əməkdar jurnalist,
tarix elmləri doktoru
Doğma Bakımız son illər dünyanın ən çox inkişaf edən və sürətlə dəyişən şəhərlərindən biri, bəlkə də birincisidir. Dünyanın ən nəhəng şəhərləri belə Bakının dəyişməsinə və gözəlləşməsinə qoyulan orta illik investisiyaya həsəd apara bilər. Son vaxtlar istifadəyə verilmiş yeni-yeni genişzolaqlı yollar, körpülər, yol ötürücüləri, bir-birindən yaraşıqlı binalar, rahat mehmanxanalar, gözoxşayan parklar, meydanlar və yeraltı dayanacaqlar hər birimizin ürəyincədir. Azərbaycanın dostları bütün bunları görərək sevinir, düşmənlərimizinsə, yəqin ki, ürəyindən qara qanlar axır.
Təbiidir ki, bütün bu uğurlar hər şeydən öncə ölkə Prezidenti möhtərəm İlham Əliyevin paytaxtımızın sosial-iqtisadi və mədəni yüksəlişinə olan gündəlik qayğı və diqqətinin bəhrəsidir. Allah da şahiddir ki, Prezidentimiz vaxtaşırı Bakını az qala qarış-qarış gəzir, tikinti, abadlıq və quruculuq işlərinin gedişi və yekunları ilə şəxsən tanış olur. Mühüm obyektlərin demək olar ki, əksəriyyətinin təməlqoyma və açılış mərasimlərində iştirak edir, özünün təkliflərini, tövsiyə və iradlarını bildirir.
Bakı sakinləri də öz növbəsində Prezidentin paytaxtımızın sosial-mədəni simasının daha da yaxşılaşdırılmasına olan son dərəcə həssas və qayğıkeş münasibətini olduqca yüksək qiymətləndirirlər. Bu, günümüzün reallığıdır. Bu, ölkə rəhbərinin gördüyü və görmək əzmində olduğu işlərlə xalqın arzu və istəklərinin üst-üstə düşdüyünün bariz nümunəsidir.
Əfsuslar olsun ki, bütün bu uğurların və hər yanda müşahidə olunan müsbət dinamikanın fonunda bəzi məmurların arxayınçılığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından ayrı-ayrı sahələrdə ətalət və süstlük, təsərrüfatsızlıq və biganəlik halları da gözə dəyməkdədir. Məsələn, neçə vaxtdır ki, Bakının müxtəlif ərazilərində paytaxtımızın gələcək simasını müəyyən edəcək çox mühüm infrastruktur layihələri icra olunmaqdadır. Əlbəttə, bu layihələrin əhəmiyyəti və aktuallığına söz ola bilməz. Ayrı-ayrı küçələr, meydanlar, parklar, hətta bütöv məhəllələr başdan-başa abadlaşdırılaraq yenidən qurulur. Yeni-yeni körpülər, yol qovşaqları və ötürücüləri, yeraltı və yerüstü keçidlər inşa edilir, şəhərin elektrik, qaz, su və kanalizasiya infrastrukturları demək olar ki, bütünlüklə yeniləşdirilir. Bir sözlə, Bakı gözlərimiz önündə az qala hər gün bir az da böyüyür, abadlaşır və daha da gözəlləşir. Amma bütün bunlarla yanaşı onu da etiraf etməliyik ki, həmin layihələrin icra tempi, icra ardıcıllığı və keyfiyyəti heç də həmişə sakinləri qane etmir. Bax, bir bakılı kimi, bir ziyalı kimi məndə narahatçılıq yaradan və bu sətirləri qələmə almağa məcbur edən də məhz bu sahədə az qala hər gün müşahidə etdiyim lənglik, ətalətdir. Bilirsiniz, ayrı-ayrı obyektlərdə inşaatçılar hər gün saat neçədə işə başlayırlar? Saat 9-10 radələrində! O vaxt ki, artıq uşaqları anaları baxçaya aparırlar. Bəs həmin inşaatçıların iş vaxtı nə zaman bitir? Elə həmin uşaqları anaları baxçadan götürüb evə aparanda. Bəzi yerlərdə hələ bundan da tez. Bazar və bayram günlərində əksər yerlərdə iş getmir.
Ay əzizlərim, axı belə olmaz. Görün, nə vaxtdır ki, şəhərin bir sıra mühüm prospekt, küçə və yolları bağlıdır. Həmin yerlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından digər küçə və yollarda intensivlik artıb. Bu səbəbdən də ayrı-ayrı istiqamətlərdə bütün günü tıxac əlindən hərəkət etmək olmur. Nə qədər tıxac şəraitində yaşamaq olar? Buna nə insan, nə də texnika dözər. Belə olan halda işin intensivliyini artırmaq olmaz?! Olmaz ki, Bakı küçələrində abadlıq, quruculuq və yenidənqurma işləri ən azı iki növbəli iş rejimində aparılsın?! Məgər texnika çatmır? Yoxsa, vəsait qıtlığı var?!
Köhnə əyyamda hansısa bir küçədə su, qaz və ya kanalizasiya xətlərində təmir-tikinti işləri adətən gecələr aparılırdı. Gecə yatırdıq, səhər duranda görürdük ki, küçəmizə asfalt vurulub. İndi nə baş verib? Gecələr qısalıb? Yoxsa insanlar tənbəlləşib? Yox, məncə əsas səbəbi işin düzgün təşkil olunmamasında axtarmaq gərəkdir.
Yolları abad etmək Bakı şəhər İcra Hakimiyyətinin də, Nəqliyyat Nazirliyinin də, digər aidiyyatı dövlət strukturlarının da vəzifə borcudur. Bunu etdiklərinə görə sağ olsunlar. Amma heç kəsin haqqı yoxdur ki, 2-3 aya görüləsi işi aylarla uzatsın.
Ayrı-ayrı vaxtlarda şəhər təsərrüfatında baş verən bəzi ciddi olaylar, xüsusən də irimiqyaslı qəzalar, yanğınlar və partlayış halları təbiidir ki, sağlam düçüncəli insanları çox düşündürür. İlk baxışda düşünmək olar ki, hadisədir. Necə deyərlər, olacağa çarə yoxdur. Dünyanın hər yerində belə və bundan daha ciddi olaylar baş verir. Amma bununla belə, gəlin razılaşaq ki, belə olayların harada və nə zaman baş verməsindən asılı olmayaraq, onların kökündə duran əsas səbəblərdən birisi də vəzifəli və məsul şəxslərin arxayınçılığı və səhlənkarlığıdır. Əmin edirəm ki, arxayınçılıq və səhlənkarlıq olmayan yerdə heç zaman gözlənilməz və arzuolunmaz olaylar baş verə bilməz. Ona görə də hər yerdə və bütün vəsilələrdə istehsalat intizamını möhkəmlətmək tələb olunur. Amma bu da yetərli deyil. Gərək cəmiyyət də fəal olsun. Hər şeyi dövlətdən, hökumət rəsmilərindən ummaq düzgün olmazdı. Ətrafımızda baş verənlərə hər kəs tərəfindən ən azı vətəndaş mövqeyindən münasibət sərgilənməlidir. Unutmayaq ki, vətəndaşın passivliyi və biganəliyi hər yanda ətalət və arxayınçılığın kök salması üçün şərait yaradır. Doğrudur, bəzi məmurlar elə eyforiyadadırlar ki, onlara artıq heç nə təsir etmir. Elə məmurlar var ki, aylarla getsən qəbuluna düşmək mümkün deyil. Belələri hətta vətəndaşların yazılı müraciətlərinə belə məhəl qoymur. Bu yerdə təqribən bir il öncə Bakı şəhərinin meri, çox hörmətli Hacıbala Abutalıbova ünvanladığım məktubdan bəzi məqamları yada salmaq istərdim. Məktubda yaşadığımız binanın ətrafının qanunsuz tikililərlə bərbad görkəmə salındığından, ərazidəki ağacların günün günorta çağı kəsilərək köklərinin də ekskavatorla çıxarıldığından bəhs olunurdu. Söhbət Bakının şimal qapısı hesab olunan ərazidə, Mir Cəlal küçəsinin başlanğıcında, cəmisi bir neçə il öncə istifadəyə verilmiş yeni çoxmərtəbəli binanın ətrafındakı eybəcərlik və qanunsuzluqlardan gedirdi. Narahatçılıqla bildirilirdi ki, əgər binamızda hər hansı yanğın və ya digər bir fövqəladə hadisə baş verərsə, oraya müvafiq texnikanın yaxınlaşması qeyri-mümkündür. Müraciətimin nəticəsi o oldu ki, günlərin bir günü qapımıza polis gəldi və rəisinin məni çağırdığını bildirdi. Doğrusu, hələ də anlaya bilmirəm ki, mənim şəhər merinə müraciətimdə toxunulan məsələlərin polisə nə aidiyyatı var? Axı, həmin məsələlər sahə müvəkkili səviyyəsində həll olunası məsələlər deyil!
Tam səmimiyyətlə deməliyəm ki, mən şəhər merinə məktubu ona görə yazmamışdım ki, binamızın ətrafını abadlaşdırsınlar. Hərçənd ki, bunun özü də haqlı və normal bir istəkdir. Bir daha təkrar edirəm ki, məni narahat edən əsas məqam ətrafı qanunsuz və yöndəmsiz tikililərlə hörümçək toru kimi qapanmış binada yaşayan insanların təhlükəsizliyi və şəhərimizin şimal qapısı hesab edilən ərazinin primitiv görkəmi idi.
Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, habelə digər rəsmi strukturların sakinlərin müraciətlərinə biganə münasibətinin nəticəsi o oldu ki, sözügedən binanın lap eyvanının dibində yeni bir çoxmərtəbəli bina ucaldıldı. Ərazidəki qanunsuz zəbt və tikililərin sayı isə daha da artdı. Yaşadığımız çoxmərtəbəli binanın qaraj üçün nəzərdə tutulan zirzəmisinin təyinatı dəyişdirilərək satıldı. Beləliklə, ərazidə şəhərsalma normalarının tələbləri baxımından vəziyyət daha dözülməz həddə gətirildi. Sakinlər isə bütün bunların acı nəticələrini çox da gözləməli olmadılar. Belə ki, son vaxtlar binamızda bir-birinin ardınca iki dəfə fövqəladə hadisə baş verdi. Birinci halda, binada yanğın oldu. İkinci halda isə, qapıları bağlı mənzildə qalmış xəstə gənci təcili olaraq xilas etmək zəruriyyəti yarandı. Hər iki halda Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası binanın həyətinə daxil ola bilmədi və bu səbəbdən də həm yanğınsöndürənlər, həm də xilasedicilər çox ciddi problemlərlə üzləşdilər. Maraqlıdır, görəsən, qeyd olunan ərazidə, lap elə belə vəziyyətdə olan digər ərazilərdə yaranan dözülməz vəziyyətə şərait yaradan rəsmi şəxslər və qurumlar hansı qanunlarla, hansı normativlərlə işləyir?! Görünür bəzi məmurların nəfsi gözlərini tutub. Buna sübut olaraq başqa misallar da göstərə bilərəm. Məsələn, necə olub ki, Şərifzadə küçəsindəki beşmərtəbəli binaların qarşısında, ("Günəş" petrola yaxın ərazidə) piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə yeni ticarət obyektləri peyda olub?! Yaxud, 20 Yanvar dairəsi ətrafında, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun hasarı boyunca olan ərazidə sıxlığı daha dözülməz həddə çatdıran yeni-çoxsaylı ticarət - iaşə obyektlərinə ehtiyac vardımı? Həmin ərazidən avtobuslar üçün dayanacaq yeri kimi istifadə olunması daha məqsədəuyğun olmazdımı?! Belə olsaydı sözsüz ki, bəhs edilən ərazidə bir növ xroniki hal alan tıxac problemi də bir qədər nizama düşərdi. Yəqin ki, mənim bu sözlərimə etiraz edənlər tapılacaq. Amma yaxşı olar ki, belələri əvvəlcə özlərinin qanunsuz qərarlarına və onun nəticəsi olan yersiz və yöndəmsiz obyektlərə nəzər salsınlar.
Məmurların vətəndaşların problemlərinə və müraciətlərinə biganə və səhlənkar münasibətindən xəbər verən çoxlu digər misallar da çəkə bilərəm. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin yüksək çinli məmurlara xatırlatdığı "Vəzifə xalqa, insanlara xidmət üçündür" kəlamını, görünür bəziləri unudublar. Odur ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində cənab Prezident yenidən bu mövzuya toxunmağı vacib bilmişdir: "Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz". Amma əfsuslar olsun ki, ölkə başçısının nitqində də qeyd olunduğu kimi "bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir".
Hesab edirəm ki, ölkə rəhbərinin tapşırıq, göstəriş və tövsiyələrini unudanlara, yaxud da sadəcə onu qulaq ardına vuranlara bir an belə ləngimədən öz yerləri göstərilməlidir. Azərbaycanda onların yerini tuta biləcək işgüzar, vicdanlı, prezidentə, dövlətə və dövlətçiliyimizə sadiq insanlar istənilən qədərdir. Yetər ki, vəzifələr məhz belə insanlara etibar olunsun.
Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Çünki sabit və dinamik inkişaf yolunda olan müstəqil Azərbaycanı qurub-yaradan, onu xalqımıza ərməğan edən məhz ulu öndər Heydər Əliyev oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin təbirincə desək, bəli, "Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir". Biz Prezidentimizə minnətdarıq ki, o, doğma respublikamızın ulu öndərin müəyyən etdiyi strateji yolla irəliləyərək inkişaf etməsi və daha da çiçəklənməsi üçün əlindən gələni edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeridilən qətiyyətli və balanslaşdırılmış daxili və xarici siyasət xətti Azərbaycana hər gün yeni-yeni uğurlar bəxş edir. Xalqımız yaxşı bilir ki, bəli, bütün sahələrdə əldə olunan uğurların böyük bir qismi birbaşa məhz cənab Prezidentin şəxsi fəallığı, daha dəqiq desək fədakarlığı sayəsində əldə olunub. Yəni, Prezidentimiz dövlət rəhbəri olaraq özünün intellekti və bacarığı, idarəçilik səriştəsi, qərarlarında çevik, ədalətli, ardıcıl və prinsipial olması ilə yanaşı, həm də sadəliyi, səmimiliyi, mediaya çox yaxın və açıq olması, ən başlıcası xalqımıza xas olan milli-mənəvi dəyərlərə qəlbən bağlılığı ilə hər kəsə nümunədir. Amma əfsuslar olsun ki, dövlət başçısının komandasında olan bəzi yüksək çinli məmurlarda bu keyfiyyətləri görmürük. Ola bilsin ki, kimlərinsə təcrübəsi, fiziki və intellektual potensialı kifayət etmir. Şübhəsiz, belələri də var. Amma özündən, mövqeyindən, işindən və ümumiyyətlə respublikada işlərin rəvan getdiyindən arxayınlaşaraq özünə və vəziyyətə nəzarəti itirən, tabeliyində olan insanlara yuxarıdan aşağı baxan, ailə üzvləri meşşan həyat tərzi keçirən məmurlar da az deyil. Əslində cəmiyyəti narahat edən irili-xırdalı problemlər də çox zaman elə bu kimi səbəblərdən yaranır.
Azərbaycan dünyanın siyasi xəritəsində özünə yer alan ən gənc dövlətlərdən biridir. Dövlət müstəqilliyimizin bərpasından ötən illər ərzində respublikamız dünyanı heyrətə salan bir sıra çox ciddi uğurlara imza atıb. Uğurlar bu gün də davam etməkdədir. Amma gəlin onu da unutmayaq ki, doğma Azərbaycanımızın problemləri də böyükdür. Böyük dövlətlərin Qarabağ problemi ətrafındakı məkrli oyunları Azərbaycanın azad və demokratik bir ölkə olaraq inkişafına çox ciddi surətdə mane olur. Ətrafımızda hər an bizi istəməyənlərin, uğurlarımıza qısqananların və nəhayət, açıq-aşkar düşmənçilik edənlərin olduğunu necə unutmaq olar?! Bütün bunlar hər birimizdən, özü də hər an Vətən üçün müsəlləh əsgər kimi səfərbər olmağı tələb edir.