Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin noyabrın 3-də keçirilən toplantısında təşkilatlanma istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib.
525.az-a qurumdan verilən məlumata görə, toplantıda ötən bir ay ərzində görülən işlər haqqında danışan CASCFEN sədri Azər Həsrət bildirib ki, Mətbuat Şurasına üzvlük üçün müraciət təqdim edilib, beynəlxalq və yerli media təmsilçiləri ilə beş ayrı görüş keçirilib, Gürcüstanda qapadılan PİK TV-nin kollektivi ilə həmrəylik bəyanatı həmin ölkənin mətbuatında dərc edilib, qurumun saytı ingilis dilində yenidən qurulub. Sədr onu da əlavə edib ki, görüşlərdə İdarə Heyətinin üzvlərinin bir qismi də iştirak edib.
Daha sonra təşkilati məsələləri müzakirə edən İdarə Heyəti daxil olan ərizələri tək-tək nəzərdən keçirərək aşağıdakı 16 nəfəri CASCFEN üzvlüyünə qəbul edib:
1. Dr. Ramiz Əskər 2. Qafar Çaxmaqlı, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri 3. Ağası Hun, müstəqil jurnalist 4. Ramiz Məşədihəsənli, Qırğızıstanda çıxan “Türkel” qəzetinin baş redaktoru 5. Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair 6. İntiqam Soltan, Bakı Uşaq Teatrının direktoru 7. Səbuhi Rəhimli, “Qoroskop” qəzetinin baş redaktoru 8. Seyran Cəfərli, karikaturaçı rəssam 9. Seymur Verdizadə, Jurnalist Araşdırmaları Mərkəzinin sədri 10. Əfsanə Ələsgərli, “Xalq qəzeti”nin əməkdaşı 11. Arzu Soltan, müstəqil jurnalist 12. Siyab Soltanoğlu, jurnalist, publisist 13. Namiq Hacıheydərli, şair 14. Cahan Əli, müstəqil jurnalist 15. Qürbət Heybətoğlu 16. Vurğun Əlioğlu
Toplantıda İdarə Heyətinin tərkibinin genişləndirilməsi zərurəti də müzakirə edilib və qərara alınıb ki, bu il dekabrın 23-nə nəzərdə tutulan CASCFEN Məclisinin ilk toplantısına qədər bu yöndə hazırlıqlar başa çatdırılsın.
İdarə Heyəti CASCFEN-in iki beynəlxalq təşkilata - Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) və Etik Jurnalistika Şəbəkəsinə (EJN), həmçinin Azərbaycan Milli QHT Forumuna üzv olması üçün də qərar verib.
Başqa məsələlərin də müzakirə edildiyi toplantıda qurumun gənc jurnalistlər və QHT fəalları üçün yeni proqramı razılaşdırılıb və noyabrın 15-dək bu yöndə elanların verilməsi qərarlaşdırılıb. İdarə Heyətinin toplantısında Azər Həsrət, Rey Kərimoğlu, Nüşabə Hüseynli, Lalə Musaqızı və Qalib İbrahimoğlu iştirak edib. Nadir Azəri və Elşad Paşasoy isə üzrlü səbəbdən toplantıya qatıla bilməyiblər.