Qloballaşma nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlı əlaqə tezisinə istinad edən dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlı təsir və nəticələr zəncirini yaradır. Bilik, əmtəə, informasiya, maliyyə, sərmayə və imiclərin sərhəd tanımaz şəkildə sürət və axın qazanması nəticəsində yer kürəsində müstəqil və məhdud bir mövcudiyyətin mümkün olmadığı diqqətləri özünə cəlb edir. “Zaman-məkan fərqi” (Giddens), “zaman-məkan kompresiyası” (Harvey), “dünyanın kiçilməsi” və “ortaq dünya şüuru” (Robertson) adıyla kateqoriyalaşdırılan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxarır. Dövrümüzdə artıq qloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə imkanları və aralarındakı qarşılıqlı təsir mexanizmini mərkəzə alan yeni təhlil çərçivəsi başa düşülür.
Təsadüfi deyil ki, 1993-cü ildə Dünya Dinləri Parlamenti tərəfindən təşkil olunaraq bütün dünya dinləri təmsilçiləri tərəfindən imzalanan “Universal Əxlaqa Doğru Bəyannaməsi”, fərd və cəmiyyətlərin inkişaf edərək sülh içində yaşamalarında dini dəyərlərlə etik dəyərlərin müştərək funksionallığa malik olacağına işarə edir. Məhz son zamanlarda aktuallıq kəsb edən ”Qlobal Etika” məfhumunun dini-etik dəyərlərin mədəniyyətlərarası dialoq çərçivəsindəki yeri və rolu çox böyük əhəmiyyət kəsb edir. Belə ki, məşhur teoloq Hans Künqun ”Qlobal Məsuliyyət:Yeni Dünya Əxlaqı Axtarışında”( Global Responsibility: In Search of A New World Ethic-1990 ) adlı kitabında müəyyən etdiyi kimi bütün dinlərdə öyrəniləsi çox şey var. Ona görə bütün etiqadların əsasında insanların bərabərliyinə, fərdin və cəmiyyətin dəyərli olmasına, ”yaxşı”nın axırda qalib gələcəyinə olan inam mövcuddur.
Hans Künq almanca “Projekt Weltethos” adlı kitabında müxtəlif yerlərdə verdiyi mövzu ilə bağlı konfrans məqalələrini toplayıb. Alman dilində dünya mənasına gələn “Welt” sözü yunanca əxlaq mənasında işlədilən “ethos” sözüylə birləşərək “Weltethos” məfhumunu yaradır. Bu da ingilis dilində “Dünya Etikası“ mənasına gəlir. Künqun qlobal etika məfhumu Samuel P. Hantiqtonun “Mədəniyyətlərarası münaqişə“ tezisinə qarşı “Mədəniyyətlərin uzlaşması“ tezisini təməlləndirir. Çünki ona görə mədəniyyətlərin yaranmasında dinlər qlobal uzlaşmanın da əsasını təşkil edir.
Digər tərəfdən islamda “özün üçün istəmədiyini başqası üçün də istəmə” sözü, induizmdə “şəxs özü üçün zərərli olaraq dəyərləndirdiyi şeyi başqalarına qarşı etməməlidir”, konfusizmdə ”özünə xoş gəlməyən bir şeyi başqasına da rəva görmə”, daoizmdə ”yaxşı adam başqalarının qazanclarını öz qazancı, başqalarının itkilərini də öz itkisi kimi görən şəxsdir”, xristianlıqda ”insanların sənə qarşı necə hərəkət etmələrini istəyirsənsə, sən də onlara qarşı o cür hərəkət et”, yəhudilikdə ”özün üçün nifrət yaradan şeyləri dostlarına qarşı etmə” kimi kəlamlar ümumi etik dəyərləri ehtiva edir. Bu nümunələr “Qlobal etika” kontekstində müxtəlif millət və mədəniyyətlər arasındakı müştərək dəyər və anlayışların meydana gəlməsi baxımından əhəmiyyətlidir.
Tarixdən məlumdur ki, müxtəlif dinə mənsub insanlar arasında yaranan mübahisələr dialoqdan çox, müharibələrlə nəticələnib. Çünki hər bir din Mütləq Həqiqətin öz dini sistemində olduğunu iddia edərək məsələyə bu rakursdan baxır. Orta əsrlərdə dini plüralizmin (Religious Pluralism), yəni “Mütləq Həqiqətin” müxtəlif cəhətlərdən təcrübə edilə biləcəyi və hər bir dinin mütləq həqiqəti öz məfhum və terminləri ilə izah etdiyi düşüncəsi mövcud deyildi. Digər tərəfdən isə islam dininin yayılması ilə tarix səhnəsində qanlı çarpışmaların olduğunu görürük. Belə ki, bu savaşlar və işğallar din altında aparılır və din adı altında mütləq həqiqət naminə insanlar qətlə yetirilirdilər. Bu baxımdan qlobal etika və dini plüralizm baxış tərzi ümumbəşəri dəyərlərin dini-etik aspektdən müştərəkliyini vurğulayaraq, məşhur alman filosofu İmmanuel Kantın ifadəsi ilə “əbədi sülhə” səbəb ola bilər.
Məhz qeyd olunan qlobal dünya və düşüncə sistemi kontekstində həm dini dəyərlər və həm də etik dəyərlər metafizik səviyyədə fəlsəfi olaraq təhlil edildiyində insanın mahiyyətinə və əxlaqi dəyərlərinə dair müştərək nüanslara rast gəlmək mümkündür. Bu baxımdan dinlərin müxtəlifliklərinə baxmayaraq onların müştərək bir mütləq idealdan əmələ gəldiyi və mütləq bir ideala xidmət etdiyi anlaşılır. Belə ki, dini və fəlsəfi-metafizik intellektual məktəblər insanın mahiyyəti və onun etik-mənəvi dəyərlərə malik olması mövzusunda fərqli terminlərdən istifadə etsələr də, mahiyyətcə eyni mənanı ifadə etdiklərini vurğulayır. Nəticədə bütün bu intellektual təlim və məktəblər insanın ali varlıq olduğunu qəbul edir. Məhz “perennial philosophy-əbədi hikmət”(əl-hikmətu`l-xalidə) adlandırılan bu fəlsəfi cərəyan bütün əsrlər və millətlər üçün səciyyəvi olan ümumbəşəri həqiqətlər anlayışıdır ki, bu da eyni zamanda dini həqiqətlərlə söykənir. Dini və etik dəyərlər eyni həqiqətin özdə bir, sözdə isə fərqli təzahürlərindən ibarətdir. Belə ki, Rene Guenon, Fritjhof Schoun, S.H.Nasr kimi məşhur sufi-mütəfəkkirlər yəhudi, xristian və islam dinində ümumi transsendental dairəni, ümumi metafizik əsasları qəbul edərək dini və etik dəyərləri bu prizmadan təhlil edirlər.
İnsanın mənəvi dünyası onun formalaşmasında mühüm rola malikdir. Məhz dövlət də bu kontekstdə xüsusi qayğı ilə mənəvi dünyası inkişaf etmiş, ədalətli və ictimai şüura malik insanın yetişdirilməsini əsas məqsəd hesab edir. Belə bir insan modeli həm milli və həm də ümumbəşəri etik-mənəvi dəyərləri özündə ehtiva edir. Hal- hazırda milli-mənəvi dəyərlər informasiya mübadiləsi və qloballaşma prosesində mühüm aktuallıq kəsb edir. Bu baxımdan qlobal etika və dini plüralizm kimi məfhumlar özündə multikulturalist cəmiyyətlərin inkişafı üçün vacib əsasları ehtiva edir.