Əziz dost!
Bir-birimizi çoxdan, lap çoxdan tanıyırıq.
Hələ o vaxtlar Abşeron rayonu yenicə yaradılmışdı, səhv etmirəmsə, 1962-ci ilin dekabr ayında o vaxtkı Xırdalan qəsəbəsi mərkəz olmaqla Bakının, Sumqayıtın, Dəvəçinin (indiki Şabran rayonu) və Siyəzənin əkinçilik və heyvandarlıqla məşğul olan bir sıra qəsəbə və kəndləri bu yeni rayonun tabeçiliyinə verildi. Bu yeni rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt əhalisini tərəvəzlə və heyvandarlıq məhsulları ilə təmin etmək idi.
Bizlər də, yenicə ali təhsil alıb işə başlayan evsiz-eşiksiz cavanlar həmin rayonun təşkilatlarında müvafiq sahələrdə əmək fəaliyyətinə cəlb olunduq.
Mən əvvəlcə rayon komsomol komitəsində, sonra da Abşeron Rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışdım.
Sənsə yazıçı-jurnalist rəhmətlik Faiq Dərgahovun baş redaktorluğu ilə nəşr olunan "Abşeron" qəzetində işləməyə başladın və biz elə o vaxtlarda tanış olduq.
Abşeron Rayon Partiya Komitəsinin bacarıqlı və yaradıcı birinci katibi hörmətli Sadıq Murtuzayev biz cavanları cəsarətlə irəli çəkdi. Bakı şəhərində köhnə dalan evlərində kirayədə yaşayan bizlərə heç bir sənəd, arayış, qeydiyyat və s. bu kimi formal kağız-filan tələb edilmədən Xırdalanda yeni tikilmiş binalarda mənzillər verildi.
Sevincimiz yerə-göyə sığmırdı. Bəs necə, bizim də evimiz var, indi toy çaldırıb evlənə də bilərik...
Nə isə...Tanrı yaxşıları qorusun, yamanlıq şeytan işidir.
Sonrakı illərdə Xırdalandan pərvazlanıb Bakıya köçəsi olduq, yeni iş yerləri, yeni mənzillər və s.
Hələ o illərdə sənin bədii yaradıcılıqla məşğul olduğunu bilirdim. Bu fitri istedad sənin fədakarlıqla çalışdığın o zaman çox məşhur olan, əl-əl gəzən "Kirpi" jurnalının səhifələrində özünü göstərdi "Məmməd Əfsan" imzası yayıldı, möhkəmləndi...
Sən yazıb-yaratmaqdan yorulan kişilərdən deyilsən, çoxlarına bivəfa çıxan (və ya qələmdaşın vəfasız çıxdığı) qələm həmişə səninlədir və şübhəsiz ki, yazdığın şeirlər, hekayələr, oçerk və felyetonlar (son zamanlar felyeton janrı tamam unudulub...), nəhayət nəşr etdirdiyin 20 kitab sübut etdi ki, sən vəfalı kişisən, dosta da, tanışa da, qələm-dəftərə də vəfalısan...
"Mən görən kişilər", "Bir ömrün dastanı", "Özüm və sözüm" və digər kitablarını oxumuşam. Açığını deyim ki, bioqrafik romanlar necə deyərlər, səndə alınır, oxunaqlı, aydın dillə yazırsan, yazdıqlarına inanırıq, bəzək-düzəkdən uzaqsan.
Mən bu yazımda sənin məşhur iqtisadiyyat alimi, bacarıqlı təşkilatçı və kamil bir şəxsiyyət kimi ölkəmizdə hörmət, ad-san qazanmış Əhməd Mahmudovun şərəfli ömür yolunu işıqlandıran "Zirvə" kitabın ("Sivil-A" nəşriyyatı, 2013-cü il) haqqında bir az geniş danışmaq niyyətindəyəm.
Qədim və ulu diyarımız Naxçıvanın səfalı, axar-baxarlı Şahtaxtı kəndində Kəblə Əkbərin ailəsində dünyaya göz açan Əhməd Mahmudov allı-güllü bir yaz günündə - "Ayların gözəli" may ayının 25-də, 1923-cü ildə dünyaya gəlişiylə ata ocağını daha da işıqlandırıb. Anası Fatma xanımın şirin-şəkər laylası, atası Kəblə Əkbərin mülayim və mehriban səsi balaca Əhmədin bütün varlığına hakim kəsilib.
Əhmədin uşaqlıq, gənclik vaxtını, məktəb illərini elə şirin dillə təsvir edirsən ki, istər-istəməz bizləri kövrəldirsən, duyğulandırırsan, ruhumuzu yerindən oynadıb xəyallara qərq edirsən:
"...…ay-aya bağlanıb, il-ilə calandı. Əhməd də həyət-bacaya çıxıb, həmyaşıd uşaqlara qoşulub, sərçə balaları kim civildəşə-civildəşə gah kəndin ayağındakı nohurluğa enər, gah da kəndin yuxarı başındakı soyuq kəhrizin tər-təmiz suyuna üz qoyub, doyunca içərdin..." yazırsan.
Yeri gəlmişkən, sən kənd həyatını əla bilirsən, desəm, məncə, düz olar, qardaşım Məmməd!
Aşağıdakı cümlələrdə çoxlarının (mən də daxil olmaqla) bilmədiyi xalq dilindən gələn nə qədər cazibəli, az işlənən ifadələr var: "Kənd həyatının yay dövrü çox haylı-küylü, qalmaqallı keçir.
Kişilərin bir hissəsi səhər tezdən taxıl biçininə gedir. Bütün günü zəmilərdə əyilə-qalxa taxıl biçir, bafa qurur, bəndəm eşir, dərz bağlayır və həmin dərzləri də pencəyə vurub arabalarla xırmana daşıyırdılar".
Açığını deyim ki, "bafa", "bəndəm", "pencəyə vurmaq" ifadələri elə mənim üçün də tam aydın olmadığından sənə zəng edib, aydınlaşdırdım.
Sən balaca Əhmədin birinci sinfə getdiyi gündən ta orta məktəbi qurtaranadək unudulmaz şagirdlik illərini, maraqlı əhvalatlarla zəngin olmuş o əlçatmaz, ünyetməz çağları nağılvari bir dillə canlandırmağı bacara bilmisən - sanki sən özün də Əhmədə qoşulub o illərin şagirdinə çevrilmisən...
Orta məktəbi başa vurub, Bakıda, Tibb İnstitutunda həkimlik sənəti öyrənmək eşqiylə yaşayan Əhməd hardan biləydi ki, onu qarşıda nələr gözləyir.
Elə o vaxtlarda Hitler müharibəsi başlandı, çox şey yarımçıq qaldı, dünya dəyişdi, milyonlarla insanın arzusu yarı-yarımçıq qaldı...
Gənc Əhməd Mahmudov artıq əsgər idi, döyüşən Sovet ordusunun sıravi əsgəri...
Əzizim Məmməd, sən kitabda Böyük Vətən Müharibəsi ilə bağlı xeyli sayda tarixi sənədlərə, faktlara əsaslanaraq özünəməxsus təhlillər aparmısan, maraqlı məlumatlar vermisən, məşhur hərbi kəşfiyyatçı Rixard Zorgedən tutmuş, Uzaq Şərq cəbhəsinədək baş vermiş əhvalatları ustalıqla şərh etmisən və bu ağır müharibə yollarında Əhməd Mahmudovun həyat lövhələrini, real fakt və dəlillərlə oxuculara təqdim etmək bacarığını göstərmisən.
Tarixi qələbəmizdən sonra (bu böyük qələbədə 1943-cü ilin 18 oktyabrında Oryol şəhəri ətrafında döyüşlərdə 34 yaşında həlak olmuş mənim atam -baş leytenant, Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə namizəd Yaqub Məmmədovun da payı var desəm, məncə yerinə düşər, düz olar!) Əhməd Mahmudovun "Qızıl attestat"la o vaxtkı Xalq Təsərrüfatı İnstitutuna daxil olması, acılı-şirinli tələbəlik illərinin təsvirini həyəcansız oxumaq qeyri-mümkündür.
İnstitut illərində Əhməd Mahmudov özünün zəhmət və istedadı ilə, təşkilatçılıq qabiliyyəti ilə hamıdan seçilirdi. Üçüncü kursda oxuyanda institut həmkarlar təşkilatının sədri seçilmişdi.
Müharibədən sonra Əhməd Mahmudov Moskvaya - aspiranturaya oxumağa yollanır və sən də elə bil ki, o illərin sevdalı qatarları ilə gənc Əhmədlə bərabər yol gedirsən...
Sən Əhməd müəllimin Moskva həyatını - aspirantura illərini də bacarıqla təsvir etməyə çalışırsan və əsasən ən maraqlı, ən yaddaqalan əhvalatlarla bizləri tanış etməyə gücün çatır.
Əhməd müəllimin Moskva günlərinin ən qiymətli tapıntısı - tale qisməti haqqında da bizlərə maraqlı xəbər verirsən:
"Əhməd Mahmudovun Moskvada qazandığı sədaqətli və ləyaqətli dostları çox idi. Onların arasında dünyaşöhrətli insanlar da vardı, sadə adamlar da. Bu sadiq dostların biri də, sonralar ömür yoldaşı olmuş Zinada Mahmudova idi...
Bu dostluq sonralar büllur kimi saf məhəbbətə çevrilib və hər ikisi dünyadan köçənədək bu ülvi məhəbbəti gözlərində, könüllərində yaşadıblar!"
Əhməd Mahmudovun əsl elmi-yaradıcı həyatı onun Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlk etdiyi illərə sıx bağlıdır.
Bu illər həm də ona görə maraqlı və tarixi illər idi ki, ulu rəhbərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi və böyük iqtisadi-mədəni-sosial quruculuq işlərinə start verilmişdi, respublikamızda yeni ab-hava yaratmışdı, əsl yüksəliş, tərəqqi işlərinə qədəm qoyulmuşdu.
Sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəni quruculuq və digər sahələr sürətlə inkişaf etməkdə, Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl regionlarından birinə çevrilmək yollarında uğurlu addımlar atmaqda idi.
Məmməd müəllim, unudulmaz Heydər Əliyevin başçılğı altında Azərbaycanda həyata keçirilmiş böyükmiqyaslı tədbirlərin geniş coğrafiyasını açığı deyim ki, çox dəqiq faktlarla, dəlillərlə göstərə bilibsən.
Əlbəttə, bu işdə sənin mövqeyin də mühüm rol oynamışdır desəm, yerinə düşər. Çünki sən özün də aydın, açıq adamsan, dumanlı, şübhəli, qeyri-müəyyən niyyətlərdən, məqamlardan çox-çox uzaqsan..
Sən də akademik Əhməd Mahmudov kimi ən çətin və mürəkkəb dövrlərdə ulu öndərimizin siyasi xəttini müdafiə edən dəmir iradəli insanlarla bir sırada olmusan, bu faktdır, mən bu keyfiyyətlərin, əqidənin şahidiyəm.
Sonrakı illərdə, daha doğrusu milli düşmənimiz Qorbaçovun "yenidənqurma" hoqqası dövründə, Qarabağ hadisələrinin başlandığı, xalq hərəkatının sürətlə yayıldığı - xalq cəbhəsi adlanan yeni bir dalğanın ölkəni bürüdüyü zamanlarda da akademik Əhməd Mahmudov müvazinətini bir an belə itirməmiş, xalqın iradəsi naminə hər cür maneləri cəsarətlə dəf etməyi bacarmışdır.
Əhməd müəllimin Qorbaçova sərrast cavabı, iqtisadçı şovinist Aqambekyanla şəxsi söhbəti oxucunu dərindən düşündürür.
Millətçi Aqambekyanın "güclə görünən gözlərinə" nifrətlə baxan Əhməd müəllim onu tarixi dəlillərlə az qala sillələyir: "Siz yaxşı iqtisadçı olsanız da, tarixi bilmirsiniz. Məhz buna görə də həqiqəti təhrif edirsiniz. Belə olmasaydı, indi Ermənistan adlandırılan Qərbi Azərbaycanın da, Dağlıq Qarabağın da əbədi və əzəli Azərbaycan torpağı olduğunu bilərdiniz..."
Əlbəttə, sən akademik Əhməd Mahmudovun kölgəsini qılınclayan, nadürüst, şərəfsiz adamları da unutmamısan, belələrinin mənfi obrazları bu qiymətli kitabda qara tüstüyə dönüb uçub dağılır.
Çox yaxşı iş görübsən ki, antipod elementlərin, qəlbiqara, bədniyyət adamların aqibətini bizlərə çatdıra bilmisən. Antipod alaqotu kimidir, ha qızırsan, yenidən cücərir. Belələrini görünməz kökündən qaşıyıb zibilxanalara tullamaq gərəkdir.
Akademik Əhməd Mahmudovun həyat səhifəsinin bütün incəliklərini, onun dəruni dünyasının geniş mənzərəsini məharətlə, ustalıqla təsvir edə bilmisən, Məmməd müəllim:
- "Axı insanlar vəzifə, kreslo, hakimiyyət üçün niyə bir-birlərinin qəsdinə dururlar, görəsən?"
- "Həyata, idarəçiliyə, insanlara rəhbərlik etməyi bu sayaq yad ünsürlərə vermək cinayətdir".
- "Hamı dönüb olub yalançı, yaltaq, məddah, ikiüzlü, şərəfsiz və vecsiz bir şey..."
- "Məhz yaxşı adamları pis adamlardan fərqləndirə bilmədiyimizə görə, nəyin hesabınasa bir gədanı (mən belə gədaları çox görmüşəm.
Belə bir gədanı 5-6 il qabaq mənim sektor müdiri işlədiyim Fonda rəhbər təyin etdilər və o kəs məni otağına dəvət edib buyurdu ki, ta səninlə işləmək istəmirəm.
Mən etiraz etmədim. Həmin müdirdən xahiş etdim ki, oturduğum kabinetdəki kağız-kuğuzlarımı yığışdırıb bir gün sonra - yəni sabah çıxım gedim, bu gün bir tədbirdə iştirak etməliyəm. O, isə köməkçisinə deyib ki, yox, olmaz. Ramiz elə bu gün otağı boşaltmalıdır…
...Keçən ilin yazında həmin o antipodu vəzifədən qovdular...
Dünya yaxşı adamların çiyinləri üstə qərar tutub -deyənlərə salam olsun!-R.M.)
Kitabda Əhməd müəllimin həqiqi dost, ideal ailə başçısı, işgüzar təşkilatçı, mükəmməl elmi biliklərə, aydın zəkaya, saf, təmiz əqidəyə, inama, birmənalı mövqeyə malik müdrik bir şəxsiyyət kimi yadda qalmasına dair geniş məlumatlar verilir, təhlillər aparılır.
Bir sözlə, Məmməd müəllim sən uşaqlığı və ilk gəncliyi qədim Naxçıvanın uzaq Şaxtaxtı kəndindən başlamış bu qüdrətli iqtisadçı alim, bu bütöv kişi haqqında süni boyalardan uzaq, çəmən çiçəkləri təki təbii, çox sanballı bir kitab bağlaya bilibsən, cəmi 66 il ömür görmüş bu nəcib insanın nurlu siması bu kitabın hər səhifəsindən boylanmaqdadır.
Əhsən deyirəm sənə, zəhmət çəkib faydalı, yaddaqalan bir iş görübsən dostum, qardaşım Məmməd.
Mən "Zirvə" kitabı barədə fikirlərimi sənə çatdırmaq və yazıya nöqtə qoymaq istərkən belə bir qənaətə gəldim ki, akademik Əhməd Mahmudovun oğlu - Milli təhlükəsizlik nazirimiz general leytenant Eldar Mahmudovla bağlı bir neçə söz deməyim də yerinə düşər. Hardasa on neçə il əvvəl Nazirlər Kabineti Aparatında bir yerdə çalışdığım, Əhməd Mahmudovla əmiuşağı olan, ailəvi dostum Əsgər Mahmudov və onun həyat yoldaşı Texniki Universitetin müəllimi Solmaz xanım qısa bir vaxt arasında vəfat etdilər. (Allah o mehriban insanlara rəhmət eləsin!).
O dövrdə elə bir vəzifə sahibi olmayan Eldar Mahmudov hər iki mərhumun dəfn mərasimini qaydasınca təşkil etdi, zəruri qəbirüstü əməliyyatların icrasını həyata keçirdi. Var olsun!
İndi məşhur akademik Əhməd Mahmudovun odusönməz ocağını onun nəslinə, adına, şöhrətinə, milli qüruruna layiq, dövlətçiliyimizin daha da qüdrətlənməsi yollarında bacarıqla çalışan sədaqətli bir Vətən övladı - hörmətli Eldar Mahmudov işıqlandırır.
3 mart 2014
Şüvəlan