|
|
|
|
Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulan “texniki dəhliz”in hazırlanması vaxtından əvvəl başa çatıb.
“APA-Economics”in Türkiyənin Haberler.com xəbər saytına istinadən verdiyi məlumata görə, “texniki dəhliz”in hazırlanması cari ilin martın 15-də başa çatmalı idi. Lakin işlərin sürətləndirilməsi səbəbindən hazırlıq prosesi fevralın 2-si başa çatıb.
Qeyd edək ki, TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsinin səhmdarları 2015-ci ildə qaz kəmərinin təməlqoyma mərasimini keçirməyi, 2018-ci ildə onu istifadəyə verməyi planlaşdırırlar. TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir. Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAŞ - 30%.