Silsilə tədbirlər davam edir
"Xocalıya ədalət" çərçivəsində keçirilən tədbirlər qanlı soyqırımın törədildiyi 26 fevral anım günündən sonra da davam etdirilir. Bu barədə Belçikanın paytaxtı Brüsseldən Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Türkiyədə yaşayan həmyerlimiz, Asif Qurban məlumat verib. O, deyib:
- Azərbaycanın Belçikadakı səfirliyi, Dünya Azərbaycanlıları Konqresi və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə paytaxt Brüsseldə keçirilən "Qafqazda və bölgədə erməni problemi" adlı elmi-praktiki konfrans Xocalı soyqırımının 22-ci ildönümündən bir neçə gün sonra keçirilsə də məqsəd bir idi: nə soyqırım faktı, nə də erməni təcavüzü heç vaxt unudulmamalıdır!
Tədbir Belçikanın aparıcı təhsil ocaqlarından biri olan "Brüssel Azad Universiteti"ndə baş tutdu. Konfransda çıxış edən səfir Fuad İsgəndərov mövzu çərçivəsində Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açdı. Xocalı qətliamını dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirdi.
Qafqaz məsələləri üzrə mütəxəssis, belçikalı araşdırmaçı Mişel İvor 20 ildən artıq bir müddətdə davam edən erməni işğalı, onun Azərbaycan və bölgə üçün ağır nəticələri haqda məruzə ilə çıxış etdi. Türkiyənin Dokuz Eylül Universitetinin professor Vəfa Qurban ermənilərin Osmanlı dövründən başlayaraq Türkiyədə törətdikləri cinayət və qətliamlar haqqında söz açdı. Millət vəkili Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəslə çatdırılmasının vacib olduğunu söylədi. O, Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd etdi, Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin daha əhəmiyyətli olduğunu vurğuladı.
Asif Qurban qeyd edib ki, tədbirdə Avropada fəaliyyət göstərən Azərbaycan-Türk diaspor qurumları, Belçikada təhsil alan tələbələr fəal iştirak ediblər. Qərara alınıb ki, belə tədbirlərin keçirilməsi davamlı olmalıdir. Biz bununla da Avropada Qarabağ münaqişəsinin elmi müstəviyə çıxarıb,problemin həllinə kömək edə bilərik və bu istiqamətdə fəallığımızı artırmalıyıq.
Asif Qurban təşkil etdikləri tədbirin uğurundan məmnunluğunu qeyd edərək bildirib ki, bu tipli tədbirlərin Avropanın mərkəzində keçirilməsi çox önəmlidir. Azərbaycan və Türkiyədən başqa Avropada, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən bu cür tədbirlər Avropada və dünyada bizə qarşı formalaşan ikili standart və düşüncələrin dağılmasına kömək edəcək.
Konfrans zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb.
Firəngiz AĞALAR