https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
search
29 Mart 2024

Mahmudun haqqı - İlqar Tağıyevin yazısı

Mahmudun haqqı - İlqar Tağıyevin yazısı

İlqar TAĞIYEV

Azərbaycan Premyer Liqası başlayandan ilk məşqçi istefası gerçəkləşdi. 9-cu turda «Qarabağ»a 0:6 hesabı ilə məğlub olan «Neftçi»nin çalışdırıcısı Füzuli Məmmədov 3 gün əvvəl postundan ayrıldı.

Məmmədovun istefası gözlənilən idi. Çünki hələ sələfi Roberto Bordinin gedişindən sonra komanda ona tapşırıldı və istər idman mediasının bir hissəsi, istərsə də bir qrup azarkeş onun «Neftçi»yə layiq olmadığını, təcrübəsizliyini əsas gətirərək, komandanı başqa mütəxəssisə tapşırılmasını lazım bilirdi. Maraq üçün qeyd edək ki, bu, «Neftçi»də ilk belə hal deyil. 2006-cı ildə Qurban Qurbanov «flaqman»a baş məşqçi təyin olunanda cəmi 34 yaşı var idi. Qurban Qurbanov «Neftçi»də cəmi 1 il işlədi, komandası çempionatı 2-ci pillədə tamamladı. Ardınca UEFA Kubokunda Avstriyanın «Rid» “sədd”ini keçə bilmədikdən (1:3, 2:1) az sonra postundan ayrıldı. Yaxud Samir Əliyev. Samir Əliyevin də baş məşqçi kimi ilk iş yeri «Neftçi» olub. 2015-ci ildə «Neftçi»yə təyinat alanda onun 36 yaşı var idi. Doğrudur, Samir «Neftçi»də cəmi 5 ay işlədi və belədə hansısa uğur qazanmaqdan söhbət gedə bilməz. Məşqçiliyə «Neftçi»də siftə edən Qurban Qurbanovun bacarığı göz önündədir. Nəsə yazmaq artıqdır. Samir Əliyev də artıq özünə müəyyən imic qazanıb. U-19 millimizin çalışdırıcısının öz dəst-xətti var və hansısa Premyer Liqa komandasında rahat işləyə bilər. Söhbət ondan gedir ki, Füzuli Məmmədova kimi 2 halda «Neftçi» gənc və təcrübəsiz məşqçilərə tapşırılıb. Təəssüf ki, onların da komandada duruşu uzun çəkməyib...

Hər halda «Neftçi» rəhbərliyi istər Bordinin gedişindən sonra, istərsə də cari çempionat başlamamış F.Məmmədova etimad göstərdi. O isə baş məşqçi kimi ilk çempionatında komandaya gümüş medalları qazandırdı. Bəs arzulanan çempionluq? Bu haqda bir qədər sonra.

Baş məşqçi ilə yanaşı, klubun idman direktoru Ceyhun Sultanovun da istefa verməsi gözlənilən idi. Səbəbsə məhz C.Sultanovun təklifi ilə F.Məmmədovun baş məşqçi postuna gətirilməsi idi. Başqa sözlə, Sultanov Məmmədova bir növ zamin dayanmışdı. Bəlkə də «Neftçi» «Qarabağ»a kiçik hesabla məğlub olsaydı, sözügedən istefalar reallaşmayacaqdı. Turnir cədvəlinə fikir versək, hazırda komanda 4-cü pillədə qərarlaşıb və lider «Sumqayıt»dan cəmi 1 xal geridədir. Çempionatın əvvəlində 1 xal fərqi fəlakət deyil. Yəni komandanın medalçılar sırasına düşmək şansı davam edir. Sadəcə, biabırçı hesab və təzyiqlər hər iki şəxsin komandadan ayrılmasına səbəb oldu.

Füzuli Məmmədovun istefasından çox daha maraqlı məqam onun yerinə Samir Abasovun gətirilməsi oldu. Niyə maraqlı? Səbəbini izah edək. Hələ Bordinin gedişindən sonra komandanın əvəzedicilərinin baş məşqçisi Mahmud Qurbanova tapşırılması gözlənilirdi. Normalda bir komandada baş məşqçi istefa verirsə və kənardan məşqçi dəvət olunmursa, onun yerinə ya köməkçisi, ya da əvəzedici komandanın baş məşqçisi gətirilir. Müvəqqəti olsa belə. Rəhbərlik seçimini F.Məmmədovun üzərində etdi. Füzulinin gedişindən sonra yenə də ağıla ilk gələn namizəd Mahmud Qurbanov idi. Gəl ki, bu dəfə də rəhbərlik fərqli qərar qəbul etdi. Özü də çox operativ. Füzulinin gedişi ilə Samir Abasovun gəlişi arasında cəmi bir neçə saatlıq fərq oldu. Bu isə onu deməyə əsas verir ki, Abasovun komandaya gətirilməsi əvvəlcədən planlaşdırılmışdı. Başqa sözlə, Mahmud heç yada düşməmişdi.

Samir Abasovun necə məşqçi olması haqqında fikir bildirməkdən uzağam. «Sumqayıt»da və «Zirə»də uğur qazanmasa da, özünə görə çəkisi, dəst-xətti olan mütəxəssislərdəndi. «Neftçi»də uğur qazanacaqmı? Bunu zaman göstərəcək. İndidən nəsə proqnoz vermək çətindi. Uğurlar arzulayırıq.

Amma həmin «çəkidən», dəst-xətdən Mahmudda da var. İstər futbolçu karyerasına, istər məşqçi təcrübəsinə (uzun illər millidə baş məşqçi köməkçisi işləyib, 1 oyunda baş məşqçini əvəzləyib, Premyer Liqa təcrübəsi var, Pro kateqoriyalıdır - red.), istərsə də futbola yanaşmasına görə çoxundan geri qalmır. Azından rəhbərlik qışa kimi Qurbanova şans verə bilərdi. Müsbət dəyişiklik olmasaydı, o halda kənardan məşqçi gətirərdilər. Onsuz da hələ çempionat başlamamış komandanın qarşısına məqsəd kimi çempionluq deyil, medalçılar sırasına düşmək qoyulmuşdu. Bunu isə 8 komandalı çempionatda reallaşdırmaq heç də çətin deyil.

Füzuli Məmmədovun gedişinə kimi düşünmək olardı ki, Mahmudun komandaya baş məşqçi gətirilməməsinin əsas səbəkarı Ceyhun Sultanovdu. Əslində isə... Birincisi, Mahmudu «Neftçi»nin əvəzedicilərinə Ceyhun Sultanov dəvət edib və istefa verməmişdən əvvəl ən münasib namizədlərdən birincisi kimi onun adını çəkib. İkincisi, zaman göstərdi ki, məşqçi təyinatında heç də Ceyhun həlledici rol oynamır. Son söz Müşahidə Şurasınındı. O Müşahidə Şurasının ki, srağagün evin içində məşqçi ola-ola kənara müraciət etdi. Bu, həm Mahmud Qurbanova qarşı biganəlik, haqsızlıq, saymazlıq, həm də haqqının tapdalanması idi.

P.S. «Neftçi» sonuncu dəfə 2012/13-cü illər mövsümündə çempion olub. O vaxtdan bu yana komanda 10 baş məşqçi dəyişib. Samir Abasov 11-cidir.

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.