24 sentyabr 1870-ci ildə Avropa ali məktəbləri arasında ilk Türkologiya kafedrası Macarıstanın Budapeşt universitetində yaradılmışdır. Bununla əlaqədar olaraq, cari ilin 24 sentyabr tarixində ilk Türkologiya kafedrasının yaradılmasının 150 illiyinə həsr olunmuş “Türkologiyanın bugünü və sabahı” adlı videokonfrans keçirilmişdir.
Konfransı açıq elan edən Györg Hazai Fondunun rəhbəri Sesilia Hazai, tədbirdə Türk dünyasının tanınmış simalarının, beynəlxalq dərəcəli mütəxəssislərin, elm adamlarının iştirak etdiyini bildirdi. O, Macarıstanda yaradılan ilk Türkologiya kafedrasının Türk xalqlarının zəngin mədəniyyətinin qorunması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs etdi. Sesilia Hazai Türkologiyanın müxtəlif Avropa ölkələrində inkişafından, bu sahəyə beynəlxalq müstəvidə gənclərin cəlb olunmasından, türkdilli xalqların mədəni-mənəvi sərvətinin Avropada tanınması istiqamətində görüləcək işlərin vacibliyindən danışdı.
Konfransda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış etdi.
Günay Əfəndiyeva çıxışında Macarıstanda ilk Türkologiya kafedrasının yaradılmasının həm Macarıstanın, həm də türkdilli xalqlarının həyatında önəmli iz qoyan, onların elmi və mədəni inkişafında xüsusi əhəmiyyət daşıyan mühüm bir hadisə olduğunu vurğuladı. Türkologiya kafedrası vasitəsilə 150 il boyunca beynəlxalq aləmdə elmə töhfəsini verən tədqiqat sahələrinin yaradıldığını, tanınmış türkoloqların yetişdirildiyini bildirdi.
Görüş zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfrans və seminarlardan, eləcə də türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək tədbirlərdən söz açdı.
Fondun prezidenti Macarıstanın təşkilatın müşahidəçi ölkəsi olduğunu qeyd edərək, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində birgə təşkil edilməsi planlaşdırılan proqram və lahiyələrindən danışdı.
Sonda Günay Əfəndiyeva Macarıstan ilə türkdilli xalqların ortaq köklərə, zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, bu zəngin irsin qorunması, gələcək nəsillərə ötürülməsi üçün lazimi işlərin görülməsinin əhəmiyyətindən söz açdı.
Tədbirdə həmçinin Macarıstanın Şərqşünaslıq İnstitutunun direktoru və Budapeştin Eötvös Lorand Universitetinin Türkşünaslıq kafedrasının müdiri Benedek Peri, Vyana Universitetinin professoru Claudia Römer, Birmingham Universitetinin professoru Rhoads Murphey, Venesiyanın Ca ’Foscari Universitetinin professoru Elisabetta Ragagnin, Nur-Sultan şəhərinin Nazarbayev Universitetinin qazax və türk dili araşdırmaları kafedrasının müdiri Uli Şamiloğlu, İstanbul Universiteti türk dili və ədəbiyyatı kafedrasının müəllimi Mücahit Kacar və bir sıra tanınmış alimlər, mütəxəssislər iştirak edərək, Türkologiyanın gələcək inkişaf perspektivlərini müzakirə etdilər.