|
|
|
|
Qorxağın, satqının vətəni olmur. Onları vətən yox, şəxsi maraqları düşündürür. Vaxtılə tanınmış qırğız yazıçısı və mənim çox sevə-sevə oxuduğum yazar Çingiz Aytmatov marginallaşmanın təzahür formasını göstərirdi. Bu da Sovet dövrünün ideoloji basqısı nəticəsində yaranan manqurtlaşma idi. Çingiz Aytmatovun təbirincə, manqurtlaşma insanların beynini, milli kimliyini dəyişməyə xidmət edən mexanizm idi. Əslində, həmin mexanizm müəyyən mənada gerçəkləşdi, bir çox cəmiyyətlərdə oturuşmağa imkan tapdı.
Bu gün də oxşar proseslər gedir. Qərbdən və yaxud mənbəyi, sifarişçisi o qədər məlum olmayan qaranlıq dairələrdən gələn və Azərbaycanda ailə institutunu dağıtmağa hesablanmış layihələr həyata keçirilir. Bu, vaxtılə müxtəlif əcnəbi serialların nümayişində, qadın hüquqlarının qorunması adı ilə həyata keçirilən şübhəli xarici donorların layihəsində, sonralar teleməkanda nümayiş olunan çox məsuliyyətsiz, bayağı şoularda, təhsil sistemində yaranan boşluqlarda və digər məqamlarda özünü büruzə verdi.
Bütün bu düşünülmüş hücumlara baxmayaraq Azərbaycanda ailə institutu möhkəmdir. Hətta bir sıra sosial-iqtisadi problemlərə baxmayaraq Avropa ilə müqayisəyəgəlməz dərəcədə ailə institutu qorunub saxlanılır. Lakin düşünülmüş ideoloji silah öz işin görür. Əslində, xalqın çox mütərəqqi, əsrlərin sınağından çıxan adət-ənənələrı qorunmalı idi. Qloballaşma şəraitində Qərblə inteqrasiya intellektual müstəvidə, düşüncə mübadiləsi səviyyəsində, milli dəyərlərin qorunması şərtilə məqbul olar. Azərbaycanın çox dəyərli ziyalısı, türkoloq Əli bəy Hüseynzadənin fikirlərini bir daha təkrar edirəm. O ötən əsrin əvvəllərində yazırdı: "Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir". Bu gün də həmin fikir aktualdır. Zamanında zəruri addımlar atmasaq bizim milli kimliyimiz bu qloballaşma şəraitində itib gedə bilər.
Bu gün tarixi şəxsiyyətlərə damğa vurmaq, onları aşağılamaq yalnız ədalətsizlik deyil. Bu həm də Azərbaycan insanın milli kimliyinə, ruhuna zərbədir. Belə addım həm də Qarabağın, işğal olunan torpaqlarımızın itkisi ilə barışmaq deməkdir. Yüzillərdir erməni uydurma tarix yaradır və dünyada onu qəbul etdirməyə çalışır. Biz isə minillik tariximizdən, qürur duya biləcəyimiz tarixi şəxsiyyətlərdən niyə imtina etməliyik? Bu, şahsevənlik, büdpərəstlik deyil. Tarixi şəxsiyyətlərdən, milli qəhrəmanlardan, dəyərlərdən imtina etmək insanların milli kimliyinin unudulması deməkdir. Bu gün kimsə qatı millətçiliyin, kimsə kosmopolit düşüncənin tərəfdarı, daşıyıcısı ola bilər. Ola bilər kimlərsə mənim fikirlərimlə razılaşmasın. Mənim fikrim belədir ki, bunun hər ikisi yanlışdır. Bu gün milli kimliyimizi qoruyaraq dünyaya çıxmaq üçün bunun ikisinin sintezindən yaranan düşüncə ortaya qoymaq lazımdır.
Necə ki, vaxtılə dahi bəstəkar Üzeyir Hacıbəyli, Rəşid Behbudov və digər tanınmış simalar, ictimai-siyasi xadimlər milli kimliyi əsas tutaraq ölməz sənət nümunələri yaratdılar, Azərbaycan üçün çalışdılar. Bu da qəhrəmanlıq idi, vətənpərvərlik idi. Hər kəs öz sahəsinin peşəkarıdırsa və həmin intellekti cəmiyyətin inkişafına səmimi olaraq həsr edirsə, belə işlər alqışlanmalıdır.