Bəs, bu gün Azərbaycanın müstəqillik şəraitində yaşadığı dövrdə rəğbət doğuracaq, dünyaya səs salacaq filmlərimiz niyə yoxdur? 90-cı illərdən sonra bir sıra şəxslər qeyd edirdilər ki, maliyyə olmadığına görə, kino sənayemiz çöküb. Həqiqətən kinonun inkişafı üçün pul vacibdir. Nəinki kinonun həmçinin elmində, təhsilində, medianında və digər sahələrin inkişafında maliyyə zəruridir
Ancaq etiraf etmək lazımdır ki, bu gün filmlərin çəkilməsi üçün vəsaitlər az deyil. Azərbaycan dövləti film və serial çəkilişinə xeyli vəsait ayırır. Bundan əlavə serialların nümayişi zamanı kifayət qədər reklamlara rast gəlmək olar. Bəs, vəsaitlərin ayrılmasından sonrakı dövrdə niyə uğurlu seriallara rast gəlmirik?
Mən maraq üçün son dovlər çəkilən seriallara bir qədər nəzər saldım. Demək olar ki, aktyorlar, rejissorlar filmin yaxşı alınması üçün dəridən -qabıqdan çıxırlar. Ədalət naminə qeyd etməliyik ki, aktyordan tələb olunan nə varsa, onu edirlər. Ancaq serial çəkilişində elə bir irəliləyiş yoxdur. Bəs, bunun səbəbi nədir? Məncə, burada ən ciddi problem ssenarilərdədir.
Zəif, cəsarətsiz, bayağı ssenari əsasında çəkilən bu seriallara yalnız bir dəfə, çətinliklə baxmaq olur. Tamaşaçının başını belə zəif məhsullarla müəyyən bir dövr qatmaq mümkündür. Lakin tamaşaçını heyrətləndirmək, sözün yaxşı mənasında auditoriyanı əyləndirərək maarifləndirmək üçün ortaya sanballı film qoymaq lazımdır.
TV rəhbərləri, filmi çəkən rejissorlar nəhayət dərk etməlidirlər ki, zəif, cəsarətsiz ssenarilərlə uğurlu ekran əsəri ortalığa qoya bilməyəcəklər. Bu sahəyə ayrılan pullarda hədər yerə gedəcək. Bu gün bəzi insanlar deyirlər ki, biz də yavaş-yavaş serial çəkməyi öyrənirik. Hətta Türkiyə təcrübəsini, indi çəkdiyi filmləri örnək gətirirlər. Məncə, bu müqayisə uğursuz cəhddir. Vaxtilə Azərbaycanda "Arşın mal alan", tarixi mövzuda "Babək" və digər möhtəşəm kino nümunələrimiz ortalığa çıxanda Türkiyənin kino sənayesi çox zəif səviyyədə olub. Həqiqətən bu sahə hazırda qardaş ölkədə inkişaf etməkdədir. Bizdə isə bu inkişaf tendensiyası görünmür.
Əlqərəz, kino sənayesində və xüsusilə, serial çəkilişində problemin kökü, mahiyyəti, törədəcəyi fəsadlar çoxlarımıza aydındır. Qaranlıq qalan isə yazılmamış qanunlarla tənzimlənən dəyərlərin itməsi təhlükəsidir. "Babək" filminə baxan gənc Babək kimi mübariz olmaq istəyir. Bu gün çəkilən bəzi seriallara, orada olan obrazlara baxan gənc kim olmaq istəyəcək? Bu suala oxucular özləri cavab versin.
Azərbaycanın kino sənayesinə, ssenarilərin yazılışına münasibət dəyişməlidir. Qeyri-peşəkar, cəsarətsiz, zəif ssenarilərdən qurtulmaq üçün müsabiqələr elan olunmalıdır. Əks təqdirdə telekanalları zəbt edən bayağı ssenarilərdən qurtula bilməyəcəyik.
Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri-mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər. Bu sahənin rentabelli işləməsi üçün kinonun da iqtisadiyyatı formalaşmalıdır. Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür.
Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib ən azından Türkiyə və digər ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar.