Hüseynbala Mirələmov : “Demokratiya bizim öz seçimimizdir və kimsə də bizi bu istiqamətdə öz yolumuzdan, seçimimizdən geri döndərə bilməz”
“Azərbaycan ötən sonlarında tarixində ikinci dəfə müstəqillik əldə etdikdən, xüsusilə, mərhum dövlət başçısı Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan, o cümlədən, ölkə Prezidenti İlham Əliyevin 11 illik hakimiyyəti dövründə Azərbaycan xalqı və dövləti hüquqi, demokratik inkişaf, mülki vətəndaş cəmiyyəti quruculuğu yolunda böyük addımlar atıb. Ötən illər ərzində demokratiyanın inkişafı, bərqərar olması, eləcə də, demokratik təsisatların yaradılması istiqamətində uzun məsafə qət edən dövlətimiz bu yöndə böyük və ölçüyəgəlməz uğurlara imza atmağa nail ola bilib”. Bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Hüseynbala Mirələmov Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin Azərbaycanın GUAM ölkələri içərisində yeganə qeyri-demokratik ölkə olması ilə bağlı fikrinə münasibətini bildirərkən dilə gətirib. Onun sözlərinə görə, artıq dünyada inkişafın və demokratiyanın Azərbaycan modeli mövcuddur və bu model də aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, onların təmsilçiləri tərəfindən etiraf edilməkdə, təqdirlə qarşılanmaqdadır. Millət vəkili bildirib ki, özü də demokratik inkişaf, demokratik dövlət quruculuğu Azərbaycanın öz könüllü seçimidir.
“Biz bu yolu özümüz könüllü seçmişik, kimlərinsə kənardan məsləhəti, göstərişi və təsiri ilə seçməmişik. Demokratiya bizim öz seçimimizdir və kimsə də bizi bu istiqamətdə öz yolumuzdan, seçimimizdən geri döndərə bilməz. Demokratiya artıq bizdə geridönməz xarakter alıb. Məhz elə bunun nəticəsidir ki, bu gün dünyada inkişafın, çiçəklənmənin, tərəqqinin, demokratik dövlət quruculuğunun Azərbaycan modeli mövcuddur, hər kəs də bununla hesablaşır və hesablaşmalıdır”.
H.Mirələmovun bildirdiyinə görə, Azərbaycanda söz, mətbuat, ifadə, sərbəst toplaşma, vicdan azadlığı mövcuddur, insan hüquq və azadlıqlarının təminatı istiqamətində gərəkən bütün addımlar və atılmaqdadır.
Millət vəkili qeyd edib ki, Azərbaycan bu yöndə beynəlxalq qurumlar, o cümlədən, Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri bir-bir əzmlə yerinə yetirib və yetitməkdədir. “Bu istiqamətdə hətta, dünyanın söz sahibi olan bəzi dövlətlərinin qoşulmadığı, imzalamadığı beynəlxalq sənədləri və konvensiyaları belə ratifikasiya edib. Azərbaycanda çoxpartiyalı sistem var və bütün partiyalar üçün bütün bərabər hüquqlar və şərait təmin edilib. Heç bir müxalif partiyanın, fərqli dünyagörüşlü, inanclı insanların fəaliyyətinə hər hansı qadağa, məhdudlaşdırma qoyulmayıb.
Əksinə, bu gün ölkəmizdə hər bir partiya, müxalif şəxs öz sərbəst fikrini bildirməkdə azaddır, burada heç bir problem yoxdur. Partiyalara dövlət dəstəyi var, onlara maliyyə yardımı edilməkdədir. Həmçinin, bütün parlament, prezident və bələdiyyə seçkiləri demokratik, şəffaf şəkildə və alternativ əsaslarla keçirilib. Bütün partiyalara və namizədlərə öz namizədliklərini irəli sürmək, özlərini sınaqdan keçirmək üçün hər cür şərait yaradılıb.
Elə sonuncu prezident seçkilərində müxalifətdən, həmçinin, radikal müxalifətdən olan namizədlər iştirak ediblər və onların da heç birinə qarşı hər hansı məhdudiyyət qoyulmayıb. Ancaq bəziləri hələ də anlamır və anlamaq istəmirlər ki, Azərbaycana artıq kənardan inqilab-filan idxal etmək mümkün deyil. Bu cür cəhdlər zamanında olub, ancaq onların hamısının qarşısı Azərbaycan xalqı və dövləti tərəfindən alınıb. Çünki biz imkan verə bilmərik ki, Azərbaycan yenidən kimlərinsə eksperiment meydançasına, poliqonuna çevrilsin. Artıq Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarının - 90-cı illərinin əvvəllərinin Azərbaycanı deyil. Heç kim bizimlə artıq təzyiq, təhdid dilində danışa, bizə öz istəklərini diktə edə bilməz”. Millət vəkili eyni zamanda xatırladıb ki, Azərbaycan GUAM-ın yaradıcılarından, əsas söz sahiblərindədir.
“Əgər bu qurum bu günə kimi də ayaq üstə qalıbsa, burada Azərbaycanın rolu böyükdür və danılmazdır. Bununla belə, biz hər zaman GUAM çərçivəsində səmimi əməkdaşlığın, tərəfdaşlığın tərəfdarı olmuşuq və ötən illər ərzində də mövqeyimizdən bir an olsun belə geri çəkilməmişik. Eyni zamanda, GUAM ölkələrində yaşanan, baş verən daxili proseslərə qarışmamış və bundan sonra da qarışmayacağıq.
Çünki bu, onların öz daxili məsələləridir və biz də bir tərəfdaş ölkə kimi digər GUAM ölkələrinin məhz sabitliyində, inkişafında, əmin-amanlığında maraqlıyıq. Buna heç kimin şübhəsi olmasın. Ona görə indi Azərbaycanı GUAM ölkələri içərisində qeyri-demokratiklikdə ittiham etmək böhtandan savayı bir şey deyil, bu, sadəcə, xəstə təxəyyülün məhsuludur və biz də qətiyyən, belə şeylərə ciddi əhəmiyyət vermirik”- deyə, H.Mirələmov daha sonra sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu