Bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə tamaşaçılara təqdim olunub. Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Hafiz Quliyevin quruluş verdiyi tamaşada bu dəfə Soltan bəy obrazı Xalq artisti Ramiz Əzizbəyliyə həvalə edildi. Soltan bəy obrazını özünəməxsus tərzdə tamaşaçılara təqdim edən xalq artistinin səhnə performansı tamaşa boyu izləyicilər tərəfindən alqışlarla müşayiət olundu. Üzeyir Hacıbəylinin bütün əsərlərinin dəyərli və sayılıb-seçilən olduğunu, pedaqoji fəaliyyətində mütəmadi olaraq Üzeyir Hacıbəyliyə müraciət etdiyini deyən R. Əzizbəyli “Arşın mal alan” da rol aldığı üçün qürur hissi keçirdiyini dedi:
“Üzeyir Hacıbəylinin zəif əsəri yoxdur, bütün əsərləri dəyərlidir, sayılıb- seçiləndir. Üzeyir bəyin “Arşın mal alan” və eləcə də başqa əsərlərini digər səhnə əsərlərindən fərqləndirən cəhət odur ki, bu əsərlər heç vaxt repertuardan düşmür. Bu əsərlər incəsənət, teatr xadimlərinin, teatrsevərlərin, teatr tənqidçilərinin həmişə diqqət mərkəzində olmaqla yanaşı, həm də Azərbaycan xalqının qürur yeri olub və olacaq. Bu əsər insanları insanlığa səsləyir. Mən bunu bu cür qiymətləndirirəm. Bu o deməkdir insanların bir yerdə yaşaya bilmə qabiliyyətinin mənəvi bünövrələrindən birini qoyub Üzeyir bəy. Mən bir kafedra müdiri kimi pedaqoji fəaliyyətimdə də hər zaman Üzeyir bəyə müraciət edirəm. Ən çox təbliğ etdiyim sənətkarlardan biridir Üzeyir bəy. Mən həm bu sahənin təbliğatçısı, həm peşəkar rejissor işinin tədris edən müəllim, həm də bir aktyor kimi fəxr edirəm ki, Soltan bəy obrazını oynamaq mənə nəsib oldu”.
Sənətkar Soltan bəy obrazını hələ illər öncə oynamalı olduğunu, lakin rejissorun təklifi səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq səhnə fəaliyyətini dayandırdığı illərə təsadüf etdiyi üçün baş tutmadığını bildirdi: “Opera və Balet Teatrında “Arşın mal alan” əsəri çox oynanılıb. Teatrın baş rejissoru, bizim çox istedadlı rejissorlarımızdan olan Hafiz Quliyev neçə il bundan əvvəl Soltan bəy obrazında oynamaq üçün mənə müraciət etmişdi. Hətta hörmətli nazirimizin “Arşın mal alan”ı yeni quruluşda səhnəyə çıxarmaqla bağlı söhbətləri olmuşdu və ad çəkilmişdi ki, Soltan bəyi Ramiz Əzizbəyli oynasın. O zamanlar mən ağır xəstə idim. Mənim səhnəyə çıxmağımın mümkünsüzlüyünü görəndə istedadlı, sevimli sənətkarımız Yaşar Nuriyə verildi bu rol. O da bu rolun öhdəsindən çox layiqincə gəldi. Yeri gəlmişkən mən çox təəssüf edirəm ki, Yaşar Nuri bu günlər səhhəti baxımından çox ağır günlər yaşayır. Allah onun şəfasını versin. Bu gün Yaşar Nurinin səhnəyə çıxmaq imkanı yoxdur. Amma bizlər Üzeyir bəyi yaşatmalıyıq axı. Onu repertuardan çıxartmaq olmaz. Hafiz Quliyev mənə yenidən Soltan bəy rolunda oynamaq üçün müraciət edəndə bütün qəlbimlə razılıq verdim və biz məşqlərə başladıq. Bilirsiniz ki, hazır kollektivin içərisinə girmək bir qədər çətindir. Onlar artıq tamaşanı bişiriblər və sən gəlib bir xam material kimi düşürsən onların arasına. Amma elə ilk məşqlərdə mənim səhnə performansım gözlərdə qığılcım yaratdı. Tərəf müqabillərimin hər biri mənə ustad sənətkar kimi birinci gündən necə münasibət göstərmişdilərsə, sona qədər də o hörmət və izzəti saxlayırlar”.
Səhnədə özünü məhz Soltan bəy kimi hiss etdiyini deyən xalq artisti, obraza həm də rejissor gözü ilə baxdığını qeyd edir:
“Tamaşada mən özümü Soltan bəy kimi hiss edirdim. Adətən peşəkar aktyor rolu öz xarakterinə uyğunlaşdırmamalı, əksinə, məhz obrazın həyatını yaşamalıdır. Mənim nəzərimdə Üzeyir Hacıbəyliyə hardasa əgər belə demək olarsa, bir büt kimi yanaşıldığı üçün Soltan bəyin xarakterindəki bəzi xırdalıqlar hələ bu vaxta qədər açılmamışdı. Zənnimcə mən onlardan bir neçəsini aça bildim. Doğrudur, həm sənətkarlıq nöqteyi- nəzərindən, həm də tamaşaçılarımızın fikri Soltan bəyə qarşı qəfildən dəyişməsin deyə mən də bu surətə ehtiyatla yanaşmışam. Ehtiyatla yanaşmağıma baxmayaraq tamaşaya baxan peşəkar sənətkarlar, teatr tənqidçiləri hamısı yaxşı mənada öz yerimdə olduğumu vurğulayıblar. Tamaşada hər hansı bir obrazı oynayan aktyorun müəyyən mənada cüzi miqdarda müdaxilə etmək ixtiyarı var,təbii ki, əsas fikirdən uzaqlaşmamaq şərtilə. Mən də tamaşada bunu etməyə çalışırdım. Həm də etdiyim müdaxiləni rejissorun icazəsi ilə edirdim. Fikirləşdim ki, əgər bunu quruluşçu rejissor qəbul edirsə, deməli tamaşaçı da qəbul edəcək. Mən oynadığım Soltan bəy digərlərindən fərqli idi. Bəlkə də ona görə ki, mən özüm də rejissoram və obraza həm də bir rejissor gözü ilə baxmışam”. Rejissor-aktyor heyətinin işinin əsas məqsədinin xalqı maarifləndirmək olduğunu deyən aktyor, teatra olan marağın azalması və gənc nəslin ciddi əsərlərə az maraq göstərməsi ilə bağlı fikirlərini bildirib: “Bu peşənin ən birinci məqsədlərindən biri xalqı maarifləndirmək, məlumatlandırmaqdır. Əyləndirmək bu işin sonuncu dərəcəli tərəfidir. Biz gərək yeni tamaşaçımızı maarifləndirək, inandıraq, onlara nüfuz etməyi bacaraq ki, onlar bizə etibar edib ardımızca gəlsinlər. Əslində teatra cəmiyyətimizdə marağın azalmasını Azərbaycan mədəniyyətində bizdən asılı olan və olmayan səbəblərə ayırıram. Cavan sənətçilər indi çox ciddi əsərlərə az maraq göstərirlər. Çünki ciddi əsərlərdə böyük əmək var. Zəhmət, savad, istedad tələb olunur. Əgər bir mahnı ilə çıxıb səhnədə tamaşaçının rəğbətini qazanmaq mümkündürsə əlbəttə ki, gənclər buna qaçacaqlar. Amma o sənətkarlar da müəyyən illər keçəndən sonra, yaşa dolan məqamda, dərk edəndən sonra ki, ciddi sənət nə deməkdir özləri də də artıq böyük səhnə axtarmağa başlayırlar. Çox qəribədir əvvəllər rütubətli, kif basmış divarlar arasında aktyorlarımız çox böyük həvəslə işləyirdi. O incəsənət xadimlərinin bu həvəsinə görə bizim teatrımız inkişaf etdi. Ulu öndər elə bir elm, mədəniyyət adamı yox idi ki, onu dəyərləndirməsin. Prezidentimiz də teatrlarımızın çox yüksək səviyyədə təmir olunması üçün vəsaitlər ayırır, sənət adamlarını daim diqqətdə saxlayır”.
Rejissorun geniş tamaşaçı kütləsini öz konseptual iradəsinə, rejissor fikrinə tabe etməyi bacaran yaradıcı şəxs olduğunu deyən sənətkar düşünür ki, rejissor heç vaxt “tamaşaçı belə istəyir “in ardınca getməməlidir: “Bizim sənətimiz buna xidmət edir . Mən səhnəyə çıxanda Soltan bəy obrazına, həm aktyor Ramiz Əzizbəyli kimi, həm də tamaşanı özüm qoymuş kimi rejissor Ramiz Əzizbəyli kimi yanaşmışam. Düşünürdüm ki, tamaşanın bu yerində görəsən tamaşaçı nə əldə etdi, söylədiyim bu söz onun ruhuna sirayət etdi ya yox. Mən bizim tamaşaçımızın həddindən artıq ağıllı olduğuna, müəyyən nəticə çıxarmağı bacardığına şübhə etmirəm. “Arşın mal alan” da belə bir səhnə var ki, qızın “hə”sini verəndə Soltan bəy çölə çıxıb görür ki, Əsgər bəyin nökəri öz- özünə çırtıq çalıb oynayır. Orda mən, yəni Soltan bəy soruşur ki, -Süleyman bəy Əsgər bəy budur? Bax bu bir tapıntı idi. Baxmayaraq ki, Soltan bəy müflisləşmiş bəydir, onun heç nəyə imkanı çatmır, bununla belə o öz bəyliyini saxlayır”. Son zamanlar köhnə aktyor nəslinin nümayəndələrinin səhhətlərində yaranan problemlərin ona çox pis təsir etdiyini bildirən R. Əzizbəyli gələn yeni nəslin formalaşıb, bərkimədiyi bir zamanda bu cür sənətkarlara hələ ehtiyac olduğunu deyir. Yerli seriallar haqqında da öz fikrini bildirən əməkdar artist kino sahəsində cılızlaşma getdiyini və Azərbaycanda rejissor qıtlğı olduğunu vurğulayıb:
“Kinomuzda cılızlaşma gedir. Film çəkən rejissorlar bilmirlər, film nə deməkdir, serialın mahiyyəti nədir. Məni bir neçə dəfə dəvət ediblər, ancaq bəyənmədiyim üçün getməmişəm. Bu seriallara çəkilən aktyorlarımız qoy sözlərimdən inciməsinlər, onlar istedadlıdırlar, buna şübhəm yoxdur. Məlum məsələdir ki, hamısı işləmək istəyirlər. Amma mən yerli serialların heç birini bəyənmirəm. Rejissor qıtlığı var Azərbaycanda”.
Sənətdə hər zaman irəli addımlamaq lazım gəldiyini deyən sənətkar hələlik bütün gücünü pedaqoji fəaliyyətə yönəltdiyini deyir. “Yaradıcılığımla bağlı yeniliklərdən biri elə Soltan bəy obrazı idi. Repertuar tamamlanandan sonra Opera və Balet Teatrı əsaslı təmirə dayanacaq. Qarşıdan tamaşanın özünün təntənəli yubiley günləri gəlir və ola bilsin ki, harasa yaxın və uzaq qastrol səfərləri olsun. Hələlik isə bütün gücümü pedaqoji fəaliyyətə yönəltmişəm”.
Günel MUSA