Budəfəki müsahibimiz ANS TV-nin simalarından olan "Salam, Azərbaycan" proqramının aparıcısı, son vaxtlar yaddaqalan bəyanatlar verən, dilinin bəlasına düşüb ustalıqla çıxmağı bacaran, ANS -in xarizmatik və emosional əməkdaşı Aytən Səfərovadır. Onunla məhz ANS-çilik, jurnalist olmağın üstünlükləri və çətinlikləri barədə qısaca sorğu-sual etdik.
-Aytən xanım, neçə ildir ANSdəsiniz?
-Bu il 18 olacaq.
- Bu illər ərzində Sizinlə birlikdə neçə jurnalist həmkarınız çalışıb. Onların bir çoxu indi müxtəlif vəzifələrdədir. Kimsə millət vəkilidir, kimsə məmur, kimsə daha böyük və ya daha kiçik vəzifəyə gedib...
- Sözsüz ki, keçmiş həmkarlarımın uğurlarına sevinirəm, amma mənim üçün jurnalist olmaq, xüsusilə də ANS-də, hər vəzifədən ən azı bir baş üstündür. Bir də ki, həmin məmur və ya millət vəkillərindən fərqli olaraq mən daim xalq içindəyəm. Yəni söz verib aradan çıxmıram, xalqın da güzəranından xəbərdaram.
-Doğrudan, bəs, Siz niyə indiyədək ANS-i tərk etməmisiniz? Maraqlı və ya sərfəli təklif gəlməyib, yoxsa...
-Yoxsa! Vəssalam.
-Yaxşı... Amma razılaşın ki, indi jurnalist olmaq daha çətindir. Əvvəllər sanki bütün qapılar açıq idi, indi isə jurnalistlərə elə bil yuxarıdan aşağı baxırlar...
-Razıyam.
-Sizcə, nədəndir və ya kimdəndir?
-Hamısı zəmanədəndir. Əslində isə burada həm jurnalistin, həm də qapını onun üzünə bağlayanın da "əvəzsiz xidmət"i var. İndi yoldankeçən də gəlib deyir ki, "jurnalist"əm. Bizim vaxtda aparıcı olmaq üçün nə qədər çətinliklərdən keçmək lazım idi. İndi hamı efirdədir. Bir dəfə müsahibəyə getmişdim. Dövlət tədbiri idi və orada başqa jurnalistlər də var idi. Adətən, əksəriyyət gözləyir ki, birinci ANS-in müxbiri sual versin, başqaları da sadəcə, mikrofon tutsun. Mən də qəsdən mikrofonu nazirə tərəf uzatdım və pauza saxladım. Sakitlik.
Və bir həmkar TV-dən xanım həmkarım başladı sual verməyə. Onun sualını eşidəndə və məmurun buna reaksiyasını görəndə, anladım ki, hər kəs jurnalist ola bilməz. Boyat və kif atmış mövzuya dair sualı verən, Qriqi bəstəkar yox, ördək növü kimi təqdim edən, yaxud hansısa məqsəd naminə onu-bunu "söyən" "jurnalist"ə kimin hörməti ola bilər ki?
Qurular indi çoxdur jurnalistikada. Yaşlar da onların badına gedir...
Bu, məsələnin bir tərəfi. Medalın o biri tərəfinə baxanda, anlayırsan ki, Azərbaycanda məmur cəzasızlığı var. Məmura müraciət edəndə əksər hallarda "get kimə və hara istəyirsən şikayət elə" cavabını eşidirsən.
Hansısa nazirliyin nümayəndəsini axtarırsan.. Naziri tapmaq mətbuat katibini tapmaqdan da asandır, sadəcə, nazir də səni tapa bilmədiyin həmin mətbuat katibinə istiqamətləndirir ki, nəticədə də olur süründürməçilik. Əvvəllər belə deyildi...
-İndi siz "Salam, Azərbaycan" layihəsinin rəhbəri və aparıcısınız. Səhər tezdən oyanmaq çətin deyil?
-Çətin olmağına haradasa çətindir, lakin mən artıq öyrəşmişəm. Mən uzun müddət ANS ÇM radiosunda da məhz səhər proqramının aparıcısı idim, ona görə də, günorta işə gələnlər mənə qəribə görünürlər.
Doğrudan da, tez duran uduzmur.
- Bəs, tez evlənən?
- Evlənməyə gəldikdə, bir müdrik demişdi ki, hər iki halda təəssüflənəcəksiniz nə vaxtsa - evləndiyinizə və subay qaldığınıza.
Ona görə, tez evlənəni deyəmmərəm.
-Ev və iş. Hansına daha çox vaxt ayıra bilirsiniz?
-Hər ikisi balanslaşdırılıb. ANS-də dəqiq iş qrafiki var. İşdən vaxtında gedəndə heç kim səni saxlaya və ya qaytara bilməz geri. Hansısa fövqəladə hal istisna olmaqla. Mən sosial şəbəkələrdə aktiv yuzerəm.
Mənim folloverlərim şəkillərdən də gözəl bilirlər ki, ailəmə vaxt ayırmağı bacarıram. Amma ANS-də bir növ ailəmdir. İki ailəm var desəm, bəlkə də yanılmaram.
- İndi aparıcıların əksəriyyəti 90-60-90 standartına salınıb. TV məkanında yeganə aparıcılardansınız ki, bu ölçülərə uyğun gəlmirsiz..
-Bunun nəyi pisdir ki? Başqaları bir-birindən fərqlənmir, mənsə fərqlənirəm. Standartdankənar olmağı uşaqlıqdan sevmişəm. Hamı 90-60-90-dırsa, mən onlardan böyüyəm. 900-600-900 olmağın da öz gözəlliyi var. Amma ən əsas fərqim - başdır.
-Necə yəni?
- Bir az yekəbaşlıq kimi çıxmasın, amma başlarımız da fərqlidir. Yəni mən nəsə deyəndə eşidirəm: "bu qızın başı var da"...
- Amma elə vaxt olur ki, bəyanat verirsiniz, amma sonra çıxıb üzr istəməli olursunuz. Niyə belə olur Sizdə, Aytən xanım?
-Bəzən bu bəyanatları verəndə mən jurnalist kimi yox, qadın kimi düşünürəm. Bilirsiniz qadın və kişilərin fərqi nədədir? Kişilər düşünür, sonra bəyanat verirlər. Qadınlarda isə əksinədir. Əvvəl bəyanat verirlər, sonra düşünürlər. Məndə də çox vaxt verdiyim bəyanatlar buna əsaslanır. Sonra fikirləşirəm və üzr istəyirəm.
Halbuki, kiminsə, xüsusilə də, sadə, sizin, mənim kimi insanların xətrinə dəymək istəmirəm. Əsla. Həm də səhvlərimdə öyrənirəm. İnsan ömrünün sonunadək öyrənir.
- Dediniz ki, "qadın kimi"... Sizcə, kimə daha asandır - qadın, yoxsa kişi jurnalistə?
- Düzgün sual deyil, məncə.
- Niyə?!
-...çünki jurnalistin erkəyi-dişisi olmur!