Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Çexiyanın xarici işlər naziri Lubomir Zaoraliklə görüşüb.
APA-nın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında E.Məmmədyarov deyib ki, təkbətək və geniş tərkibdə keçirilən müzakirələrdə əməkdaşlığın geniş spektrləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir həmkarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdiyini bildirib. Bundan başqa, tərəflər iqtisadiyyat, təhsil, turizm və enerji məsələlərinə toxunub: “Hazırda Çexiyada 220 azərbaycanlı tələbə təhsil alır. Qərara gəldik ki, bu rəqəmi artıraq”.
Görüşdə viza problemlərinin aradan qaldırılması da müzakirə olunub. Xüsusilə turistlər və iş adamlarının səfərləri zamanı viza maneələrinin aradan qaldırılması ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər həmçinin Çexiya şirkətlərinin Azərbaycanda nəqliyyat layihələrində iştirakını müzakirə ediblər.
Çexiya XİN rəhbəri bildirib ki, Çexiyada azərbaycanlı sərmayəçilər üçün yaxşı imkanlar var: “Çexiya şirkətləri TANAP layihəsində iştirak etmək istəyirlər. Enerji sahəsində də işləməkdə maraqlı olan şirkətlər var. Eyni zamanda çex şirkətləri nəqliyyat, infrastruktur layihələrinə maraq göstərirlər".
Nazir Azərbaycanın Çexiya üçün fövqəladə əhəmiyyətli bir ölkə olduğunu deyib.