|
|
|
|
Məlum olduğu kimi, sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsində 2020-ci ildə təşkil olunacaq sayca 16-cı Avropa çempionatının (AVRO 2020) final mərhələsinə ev sahibliyi etməli olan 13 şəhərin adı açıqlanacaq. 60 illik tarixi ərzində Avropa çempionatının final mərhələsi ilk dəfə bütün qitəni əhatə edəcək. Bu haqda qərar UEFA-nın İcraiyyə Komitəsinin 6 dekabr 2012-ci il tarixində keçirilən iclasında qəbul edilib. Namizəd şəhərlərin sayı 19-dur. Sevindirici haldır ki, onların arasında Bakı da var. Paytaxtımızın adını qaliblər arasında görə biləcəyikmi? Hələlik, AVRO 2020-dəki rəqiblərimiz, səsvermənin proseduru barədə. Bakının qalib gələcəyi təqdirdə bu hadisənin ölkəmizə üçün əhəmiyyəti və digər məqamlar haqqında bir qədər sonra.
Bakının rəqibləri hansı şəhərlərdir?
Onların sayı 18-dir – London (İngiltərə), Münhen (Almaniya), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Budapeşt (Macarıstan), Kopenhagen (Danimarka), Yerusəlim (İsrail), Dublin (İrlandiya), Bilbao (İspaniya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Kardiff (Uels), Stokholm (İsveç) və Qlazqo (Şotlandiya). AVRO 2020-nin final mərhələsi 13 paketə bölünüb. Onlardan birinə yarımfinallar və final daxildir. Digər 12 standart paketdə isə “play-off”un 1 (1/4 və ya 1/8 final) və qrup mərhələsinin 3 oyunu var. London və Münhen yarımfinallar və finalı, yerdə qalanlar isə 2-ci paketlərin birini qazanmaq üçün mübarizə aparacaqlar. Bir qədər səsvermə proseduru haqqında. Sentyabrın 18-də UEFA-nın İcraiyyə Komitəsinin üzv ölkələri müzakirə aparacaqlar və namizədləri coğrafi mövqelərinə görə 6-8 zonaya böləcəklər. Müzakirələr və səsvermədə namizəd şəhərlərin təmsil olunduqları assosiasiyalar iştirak edə bilməyəcəklər. Məsələn, AFFA Bakıya, Rusiya Futbol Federasiyası isə Sankt-Peterburqa görə prosedurdan kənar qalacaqlar. Səsvermə 4 mərhələdən ibarət olacaq. 1-ci mərhələdə yarımfinallar və finalı qəbul edəcək 1, 2-ci mərhələdə 1/4 final məhrələsinin 1 oyunu ilə yanaşı qrup mərhələsinin də 3 matçını qəbul edəcək 4 şəhərin adı məlum olacaq. 3-cü mərhələdə ilk iki səsvermədə seçilməyən və hər coğrafi zonanı təmsil edən 1 şəhərin adı açıqlanacaq. Nəhayət, səsvermənin sonuncu mərhələsində 1/8 finalın 1, qrup mərhələsinin isə 3 oyununu təşkil edəcək qalan 8 şəhərin adı bilinəcək.
UEFA-nın tələbləri
Ötən il yanvarın 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara görə, final mərhələsinin oyunlarını qəbul edəcək 13 şəhər aşağıdakı bəzi tələblərə cavab verməlidir:
– 1/8 final və qrup mərhələsinin oyunlarını qəbul edəcək stadionun tamaşaçı tutumu minimum 50 min, 1/4 final və qrup mərhələsinin oyunlarını qəbul edəcək arenar minimum 60 min, yarımfinal və final oyunlarının keçiriləcəyi stadion isə minimum 70 min olmalıdır. Bu mənada Bakının şansları yüksəkdir. İnşası gələn il başa çatacaq Olimpiya Stadionu tamaşaçı tutumuna (69.870) görə yalnız Londondakı “Uembli” (90.652), Kardiffdəki “Millenium” (74.154) və Münhendəki eyniadlı arenadan (70.067) geri qalır. Başqa sözlə, yerdə qalan 14 stadiondan öndədir.
– Qrup mərhələsində 1 qrupda Avropa birinciliyini qəbul edəcək ölkələrin sayı ən çoxu 2 ola bilər. Bu o deməkdir ki, Bakı 13 ölkə arasında olarsa və əgər Azərbaycan final mərhələsində iştirak edərsə, onda yığmamız minimum 2 oyunu Bakıda keçirəcək.
– Bir qrupda keçiriləcək oyunlar elə stadionlara salınmalıdır ki, həmin qrupun oyunların təşkil edəcək şəhərlər arasında uçuş 2 saatdan çox olmasın. Başqa sözlə, Bakıya ən yaxın namizəd Yerusəlim, Minsk və Sankt-Peterburqdur. Təəssüf ki, bu bənd əleyhimizə işləyə bilər. Çünki, Bakıdan bu şəhərlərə təyyarə ilə 2 saata çatmaq mümkün deyil.
– Avropa çempionatını qəbul edəcək şəhərlərin ən azı 2 aeroportu olmalıdır. 1 hava limanı da bəs edir, bir şərtlə ki, həmin limanın minimum 2 terminalı olsun. Bu, azarkeşlərin rahatlığı üçün nəzərdə tutulub. Bu baxımdan hər hansı bir problemlə üzləşəcəyimiz gözlənilmir. Çünki, Heydər Əliyev Beynəlxalq Hava Limanı Qafqazda ən böyük aeroportdur və 3 terminalı var...
Bakı bu tələblərə cavab verir
Bəs, Bakı yuxarıda sadalanan və digər şərtlərə cavab verə bilir. Yeganə problem seçiləcəyi təqdirdə qrup mərhələsini təşkil edəcəyi yaxın tərəfdaş şəhərlə məsafə ilə bağlı ola bilər. Amma bəzi amillər bu çatışmazlığı kölgədə qoyacaq. Məsələn, UEFA birinciliyin bütün Avropanı əhatə etməsində maraqlıdır. Yəni, çempionatın qərbdən şərqə kimi keçirilməsi istənilir. Avropanın şərqindəki namizədlər Bakı və Yerusəlimdir. Bu iki şəhəri müqayisə edəndə Bakının üstünlüyü açıq-aşkar hiss olunur. Digər tərəfdən Bakı və Yerusəlim qrup mərhələsinin oyunlarını şərikli olaraq da təşkil edə bilərlər. Başqa sözlə, bir qrupun 3 oyunu Bakıda, qalan 3 oyunu isə Yerusəlimdə keçirilə bilər. Əgər hər iki şəhər “13”lüyə düşsə.
Bakının namizədliyinin dəstəklənməsi üçün xeyli amillər mövcüddur – infrastruktur, yeni yolların və otellərin salınması, hava limanı və s. Bundan başqa paytaxtımızda indiyə kimi digər idman növləri üzrə bir çox beynəlxalq yarışların yüksək səviyyədə təşkili və gələn il keçiriləcək 1-ci Avropa Olimpiya Oyunlarının buraya salınması da Bakının Avropa çempionatının qrup mərhələsinin oyunlarına ev sahibliyi etmək iqtidarında olması deməkdir. Məlumdur ki, sadalananlar bizim kimi UEFA rəsmilərinin də diqqətindən yayınmayacaq. Namizəd şəhərlərin adlarına fikir versək, Bakı onların bir çoxundan yüksək pillədə dayanır.
Bir neçə gün əvvəl UEFA namizəd şəhərlərin sifariş ərizələri əsasında qiymətləndirmə hesabatını ictimaiyyətə təqdim edib. Bu, səsvermənin daha şəffaf keçirilməsi üçün atılan addımdır. Hesabatla tanışlıq olduqda Bakının qalib gəlməsi üçün yaxşı imkanın olduğu görünür. Doğrudur, bəzi çatışmazlıqlar var. Məsələn, lazımi sayda otellərin olmaması. Amma bu çempionat başlayana kimi aradan qaldırılacaq.
Rəsmilər “yaxşı olacaq” deyirlər
2013-cü il mayın 22-də prezident İlham Əliyevin imzaladığı sərəncam dövlətin AVRO 2020-nin keçirilməsini birbaşa nəzarətdə saxladığını göstərir. Həmin sərəncama əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunmuşdu. Bundan az sonra AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə İşçi Qrup yaradılmış və qurumun baş katibi Elxan Məmmədov rəhbər təyin olunmuşdu. Sərəncəmdan irəli gələn işlərin hamısı görülüb. Qalır nəticəni gözləmək. Təbii ki, rəsmilər Bakının şanslarını yüksək qiymətləndirirlər. Prosesin ölkə başçısı İlham Əliyevin nəzarətində olması, idman və gənclər naziri Azad Rəhimov və AFFA prezidenti Rövnəq Abdullayevin indiyə kimi verdikləri açıqlamalar bunu deməyə əsas verir. Bir neçə gün əvvəl AFFA-da keçirilən son tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da Bakının digər namizəd şəhərlərlə müqayisədə üstünlüklərinin olduğunu söylədi.
Hansı şəhərlər şanslıdırlar?
Münhen və Londonun seçiləcəyi heç kimdə şübhə doğurmasın. Qalan şəhərlər haqqında qısaca xülasə. Londondan başqa Britaniyadan daha 3 namizəd şəhər var – Kardiff, Qlazqo və Dublin. Onlardan Dublinin seçilməsi ehtimalı aşağıdır. İrlandiyanın paytaxtı namizədliyini bir növ candərdi irəli sürüb. Bunun da bir çox səbəbləri var ki, bu haqda yazmağa lüzum görmürəm. Hollandiya və Belçika 2000-ci ildəki qitə birinciliyinə birgə ev sahibliyi ediblər. Üstəlik, Amsterdam və Brüsselin Britaniyaya və Münhenə yaxın olması onlardan minimum birinin “ofsayd”da qalacağına səbəb ola bilər. Bilbao və Romanın şansları isə yüksək qiymətləndirilir. Bilbao Avropanın ən qərbdə yerləşən namizəd şəhəridir. Roma isə cənub-qərbdə. Doğrudur, onların da bəzi çatışmazlıqları var. Məsələn, Bakı ilə olğudu kimi ən yaxın tərəfdaş şəhərlə aralarında olan məsafə. Amma bu da o qədər ağlabatan deyil. Əvəzində bir coğrafi zonada yerləşən Budapeşt, Buxarest, Sofiya və Skopyedən ən azı 2-nin seçilməyəcəyini gözləmək olar. Onların arasında ən aşağı şansa malik sonuncu iki şəhərdir. Bunun bir çox səbəbləri var. Birini deməklə kifayətətlənəcəm – hər iki şəhərdə oyunların keçiriləcəyi stadionların tamaşaçı tumumu 43 min civarındadır. Doğrudur, Yerusəlimdəki stadion daha acınacaqlı vəziyyətdədir – cəmi 33.500. Bundan başqa UEFA-nın təqdim etdiyi sənədə nəzər saldıqda, Yerusəlim ən aşağı şansa malik şəhərlərdəndir. Amma İsrailin Avropanın cənub-şərqində olması buranın seçilməsinə səbəb ola bilər. Stokholm, Kopenhagen, Minsk və Sankt-Peterburq - yerləşdikləri əraziyə görə dördbucağın tillərini xatırladan bu kvartet arasında 2 şəhər kənarda qalacaq. Bu yerdə Bakıya məsafəcə ən yaxın Minsk və Sankt-Peterburqun vəziyyəti maraq doğurur. Sankt-Peterburqdakı “Zenit Arena” 2016-cı ildə təhvil veriləcək. Tamaşaçı tutumu 61 mindən çoxdur. Piter yarışların keçirilməsi baxımından ən şanslı şəhərlərdəndir. Amma 2 məqam əngəl yarada bilər. Birincisi, Rusiyanın Ukrayna, eyni zamanda Avropa ölkələri ilə arasında olan siyasi gərginlik və 2018-ci ildə keçiriləcək mundialın Rusiyada təşkili. Minskə gəlincə, UEFA-nın son sənədi ilə tanış olduqda, Belarus paytaxtı haqqında müsbət mənada nəsə tapmaq çətindir. Oyunların keçirilməsi nəzərdə tutulan “Dinamo Arena”nın tamaşaçı tutumu 35 mindir və 2019-cu ildə təhvil verilməlidir. Stadion layihə halındadır, sertifikat almayıb və s. Minskin problemi stadionla bitsəydi, dərd yarı olardı. Nəqliyyat, otel, şəhər infrastrukturu və ən əsası viza problemi belarusluların arzusunun üstündən xətt çəkə bilər. Təkcə viza ilə bağlı bir məqam vəziyyətin nə yerdə olduğundan xəbər verir - hokkey üzrə bu il keçirilən dünya çempionatı zamanı bu sahədə əməlli-başlı çətinliklər yaranmışdı. Sizcə, UEFA risk edərmi?
Qısası, apardığım araşdırmalar əsasında “arzusu gözündə qalan” şəhərlərin 1-i Britaniyanı, 1-i qitənin mərkəzini, 2-i cənubunu, 2-i isə şimal-şərqini təmsil edəcək. Allah eləməmiş, Bakı “13-lük” də olmasa... Səbr edin, cavabla yazının axırında tanış olacaqsınız.
Bakı seçilsə....
Bakının seçilməsi ölkəmizin dünyada təbliğatına, daha da tanınmasına imkan yaradacaq, futbolun kütləviləşməsinə təsir göstərəcək, şəhər infrastrukturun yaxşılaşmasına təkan verəcək, yeni-yeni otellər tikiləcək, iş yerləri açılacaq, ölkəmizə turist axını artacaq, dünyamiqyaslı turnirlərə ev sahibliyi etməsinə nədən olacaq və s. Qısası, ziyandan söhbət gedə bilməz.
...və seçilməsə nə olacaq?
Bu yerdə ustad Aqil Abbasın bir neçə il əvvəl “Ədalət” qəzetində yazdığı bir satirik hadisəni yada salmaq istəyirəm. Aqil müəllimin nəql etdiyi kimi olmasa da, hadisənin detalları yadımdadır. Təkcə “əsərin qəhrəmanı”nın adından başqa. Deməli, Böyük Vətən Müharibəsi illərində Gəncədə mülki müdafiə sahəsində vəziyyəti yoxlamaq üçün Moskvadan komissiya gəlir. Yoxlama zamanı bu sahədə xeyli çatışmazlıqlar üzə çıxır. Məlum olur ki, 100 mindən çox əhalisi olan şəhərdə sakinlər üçün nəzərdə tutulan əleyhqazların sayı bir neçə dəfə azdır. Komissiya üzvlərindən biri bu işə cavabdeh olan ağsaqqaldan soruşur:
– Birdən faşistlər şəhərə kimyəvi silah atdılar. Bu qədər əleyhqaz camaata çatmayacaq axı. Neyləyəcəksiniz?
Ağsaqqal gəncəlilərə xas ləhcədə:
– Nağayrajayıx, eləjənə biyavır olajayıx.
Biabır olmayacağımıza əmin olan...
İlqar TAĞIYEV
Yazı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun kecirdiyi müsabiqəyə təqdim etmək ücündür.