarandı ki, dünyanın ən böyük nüvə dövləti "Telegram"ı bununla məğlub etdi. Ancaq çox keçmədi, "Telegram"ın məğlubedilməzliyi üzə çıxdı. Ötən iki ildə Rabitə, informasiya texnologiyaları və kütləvi informasiya vasitələri üzərində federal nəzarət xidmətinin "Telegram"ı bloklamaq cəhdləri heç bir nəticə vermədi və ötən ay gözlənilmədən qurum sosial şəbəkəni bloklamaq niyyətindən imtina etdi. Sosial şəbəkələrdə bu olay geniş müzakirə olunmağa başladı. Bəziləri Federal nəzarət xidmətinin bu addımını hətta Pavel Durovun FTX ilə gizli anlaşaraq "Telegram"ın "açar"ını xüsusi xidmət orqanına verməsi ilə əsaslandırmağa çalışdı. Ancaq mütəxəssislər hesab edirlər ki, ittihamların heç bir əsası yoxdur. Çünki "Telegram"ın "açar"ının kiməsə veilməsi faktiki olaraq mümkün deyil. İki nəfərin "Telegram"da apardığı gizli yazışmalar şifrələndiyi üçün onu üçüncü tərəfin aşkar etməsi, oxuması faktiki olaraq mümkün deyil.
Rusiya Federal Təhlükəsizlik Xidməti terrorçuların "Telegram" vasitəsilə fəaliyyətlərini kordinasiya etdiyini iddia etsə də, əslində, məsələ fərqlidir. Rusiya hakimiyyət orqanlarını "Telegram" kanallarının fəaliyyəti daha çox narahat edir. Rusiya hakimiyyətinin bu narahatlığı İranda 2017-ci ildə baş verən etirazlarda "Telegram" kanalların aparıcı rol oynamasından sonra güclənmişdi. Rusiyadan əvvəl İran rejimi "Telegram" kanallarını ölkədə xaos yaratmaq ittihamı ilə qadağan etmişdi. Rəsmi Tehran iddia edirdi ki, "Amad News" adlı "Telegram" kanalı hökumət əleyhdarlarına "Molotov kokteyli" adlandırılan partlayıcıların hazırlanma qaydalarını yayıb. Həmin vaxt İranda "Telegram"ın istifadəçilərinin sayı 40 milyondan çox idi. Buna görə də İran hakimiyyətinin narahatlığını anlamaq olardı. Lakin qadağalar heç bir nəticə vermədi və istifadəçilər "Telegram"dan istifadə etməkdə davam etdilər.
"Telegram" kanallarının hakimiyyət əleyhinə etirazların təşkilində önəmli rol oynaması Belarusda keçirilən son prezident seçkilərindən sona başlanan etiraz aksiyalarında daha qabarıq görünməyə başladı. Belarusda baş verən hadisələri izləyən hər kəs etiraz aksiyalarının məhz "Telegram" kanallar tərəfindən yönləndirildiyini fərq etdi.
"Le Temps" qəzetinin əməkdaşı Emmanuel Qrinşpan isə bir qədər də irəli gedərək Belarus inqilabının arxasında "Telegram"ın dayandığı iddiasını irəli sürdü. Belarus hakimiyyətinin "Telegram" kanallarını bağlamağa gücü çatmadığından etirazçı kəsmin səfərbər edilməsinin qarşısını ala bilmir. Halbuki bir neçə il qabaq cəmiyyətin etirazçı kəsmini səfərbər edən müxalifət liderlərini təcrid etməklə hakimiyyət proseslərin qarşısını qısa zamanda ala bilirdi. Ancaq indi hakimiyyət bu üstünlüyünü itirib. "Telegram" kanalları bir an içərisində sayı yüz minlərə çatan abunəçilərini məlumatlandırmaqla onlara hansı addımları atmaları ilə bağlı təlimatlandıra bilir. Belə imkana ənənəvi siyasi təşkilatlar heç zaman sahib olmayıb.
Belarusda baş verən etiraz aksiyalarının təşkilində NEXTA "Telegram" kanalının müstəsna rolu var. NEXTA-nın uğurlarına isə həsəd aparmamaq mümkün deyil. Əsasən dörd nəfərlik komanda tərəfindən idarə olunan NEXTA-nın abunəçilərinin sayı 2.2 milyondan çoxdur. Belarus əhalisinin sayının 9.5 milyon nəfər olduğunu nəzərə alanda, NEXTA-nın necə böyük auditoriyaya sahib olduğu aydın görünür. Belarus lideri Aleksandr Lukaşenko NEXTA-nın Polşanın və Litvanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirildiyini və yönləndirildiyini iddia edir. Əslində, bu iddiaların ciddi əsası yoxdur. Çünki NEXTA-da bir reklamın qiyməti 7 min dollardır. Kiçik komanda tərəfindən idarə olunan, mürəkkəb texnologiyaya ehtiyacı olmayan NEXTA-nın maliyyə müstəqilliyini təmin etmək reklamların hesabına tamamilə mümkündür.
NEXTA-nın qurucularının Polşa və Litvanın xüsusi xidmət orqanlarına bağlı olması iddialarının da ciddi əsası yoxdur. Əslində, onlar Lukaşenkoya qarşı siyasi mübarizə də aparmırlar. NEXTA-nın idarəçilərinin əsas məqsədi daha geniş izləyici auditoriyasına sahib olmaqdır. Çünki bu, onlar üçün bahalı reklamın yeganə təminatıdır. Yəni NEXTA-nın idarəçiləri üçün bu, həqiqətən biznesdir.
Əlbəttə, onlar Lukaşenko hakimiyyətinin devrilməsində maraqlıdırlar. Çünki onlar haqqında cinayət işi var və vətənlərində onları uzunmüddətli həbs təhlükəsi gözləyir. Buna görə də onlar Polşada yerləşərək, siyasi sığınacaq alıblar. Lukaşenko da məhz bu amili əsas götürərək NEXTA-nın qurucularının Polşanın xüsusi xidmət orqanları tərəfindən himayə olunduğunu iddia edir.
NEXTA-nın qurucularından biri Stepan Putilo hələ 17 yaşında olanda “Youtube”də kanal açıb. Ancaq Belarusda "Telegram"ın bütün sosial şəbəkələrdən və video hostinqlərdən daha populyar olmasını nəzərə alaraq, NEXTA-nı bu platformaya keçirib.
Aleksandr Lukaşenko Belarus dövlətinin inzibati resurslarını NEXTA və onun qurucuları ilə mübarizəyə səfərbər etsə də, hələlik heç bir uğur qazana bilməyib. Çünki bəşər taixində insan övladının texnoloji inqilabın məhsullarına qalib gəlməsi hələ qeydə alınmayıb.
Görünür, bu gerçəkliyi dərk edən Rusiya hakimiyyəti iki il yarımdan sonra "Telegram"ın üzərindən qadağanı götürmək qərarına gəlib.