https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
24 Aprel 2024
23 Aprel 2024

"Son 17 ildə pəhləvanlarımız ən mötəbər yarışlarda həmişə böyük uğurla çıxış ediblər"

"Son 17 ildə pəhləvanlarımız ən mötəbər yarışlarda həmişə böyük uğurla çıxış ediblər"

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu nüfuzda güləşçilərimizin uğurları, beynəlxalq arenalarda əldə etdikləri nəticələrin böyük rolu var. Azərbaycanda əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən idman siyasətinin, idmançılarımıza göstərilən həssas münasibətin nəticəsidir ki, digər idman növləri kimi, güləş məktəbi də getdikcə inkişaf edir, güləşçilərimiz yeni-yeni zirvələr fəth edirlər.

Dövlətin idman sahəsindəki siyasəti, habelə Güləş Federasiyasının işini müasir tələblər səviyyəsində qurması bu sahədə ciddi dönüşün yaranmasına səbəb olub. Federasiya rəhbərliyi güləşi daha da kütləviləşdirmək, regionlarda çox sayda yeniyetmə və gənci güləşə cəlb etmək üçün genişmiqyaslı iş aparır.

Hazırda güləş ölkəmizdə ən populyar idman növlərindən biridir. Müəyyən vaxtlarda bu sahədə tənəzzül nəzərə çarpsa da, uzun illər ərzində formalaşan möhkəm baza güləş  məktəbinin tamamilə sıradan çıxmasına imkan verməyib. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan idmanının beynəlxalq miqyasda qazandığı ilk medallar da məhz güləşçilərimizin adı ilə bağlıdır.

Naxçıvanda yaşayan, güləş üzrə beşqat dünya mükafatçısı Rövşən İsmayılxanlı ilə də elə idmanın bu növü ilə bağlı söhbət etdik. Veteran güləşçimiz son 17 ildə Azərbaycan güləş məktəbinin nümayəndələrinin bütün yarışlarda böyük uğurlar əldə etdiyini bildirdi: "Azərbaycan pəhləvanları dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında və digər mötəbər yarışlarda öz peşəkarlığı və ustalıqları ilə xalqımızı sevindirib, bayrağımızı ucaldıblar, çox sayda qızıl, gümüş və bürünc medallar qazanıblar. Bu nəticələrlə güləşçilərimiz Azərbaycanın idman şöhrətini yüksəklərdə saxlayıblar".

Xatırladaq ki, Rövşən İsmayılxanlı 1963-cü il  iyunun 1-də Naxçıvanda anadan olub. O, 1970-1977-ci illərdə şəhərdəki Q.Vəzirov adına 6 saylı orta məktəbdə oxuyub. Sonra Bakı şəhər idman təmayüllü internat məktəbində və  Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunda təhsil alıb. 1984-86-cı illərdə isə hərbi xidmətdə olub. 1986-cı ildən Naxçıvan MR "Spartak" idman cəmiyyətində idman bazasının direktoru vəzifəsində çalışıb. R.İsmayılxanlı 1990-2015-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə xidmət edib. Burada qüsursuz fəaliyyətə görə medallarla və əlaçı döş nişanı ilə təltif olunub. O, 1990-1994-cü illərdə ərazilərimizin erməni işğalçılarından qorunmasında da fəallıq göstərib, Qarabağ müharibəsi veteranıdır. R.İsmayılxanlı 1970-ci ildən idmanın güləş növü ilə məşğul olub. Ayrı-ayrı vaxtlarda Bakı və Azərbaycan çempionu adını qazanıb. Beşqat dünya mükafatçısıdır.  

R.İsmayılxanlı güləşdə əldə etdiyi uğurlardan danışarkən bir məqamı xüsusil vurğuladı: "Respublikamızda bu idman növü tarixən ənənəsini qoruyub saxlayıb. Digər idman növləri kimi, güləş də ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Elə bunun nəticəsidir ki, son illər beynəlxalq yarışlarda böyük uğurlar qazanan yeniyetmə, gənclər və əsas komanda üzvləri ilə yanaşı, veteran idmançılarımız da iştirak etdikləri bütün turnirlərdən müxtəlif əyarlı medallarla vətənə qayıdıblar".

R.İsmayılxanlı hazırda Naxçıvan Dövlət Universitetində hüquq fənləri kafedrasında müəllim vəzifəsində çalışır. Söhbət zamanı o, gənc və veteran idmançılara hərtərəfli dəstəyə görə fəaliyyət göstərdiyi Naxçıvan Dövlət Universiteti rəhbərliyinə təşəkkürünü bildirdi.  Bütün yaşlardan olan idmançılara göstərilən himayənin nəticəsidir ki, ali məktəbin idman uğurları ilbəil artır. Veteran güləşçi  Rövşən İsmayılxanlının özü  isə  ötən ilin oktyabr ayında Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yaşlı güləşçilər arasında 21-ci dünya çempionatında 130 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma növündə Qazaxıstan, ABŞ, Macarıstan və digər ölkələrin təmsilçilərinə qalib gələrək bürünc medal əldə edib. Bu, soydaşımızın ardıcıl olaraq dünya çempionatlarında qazandığı beşinci medal idi. 

Sonda onu da xatırladaq ki, məşhur pəhləvanımız  2015-ci ildə Yunanıstanda bürünc, 2016-cı ildə Finlandiyada  sonrakı il Bolqarıstanda və 2018-ci ildə Rusiyada gümüş medal qazanıb.

Vazeh ƏLİYEV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.