|
|
|
|
“Ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə, təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu, Azərbaycanın öz iqtisadiyyatını düşünülmüş şəkildə qurduğunu, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyir”.
525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim partiyadan olan millət vəkili Sevinc Fətəliyeva növbəti ilin dövlət büdcəsinə münasibətini bildirərkən dilə gətirib.
Onun dediyinə görə, parlamentdə büdcə müzakirələri zamanı çıxışında qeyd etdiyi kimi, ötən dövrdə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə dinamik inkişaf davam edib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin , rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də dövlət başçısının yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi bu sahə üzrə qəbul edilmiş proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub:
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülüb, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilib, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib. Bunların hamısı büdcə lahiyəsinin düzgün bölünməsinin nəticəsidir.
Lakin bununla yanaşı, çıxışım zamanı da vurğuladığım kimi, görüləcək işlərimiz də var. Bu gün Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair konkret siyasət həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilib. Bu baxımdan, millət vəkili seçildiyim Suraxanı rayonunda da bu sahədə də işlərin görülməsi vacibdir. Məsələn, Hövsan qəsəbəsi və kəndində mövcud mədəniyyət saraylarının ciddi təmirə ehtiyacı, kütləvi kitabxananın tikintisi ,əhalisi 16 min 700 nəfər olan Zığ qəsəbəsində doğum evinin və ya müasir standartlara uyğun xəstəxananın mövcudluğu, məhəllədaxili asvalt döşəmələrin salınmasının sürətlənməsi vacib məsələlərdəndir və bu məsələlərin nəzərə alınmasını bir daha xahiş edərdim”.
S,Fətəliyevanın eyni zamanda bildirdiyinə görə, son zamanlar hər birimiz uşaqlara qarşı zorakılıq hallarının çoxalmasının şahidləriyik:
“Ailədaxili zorakılığa məruz qalan uşaqların psixoloji reabilitasiyaya ehtiyacları var. Bir neçə müddət öncə “Soaial xidmət haqqında “ qanun qəbul edilib. Odur ki, psixoloji reabilitasiya mərkəzlərinin açılması zəruridir. Təssüflər olsun ki, ölkəmizdə sayları çox olmasa da, valideyn himayəsindən məhrum qalan, sərgərdan və “küçə həyat”ı sürən uşaqlar mövcuddur. Onları nə uşaq, nə də ki internat evlərinə göndərmək olar, onlar üçün xüsusi tərbiyəvi sosial sığınacaqların yaradılması vacibdir. Eyni zamanda, biz informasiya əsri dövründə yaşayırıq və bu şəraitdə ən effektli silah isə informasiyanın mümkün qədər çox insanlara çatdırılmasıdır. Təklifim ondan ibarətdir və parlamentdə də səsləndirdim ki, Azərbaycanın müasir tarixini əks etdirən keyfiyyətli sənədli filimlər çəkilsin. Hər birimiz tez-tez xarici səfərlərə gedirik. Bunlardan ən önəmlisi 20 Yanvar və Xocalı soyqırımlarına əlaqədar tədbirlərdir. Bu tədbirlərdə yetərincə xarici qonaqlar iştirak edir. Belə tədbirlərdə Azərbaycanın həqiqətlərini əks etdirən sənədli filimlərin nümayişi məqsədəuyğundur və vacibdir. Bir daha təklif edirəm ki, qeyd olunan mövzuda filimlərin çəkilməsi üçün vəsait ayrılsın”.
Kamil Həmzəoğlu