Son illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr Qurumunun səyi nəticəsində Universitet bir çox xarici ölkələrdə tanınıb, ali məktəblərlə qarşılıqlı əlaqələr yaradıb, müştərək elm , təhsil və mədəniyyət sahəsində əməkdaşlıq mübadiləsi həyata keçirib. Bunlardan Böyük Britaniya Kampus Suffolk Universiteti, Polşa Respublikasının Qdansk Dövlət Rəssamlıq Akademiyası, Batumi Dövlət Mədəniyyət və İncəsənət Universitetini və s. göstərmək olar.
Novosibirsk şəhərinin "Rus-Azərbaycan evi" tərəfindən həyata keçirilən layihə çərçivəsində Novosibirsk Dövlət Teatr İnstitutunun tələbə və müəllim heyəti Azərbaycana gəlib. Bu institutun 4-cü kurs tələbələri tərəfindən səhnələşdirən "Arşın mal alan" operası Musiqili Komediya Teatrının səhnəsində nümayış olundu. Dahi Uzeyir Hacıbəylinin ölməz əsəri Novosibirsk Teatr İnstitutunun dosenti, sənətşünaslıq namizədi A.V.Arxeyevin quruluşunda təqdim olundu.
Bu gün bu ali məktəbin professor-müəllim heyəti və bir qrup yaradıcı tələbələri ilə işgüzar görüş keçirildi. Xalq artisti Cənnət Səlimova, Əməkdar incəsənət xadimləri Fikrət Sultanov, Oqtay Babazadə, prorektorlar Çingiz Bağırov, Rafiq Sadıqov və Gülşən Əliyeva çıxış edərək institutun kollektivini salamladılar, böyük yaradıcılıq uğurları diləyərək, onları ölkəmizdə görməklərinə şad olduqlarını bildirdilər. Ölkəmiz, müasir şəhərimiz haqqında yüksək təəssüratda olan qonaqlar universitetin tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılandı. Yaradıcı söhbətlər, təcrübə mübadiləsi gələcək planlarla bağlı danışıqlar aparıldı, müqavilələr imzalandı.
ADMİU-nun tədris teatrında Novosibirsk universitetinin 4 kurs "Dram-teatrı və kino aktyoru" ixtisasının tələbələrinin ifasında konsert proqramı nümayiş olundu.Tamaşa böyük uğurla qarşılandı.
Qeyd etmək lazımdı ki, ADMİU-da Beynəlxalq Əlaqələr üzrə qurum bir neçə il əvvəl yaradılıb və bu qurum fəaliyyəti boyu istər Avropa, istərsə də Şərq ölkələrinin təhsil qurumları ilə məqsədyönlü əlaqələr yaradıb. Ümumiyyətlə, Mədəniyyət və İncəsənət Universiteti respublikamızın incəsənət təmayüllülər sırasında ilk təhsil ocağıdır ki, hələ 2002- ci ildə Avropa İncəsənət Universitetlər Liqasının üzvü olub. Bu qərar 26 oktyabr 2002 - ci il tarixdə LİQA - nın Baş Assambleyasında qəbul edilib və elə həmin il Universitet Beynəlxalq Universitetlər Birliyinə qoşulub.
Bu illər ərzində Universitet 22 xarici ölkənin 46 ali məktəbi ilə sıx əlaqə yaradıb və 25 ali məktəblə müştərək təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq mübadiləsi həyata keçirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Türkiyənin Memar Sinan Universiteti ,Trakiya Universiteti , Süleyman Dəmirəl adına Sparta Universiteti , Sakarya Universiteti , Beykənt Universiteti , Kültür Universiteti , Erciyes Universiteti , Hacıtəpə Universiteti, İranın Azad İslami İncəsənət Universiteti , Tehran incəsənət Universiteti , Misirin Hilvan Universiteti , İskəndəriyyə Universiteti , Qahirə Universiteti ,Gürcüstanin Şota Rustavelli adına Tiflis Teatr və Kino Universiteti, Batumi Dövlət İncəsənət Universiteti, Rusiyanın Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti , Sankt-Peterburq Dövlət Teatr İncəsənəti Akademiyası, Sankt Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universiteti , Bolqarıstanın Bolqarıstan Milli Bədii Akademiyası , Bolqarıstan Teatr və Kino Akademiyası, Ukraynanın Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti , Lvov Milli Rəssamlıq Akademiyası, Slovakiyanın Nitra Filosof Konstantin Universiteti, Qazaxıstanın Qazaxıstan Milli İncəsənət Universiteti, Polşanın: Qdansk Dövlət Rəssamlıq Akademiyası ilə əməkdaşlıq haqqında müqavilələr bağlayıb, mütəmadi əlaqə saxlayır, onlarla birlikdə layihələr hazırlayır.
Novosibirsk Dövlət Teatr İnstitutunun bu layihəsi teatr ölkəmizin mədəni-ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Bu nəcib təşəbbüs, Azərbaycan musiqisinə olan məhəbbət qarşılıqlı ehtiramla müşayiət olundu.
Gündüz ƏLİYEV