|
|
|
|
Azərbaycan Turizm İnstitutunun (ATİ) bir qrup əməkdaşı Almaniyanın Vorms şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində keçirilmiş konfransda iştirak ediblər. Tədbirdə Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri Kazım Quliyev və mütəxəssis Yulius Arnegger, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva iştirak ediblər.
Avropa İttifaqı Tempus layihəsi üzrə ilkin mərhələnin yekunlarına və qarşıdaki dövr üçün həlli nəzərdə tutulmuş işlərin icrasına həsr olunmuş tədbiri Almaniyanın Vorms Universitenin prezidenti Prof. Dr. Yens Hermsdorf çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının layihəni şərtləndirən tələblərin yerinə yetirilməsində iştirak payından, həmçinin növbəti mərhələdə həlli zəruri bilinən problem məsələlərdən ətraflı danışıb. Konfransın daha bir iştirakçısı – Vorms şəhərinin meri, cənab Hans-Joakim Kosubek isə əsasən şəhərin tarixindən, müasir iqtisadi durumundan, perspektiv planlarından söz açıb, tədbir iştirakçılarına layihə çərçivəsində fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov konfransın təşkili və səmimi dəvətə görə layihə rəhbərliyinə təşəkkürünü bildirib.
ATİ-nin Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Yulius Arneggerin Azərbaycanda davamlı turizmin inkişafı ilə bağlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Almaniyanın Vorms şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində keçirilmiş konfrans öz işini yekunlaşdırdıqdan sonra ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva Vilhelmsafen şəhərində ATİ və Yade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlığın 5-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdən sonra Vilhelmsafen şəhərinin meri, cənab Horger Borkovski ATİ nümayəndə heyəti ilə görüşüb.