|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsini katibi, şair-publisist Nəsib Nəbioğlu Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcidə 50 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Məktubun mətnini oxuculara təqdim edirik.
Əzizimiz Rəşad!
Səni 50 illik yubuleyin münasibətiylə səmimi qəlbdən təbrik edirəm! Sənə cansağlığı arzulayıram, şəxsi həyatında və yaradıcılığında yeni-yeni uğurlar diləyirəm! Vallah sənin də 50 yaşına çatdığına inana bilmirəm. Bizi sənin dayıların tanış edındə sən çox gənc idin. Bakıda təmayüllü bir məktəbdə oxuyurdun. Mən səni tanıyanda yeniyetmə bir oğlan idin. Deyəsən 1979-ci il idi. Dayıların Mərdanla, Fəxrəddinlə, Vahidlə, Cavanşirlə, Zahidlə, Məzahir Ovşarla, Kosalar kəndinin bənzərsiz dağ cüssəli, dağ qeyrətli adamlarıyla, Təhməzovlar nəslinin coxsaylı nümayəndələriylə tanış idim. Rəhmətlik Musa müəllim kim el ağsaqqalının şirin söhbətləri, bizə verdiyi öyüd-nəsiətlər hələ də yadımdadır. Bizə dönə-dönə yaxşı oxumağımızı və bir-birimizə həyan olmağımızı tapşırırdı. Mən səni tanıdığım vaxtdan uzun illər keçir. Amma elə bilirəm ki, bunlar dünən olub. Mən sənin şeirlərinlə tanış olandan sonra demişdim ki, Rəşad istedadlı oğlandır, Allah Rəşaddan vergi payını əsirgəməyib. Sənin gələcəyinə də inanmışdım. İndi neçə illərdən sonra görürəm ki, aldanmamışam. Sənin Azərbaycan mədəniyyətinin, mətbuatının, ədəbiyyatının təbliğində, inkişafında xüsusi xidmətlərin, özünəməxsus payın var. İyirmi ilə yaxındır "525-ci qəzet"in baş redaktorusan. Bu asan məsələ deyil.
Sənin zəngin həyat yolun, yaradıcılıq yolun və ədəbi fəaliyyətin danılmazdır. Əsərlərin bir çox xarici dillərə tərcümə edilib, Rusiyada, digər MDB respublikalarında, eləcə də Türkiyədə, Latviyada və başqa ölkələrdə nəşr olunub. "Hələ ki vaxt var", "10 sentyabr", "Əlvida və salam", "Dəlicəsinə" adlı samballı kitabların müəllifisən. “10 sentyabr” hekayən türk, ingilis, rus, macar, ukrayna, rumın, polyak, litva, özbək və gürcü dillərinə tərcümə olunub. Rəşad, sən həm şair, həm yazıçı, həm də jurnalist ömrü yaşayırsan, yazırsan, yaradırsan, oxucularını yeni-yeni əsərlərinlə sevindirirsən. Vətənpərvər bir eloğlu kimi xalqımızın mədəniyyətinə, ədəbiyyatına və dilinə xidmət edirsən. Sənin çağdaş ədəbi-ictimai həyatımızda samballı yerin var, nüfuz sahibisən. Müsahibələrinin birində oxumuşdum ki, sənin üçün ən önəmlisi adamın istedadı yox, onun etibarıdır, vəfasıdır, sədaqətidir. Rəşad, sadaqəti, etibarı olmayan insanın istedadı xeyirxahlıq ideyalarına xidmət edə bilməz. Amma nə edəsən, dünyada nadanlar, nankorlar, çörəyi dizinin üstündə olanlar çoxdur.
Sən öz orijinal üslubunla, deyim tərzinlə, səmimiyyətlə Azərbaycan şeirinə, nəsrinə yeniliklər bəxş edən, heç kəsə bənzəməyən yazıçımız, şairimiz, jurnalistimizsən. Sənin şeirləri, məqalələri nə vaxt yazdığını biliməsəm də, həmişə görmüşəm ki, samballı poetik nümunədir, maraqlı nəsrdir, düşündürücü yazılardır. Bu, sənin bir şair kimi, bir yazıçı kimi, ümumiyyətlə, bir qələm sahibi kimi istedadının böyüklüyündən xəbər verir.
Əzizim Rəşad! Sən xalqını və vətənini canından artıq sevən eloğlumuzsan. Yeniyetmə vaxtlarını başıçalmalı, allı-güllü dağlarımızın qoynunda geçirdiyin, indi isə yolları bağlanan, dərdinə əlac tapılmayan başıbəlalı Laçınını, Qarabağını sevən bir azərbaycanlısan, qeyrətli eloğlusan. Sənin fitri istedadınla, təvazökarlığınla bərabər, doğma yurdlarımıza əsl övlad məhəbbətin, əsl oğul istəyin də göz qabağındadır.
Rəşad, rəhbərlik etdiyin “525”-ci qəzet” orjinallığı ilə seçilən bir qəzetdir. Azərbaycanda yaşayan ədiblər, samballı qələm sahibləri - yazıçılar, şairlər, jurnalistər öz əsərlərini “525-ci qəzet”də cap etdirikləri kimi, biz də, başda mən olmaqıla Moskvada yaşayıb yazıb-yaradan yazıçılarımız və şairlərimiz də öz əsərlərimizi məhz bu qəzetin səhifələrində cap etdirmişik. Uzun illər boyu mənim özümün bu nəşrin səhifələrində çoxsaylı yazılarım, şeirlərim cap olunub. Mən dəfələrlə “525”-ci qəzet”i moskvalı azərbaycanlılarının sevə-sevə oxuduğu qəzet adlandırmışam. Bu haqda 10-12 il əvvəl mətbuatda da yazmışam. Müsahibələrimdə “525”-ci qəzet”in müasir mətbuatımızın tarixində əvəzsiz rolundan ürəkdolusu danışmışam. Moskvada əksəriyyətimizin ilk açıb oxuduğu sayt məhz “525”-ci qəzet”in saytı olub. Sən özün də bunları yaxşı bilirsən.
Əzizim Rəşad! Yolum hər dəfəf Bakıya düşəndə axtarıb aradığım çox adamlar var - dostlarım Umud Rəhimoğlu, Qulu Məhərrəmli, Səfər Alışarlı, Vaqif Bəhmənli, Nazim Əhmədli və sairə... Amma ilk növbədə axtardığım dostlarımın biri məhz sənsən. Sənə zəng etməməyim, səninlə görüşməməyim mümkün deyil. Səni axtarmamaq, səninlə əlaqə saxlamamaq 35-40 il bundan əvvəlki o şirin xatirələrimə xəyanət ola bilər.
Əzizimiz Rəşad!
Səni 50 illik yubuleyin münasibətiylə bir daha təbrik edirəm! Yolun aydın, səfərin uğurlu, qələmin iti olsun!
Hörmətlə, Nəsib Nəbioğlu
Moskva, 11 avqus 2014-il