Azərbaycanın gənc rəssamlarının Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİİM) nəzdindəki “Sozvezdiye” gənclərin yaradıcılıq klubu tərəfindən “Mixail Lermontov və Mirzə Fətəli Axundzadə Vətənə məhəbbət haqqında” adlı üç günlük ustad dərsi təşkil edilib. Ustad dərsinin finalı fevralın 28-də İçərişəhərdəki “Natəvan” rəsm qalereyasında keçirilib.
RİİM-in mətbuat xidmətindən verilən məlumata görə, həmin günlərdə gənc rəssamlarla “Azərbaycan İncəsənət Konsulluğu” təşkilatından olan ustadlar məşğul olublar. Bu il böyük rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi tamam olur. M.Y.Lermontovun Qafqazda yaratdığı ədəbi irsini öyrəndikdən sonra rəssamlarda poeziyanı və rəssamlığı birləşdirmək ideyası yaranıb.
Məlumdur ki, həmin dövrdə Mirzə Fətəli Axundzadə şairə böyük təsir göstərib. Iki şəxsiyyət – rus şairi və azərbaycanlı yazışı-dramaturq təkcə tanış deyil, həm də dost olmuşlar. Mirzə Fətəli Axundzadənin sayəsində M.Y.Lermontov Qafqazı, onun xalqlarını, adət və ənənələrini yaxından tanıyıb. Az adam bilir ki, M.Y.Lermontov Azərbaycan dilini öyrənməyə başlamışdı. Vaxt tapanda təkcə şeir yazmır, həm də Qafqaz mənzərələrini çəkirdi.
Qalereyada gənc rəssamların Mirzə Fətəli Axundzadənin və Mixail Lermontovun əsərlərinin motivləri əsasında çəkdikləri işlər nümayiş olunub.
Sərginin açılışında “Sozvezdiye” gənclərin yaradıcılıq klubunun rəhbəri Münəvvər Muxtarova, qalereyanın direktoru Natəvan Əliyeva və “Azərbaycan İncəsənət Konsulluğu”nun direktoru Dadaş Məmmədov çıxış ediblər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov deyib: “Bu gün biz Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuş silsilə yubiley tədbirlərinə başlayırıq. Onun Qafqaz haqqında əsərlərini biz hamımız məktəb proqramından bilirik. Şairi Qafqaz haqqında belə dahiyanə yazmağa ruhlandıran ilham mənbələrindən danışmaq üçün gərək bu yerlərdə olasan”.
S.ABDULLAYEVA