Bali adasına səfər etmək arzum Culiya Robertsonun baş rol aldığı “Ye, Dua et, Sev” (Eat, Pray, Love) filminə baxandan sonra yarandı. Həm o filmdə, həm də Bali haqqında oxuduqlarımda bu ada yer üzünün cənnəti kimi təsvir olunurdu. Və həm də xoşbəxtlik adası kimi, çünki həyatda bezərək dəyişiklik axtaran Culiya Robertson (Lis obrazı) İtaliyada yeyir, Hindistanda dua edir, öz sevgisini isə məhz bu adada taparaq xoşbəxtliyinə qovuşur. Bu sadəcə bir film olsa da, Balinin insanlara xoşbəxtlik gətirdiyini deyənlər, onu sevgi adası adlandıranlar da var. Bunlar eşitdiklərim, oxuduqlarım idi. Təbii ki, insanın canlı təəssüratlarını onun nə oxuduqları, nə eşitdikləri əvəz edə bilər.
Yer üzünün cənnətində bir həftə
Adaya bir həftəlik səfər zamanı onu yer üzünün cənnəti adlandıranların yanılmadığına əmin oldum. Çox uzun yolçuluğa, 3 təyyarə reysi ilə təxminən 15 saat yol qət etməyimə (Bakı- Doha, Doha –Sinqapur, Sinqapur- Bali) baxmayaraq hava limanına çatanda artıq özünü cənnətdə hiss edirsən. Adaya gələn hər kəsi hava limanının çıxışında milli geyimli qızlar gülərüzlə qarşılayıb boyunlarına gül çələngi asırlar. Əslində bu ənənə ölkənin insanları barədə ilk müsbət rəyin yaranmasına səbəb olur. Bali İndoneziyanın adalarından biridir. İnzibati mərkəzi Denpasardır. Denpasar adanın cənubunda dəniz sahillərində olduqca mənzərəli bir yerdə yerləşir. Bali Hind okeanının sahilində yerləşir və öz təbiəti, gözəl iqlimi, turizm imkanları ilə dünyada insanların daha çox üz tutduqları məkana çevrilib. Balidə belə demək mümkünsə, turist əlindən tərpənmək mümkün deyil. Bir həftə ərzində qaldığımız iki oteldə, baş çəkdiyimiz digər otellərdə də demək olar ki, bütün nömrələr tutulmuşdu.
Otellər demişkən, burada qiymətlər 200 dollardan başlayır, yəni bu qiymətə iki nəfər bir nömrədə qala bilər. Otellər tam fərqlidir, yaşıllıqlara bürünən, qeyri-adi dizaynı ilə fərqlənən otellərin həyətində hovuzlar, istirahət üçün digər imkanlar yaradılıb. The Mulia, Mulia Resort& Villas otellər şəbəkəsi xüsusilə fərqlənir. Burada qiymətlər nömrələrə görə dəyişir. Hind okeanının sahilində yerləşən otel şəbəkəsinə həm də villalar daxildir. Villalarda qiymətlər 1000 dollardan başlayır və bir ailənin istirahəti üçün bütün imkanlar yaradılıb.
Regent Bali oteli də Hind okeanı sahilindədir və dizaynı, akustikası ilə göz oxşayır. Ümumiyyətlə, bütün otellərdə müasirliklə qədim Bali ənənələrini əks etdirən dizayn üstünlük təşkil edir. Otel personalı isə qonaqlara xüsusi yanaşmaları ilə seçilir. Hər bir turistin istəyi dərhal yerinə yetirilir, bütün personal qonaqları gülərüzlə qarşılayıb, yola salır. Demək olar ki, hər bir oteldə həm idarəçilər, həm xidmət personalı arasında rus dili bilənlər var. Ümumiyyətlə, Balidə rus dili bilənlərin sayı çoxdur. Bələdçilər bu dili xüsusi olaraq öyrənirlər. Bu da adaya gələnlər arasında rus dillilərin sayının çox olmasından irəli gəlir.
Adaya yaxın olduğu üçün daha çox Avstraliyadan, Hindistan, Çin, Yaponiyadan turist axını var. Sonrakı yeri Avropa ölkələri, MDB ölkələrindən isə Rusiya tutur. Azərbaycandan isə turistlər yeni- yeni gəlməyə başlayıblar və hələ ki, onların sayı o qədər də çox deyil. Bu bir tərəfdən yolun uzaqlığı, digər tərəfdən qiymətin baha olmasından irəli gəlir. Yəni orta imkanı olan azərbaycanlı istirahət üçün daha münasib qiymətə yer və əlbəttə ki, yaxın ölkə axtarır. Amma imkanı olan və səyahəti sevən, qeyri-adilik axtaran hər bir azərbaycanlı yer üzünün cənnətinə ömründə bir dəfə olsa səfər etməlidir.
Dörd dinin, fərqli dilin olduğu ada
İndoneziya dünyada ən böyük müsəlman dövləti olsa da, Balidə 4 milyon əhalinin 90 faizini industlar təşkil edir. Ümumiyyətlə, burada islam, buddist, induizm, xristian (katolok) dinləri mövcuddur. Amma ölkədə heç vaxt hər hansı bir dini ayrıseçkilik, dini zəmində münaqişə müşahidə olunmayıb. Bunun göstəricilərindən biri də bütün dinlərə məxsus abidələrin eyni məkanda yanaşı sıralanmasıdır. Belə ki, Balidə məscid, katolik və provoslav kilsələləri, indust və buddistlərə məxsus məbədlər eyni kücədə yerləşir. Balidə dil də fərqlidir, yəni İndoneziya dilindən başqa adada Bali dili də mövcuddur. Orta məktəblərdə üç dil, –İndoneziya, Bali və ingilis dilləri tədris olunur.
Balinin məşhur gəzməli-görməli yerləri çoxdur. Amma hər bir turistin görməli olduğu məkanlar var ki, onlara mütləq baş çəkilməlidir. Səfər proqramımızda ilkin olaraq quşlar və sürünənlər parkını ziyarət daxil edilmişdi.
Burada İndoneziyanın bütün adalarından toplanan 250 növdən çox quşlar və sürünənlər, kərtənkələ və ilan var. Əgər qorxmursunuzsa, tısbağa, kərtənkələ, tutuquşularını əlinizə, çiyninizə alıb şəkil çəkdirə bilərsiniz. Fotonun daha peşəkar alınmasını istəyirsinizsə, parkın fotoqraflarına müraciət edin və bunun üçün təxminən 25-30 dollarınızdan keçməli olacaqsınız.
Meymun ki, meymun
Baliyə gələn bütün turistlərin baş çəkdikləri yerlərdən biri də Meymunlar meşəsidir. Bizim səfər proqramına da bu meşə gəzintisi salınmışdı. Düzü, meymunlardan həmişə qorxmuşam və canlı olaraq onlarla ilk dəfə Balidə qarşılaşdım. Meymunlar meşəsinə getməzdən əvvəl bələdçimiz öz tövsiyələrini vermişdi. Meymunların gözünə baxmaq olmaz, əli cibə qoymaq, yaxud bükmək olmaz. Meymunlar ovcumuzda, yaxud cibimizdə nəsə olduğunu hiss edib, hücum çəkə bilərdilər. Eynək taxmaq, su götürmək də olmaz. Öncə ciddi əhəmiyyət vermədiyim bu tövsiyələrin meşəni gəzərkən yerində edildiyinin şahidi oldum. Meymunlar əlində su şüşəsi, əlini cibində olanlara hücum çəkir, eynəyi qapıb ağızlarına salıb qırırdılar. Burada meymunları xüsusi bəsləyirlər, gündə, 3 dəfə qidalandırırlar. Çünki əks halda, ac qalan meymunlar başqa meşələrə üz tuta bilərlər.
Meşəni tərk edərkən isə ağaca dırmaşan meymunlar onun budaqlarını yelləyib, yarpaqları, yağan yağışın yığılıb qalan damlalarını başımıza tökmələrindən, üstümüzü batırmalarından sanki zövq alırdılar.
Onu da deyim ki, meymunlarla səfər zamanı ikinci dəfə Uluvatu məbədini ziyarət edən zaman rastlaşdıq. Bu qədim məbəd turistlərin əsas ziyarət etdikləri abidələrdən biridir. Məbəd,sıx meşəlikdə yerləşir və burada olan meymunlar daha vəhşidirlər. Onların üzünə ümumiyyətlə baxmaq olmaz, həm də burada meymunlar əvvəlkilər kimi xüsusi bəslənmir və onlar daim yeməyə nə isə axtarırlar.
Balidə qədim abidələr, məbədlər çoxluq təşkil edir. Uluvatu Məbədi yüksək qaya zirvəsində, Hind okenından yüz metrlərlə yüksəkdə yerləşir. Bu, Bali memarlığının klassik nümunəsi hesab olunur. Ümumiyyətlə, Balidə çoxsaylı məbədlər var. Taman Ayun qəsəbəsindəki möhtəşəm və gözoxşayan Kral Sarayı XVIII əsrdə salınıb, vəhşi təbiətlə əhatə olunan bu saray uzun əsrlər boyu şah ailəsinin sərəncamında olub. XVII əsrə məxsus Tanax Lot məbəd kompleksi isə adanın əsas hissəsindən yüzillik axın nəticəsində ayrılmış qaya üzərində ucalır. Günəş qüruba enərkən məbədin oyma naxışları günəş şüaları altında xüsusilə gözəl olur.
Bali mətbəxi
İstənilən ölkəyə turist, yaxud başqa məqsədlə səfər edən hər kəsi maraqlandıran nüanslardan biri də həmin ölkənin mətbəxi ilə bağlı olur. Azərbaycanın zəngin və əvəzedilməz mətbəx ənənəsini, həmçinin çay dəstgahı mədəniyyətini nəzərə alsaq, yəqin ki, bu məqamı anlamaq çətin deyil. Amma deyim ki, Baliyə səfər edənlər mətbəx baxımından narahat olmamalıdırlar. Buranın mətbəxi çox zəngindir. Əsasən dəniz məhsulları, tərəvəzlərdən, bitkilərdən hazırlanmış yemək və salatlar üstünlük təşkil edir. Həmçinin, çox dadlı, ekzotik meyvələr və onlardan çəkilmiş təbii şirələr süfrələri bəzəyir. Balidə həm bitki və tərəvəzlər, həm də meyvələr insan orqanizmi üçün çox xeyrlidir. Burada yetişən həmin məhsullar vitaminlər, minerallarla zəngin olduğundan həm də insanın qocalmasını ertələyir. Süfrədə çörəyi isə düyü əvəz edir. Ümumiyyətlə, Bali mətbəxində düyü önəmli yerlərdən birini tutur. Düyü müxtəlif formalarda süfrəyə verilir. Həm müxtəlif tərəvəzlərlə hazırlanaraq, həm də sadəcə qaynadılıb yağsız, duzsuz təqdim edilir ki, bu da bir növ çörəyi əvəz edir. Yerli əhali özü demək olar ki, çörək yemir, amma istəkdən asılı olaraq yemək zamanı çörək də süfrəyə verilir. Həmçinin yalnız yerli deyil, Koreya, Çin, Yaponiya, Avropa mətbəxi də təqdim olunur. Yəni seçim imkanları olduqca genişdir.
(Ardı gələn şənbə sayında)
Pərvanə Sultanova
Bakı-Bali-Bakı