– Çox vaxt media nümayəndələri təşkilat və dövlət qurumlarının mətbuat xidmətindən narazılıq edirlər. Xüsusilə də telefonların götürülməməsi, jurnalistlərin suallarına cavab verilməməsi bu narazılıqların əsas səbəblərindən biri kimi göstərilir. Sizinlə də belə problemlər yaşanırmı?
– Ümumiyyətlə, hazırda mədəniyyətlə bağlı elə bir mətbuat nümayəndəsi tapılmaz ki, Zöhrə Əliyevanın əl telefonunun nömrəsini bilməsin. İnanın bəzən səhər saat 8 olmamış telefonuma zəng gəlir. Elecə də nazirliyin şəhər telefonları. Həmkarım İntiqam Hümbətovla bərabər hər zaman bacardığımız qədər çalışırıq ki, media nümayəndələrinin suallarını cavablandıraq, onlara lazım olan məlumatları ötürək. Demək olar ki, əməkdaşlıq etdiyimiz jurnalistlərin adlarını əzbər bilirəm. Çalışıram, onlara qarşı son dərəcə diqqətli olum. Bəzən görürsən hansısa jurnalist tədbirə gəlib, amma kefi yoxdur. Bəzən bir kəlimə xoş söz də adama yaxşı təsir edə bilər. Zatən bütün insanlar belədir. Mən şəxsən özüm uzun müddət mədəniyyət sahəsində fəaliyyət göstərməyimə baxmayaraq, Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə heç vaxt müraciət etməmişəm. Mədəniyyət və Turizm Nazirliyi yaranandan sonra biz çalışdıq, jurnalistlərlə münasibətlərimiz maksimum dərəcədə səmimi və işgüzar olsun. Buna nə qədər nail ola bildiyimizi isə siz jurnalistlər deyə bilər. Respublikanın aparıcı qəzetlərində dərc olunan monitorinqlərdə bizə bircə şey irad tutulub, o da nazirliyin saytında mətbuat xidmətinin telefon nömrəsinin yazılmaması... Bu da düzələn məsələdir. Saytımız yenilənir və biz çalışırıq ki, çatışmazlıqları aradan qaldıraq.
– KİV nümayəndələri ilə aranızda anlaşılmazlıqlar olurmu və bunu necə aradan qaldırırsınız?
– Təbii ki, bütün sahələrdə bu cür problemlər olur. Necə deyərlər “Gəzən ayağa daş dəyər”. Siz özünüz də nazirliyə nə qədər zəng daxil olduğunun şahidi oldunuz. Amma jurnalistlər də bunu bilib, anlamalıdır ki, hər hansısa bir qurumun mətbuat katibi onlara dərs verməyə məcbur deyil. Bəzi jurnalistlər saytımızı açıb oxumaq əvəzinə o sualı mütləq telefonda soruşmağı tərcih edir. Deyirəm, zəhmət olmasa, sayta baxın. Cavab verir ki, hansı sayta. Hər kəs peşəkar adamla çalışmaq istər. Əgər mədəniyyətdən yazan jurnalist Mədəniyyət və Turizm Nazirliyinə zəng vurursa özünü buna hazırlamalıdır, nazirliklə, mədəniyyətlə bağlı müəyyən bilgiyə sahib olmalıdır. O cümlədən gəldiyi tədbirin, verdiyi informasiyanın mahiyyətini dərk etməlidir. Elə suallar var ki, onun cavabını hər bir jurnalist öz həmkarlarından, iş yoldaşlarından çox asanlıqla öyrənə bilər. Ancaq yenə də biz əlimizdən gəldiyi qədər çalışırıq ki, heç bir jurnalist bizdən narazı qalmasın.
– Sizcə, media ilə uğurlu əməkdaşlıq yaratmaq üçün mətbuat katibi hansı keyfiyyətlərə malik olmalıdır?
– Ümumiyyətlə, məncə, mətbuat katibi jurnalistlərə qarşı hər zaman açıq olmalıdır, səmimiyyət ən böyük faktordur. Hər işdə olduğu kimi. Mətbuat katibinin əsas keyfiyyətlərindən biri də işlədiyi quruma aid bütün bilgilərə sahib olmasıdır. Onun intellektual səviyyəsi, özünün danışıb yazmaq, insanlarla ünsiyyət yaratmaq bacarığı olmalıdır. Bəzən gənc jurnalistlərin təcrübəsizliyini və bundan çəkindiklərini hiss edirəm. Amma görəndə ki, həmin jurnalist öyrənmək istəyir, öz üzərində çalışır hər zaman gənc həmkarlarıma dəstək olmağa cəhd edirəm. Üstəlik də mən təbiət etibarı ilə qapalı insan deyiləm. Yəni ekstarvert adamam. Hər bir insanın şəxsi problemləri olur, o cümlədən mənim də, amma bu o demək deyil ki, mən bunu işimə yansıtmalıyam, bu mənim qəbul etmədiyim bir məsələdir. Nadir hallarda mən jurnalistlərlə sərt danışaram, o da həddindən artıq qeyri- peşəkarlıqla qarşılaşanda.
– Əməkdaşlıq etdiyiniz mədəniyyət müxbirlərinin işlərindən razısınızmı?
– Həyatda heç bir şey kamil deyil. Çalışdığın sahəyə, gördüyün işə sevgi ilə yanaşmaq vacib məsələdir. Həyatımızda bizi əhatə edən hər bir şey vacibdir və hər bir işi də sevgi ilə görmək lazımdır. Ümumiyyətlə mədəniyyət sahəsi çox çətin sahədir. Bəzi insanlar asan yolla getməyə çalışır. Ona görə də çox asan sahə kimi hamı mədəniyyət sahəsinə üz tutur. Mədəniyyətdən yazmaq üçün zəngin mütaliə, geniş təfəkkür, yaxşı intellektual səviyyə vacibdir. Nəinki milli mədəniyyəti bilmək, həm də dünya mədəniyyəti haqqında geniş bilgilərə sahib olmaq lazımdır. Həm milli, həm də dünya ədəbiyyatını bilmək lazımdır. Çünki jurnalisitin yazdığı bir cümlədə artıq onun səviyyəsi ortaya çıxır. Artıq kifayət qədər peşəkar təcrübəm olsa da, mən də jurnalistlərdən çox şeylər öyrənirəm, çünki onlar cəmiyyətdirlər, amma mən informasiyanın içərisində olmaqla bərabər, həm də qapalı bir qurumun içərisindəyəm. Məlumatı təkcə biz jurnalistlərə ötürmürük, həm də onlar bizə məlumat ötürürlər. Jurnalistlər daima informasiya axtarışında olduğu üçün hansısa xarici saytlarda bizim haqqımızda, ya da maraqlı mədəni məlumatları bəzən bizdən daha tez oxuyurlar. Bizdən əvvəl artıq onu cəmiyyətin diqqətinə çatdırırlar. Bu iki tərəfli münasibətin olması çox gözəl bir şeydir. Mənə elə gəlir ki, bu sahədə kifayət qədər təcrübəsi olan jurnalistlər işləməlidir. Amma bizim sahədə çalışan jurnalistlərin çoxundan razıyam, bəzən iradlarımı anlayışla qarşılayırlar. Çalışdığımız mədəniyyət müxbirlərinin gün-gündən səviyyəsinin necə yüksəldiyinin şahidi oluruq. Bu da çox gözəl bir hadisədir. Heç kim anadan intellektual, təcrübəli doğulmur. Əsas olan çalışmaqdır, öyrənməkdir. Hörmətli nazirimiz Əbülfəs Qarayev də jurnalistlərə böyük hörmətlə yanaşır və mediaya açıq adamdır. Ümumiyyətlə dövlət qulluqçuları ilə jurnalistlər arasında körpü olmaq, hər iki tərəfin mövqeyini müdafiə və ifadə etmək,tərəflərin bir- biri ilə ünsiyyət yaratmasını təşkil etmək çox çətin və məsuliyyətlidir. Kiməsə yuxarıdan aşağı baxmaq mədəni adama yaraşan xüsusiyyət deyil. Hər kəsin işinə hörmət etsən və bunu qarşı tərəfə hiss etdirsən, o zaman uğur səninlədir.
– Zöhrə xanım, bilirik ki, uzun müddət televiziya və radioda çalışmısınız. Sizin çalışdığınız illərlə müqayisədə yeni yaranmış televiziyalar və mətbuat sahəsi arasındakı mənfi və müsbət cəhətlər nədir?
– Bu əslində çox çətin sualdır. O mənada çətindir ki, mətbuat katibi olaraq bütün televiziya kanalları və yazılı media ilə əməkdaşlıq edirik və çalışırıq ki, heç kim inciməsin. Mən ilk dəfə Azərbaycan radiosunda çalışmışam və çalışdığım 8 ilin həyatımda çox əhəmiyyətli rolu olub. 1985-ci ildən çox məsuliyyətli bir şöbədə çalışdım. O şöbədə ki, orda məndən əvvəl Mövlud Süleymanlı, Mailə Muradxanlı, Gülbəniz Hüseynova, Rafiq Səməndər, Vaqif Əlixanlı, Məmməd Oruc, İntiqam Mehdizadə, Ağalar Mirzə, Şəfəq Əlixanlı, Əliheydər Qasımov və başqa indi adları ədəbiyyatda məşhur olan istedadlı adamlar, imzası bütün peşəkar Azərbaycan jurnalistikasına məlum olan adamlar çalışıb. Mən də onların bir qismi ilə bərabər işlədim. Onlardan çox şey öyrəndim o müddət ərzində, amma onlar da məni bir jurnalist, bir yazı adamı kimi çox asanlıqla qəbul etdilər. Bu mənim üçün çox böyük bir fəxrdir. Çünki onlardan müsbət rəy almaq asan məsələ deyildi. Mənim əsas ixtisasım jurnalistika deyil, filologiyadır. İndi artıq həm də filologiya üzrə fəlsəfə doktoruyam. O vaxt çalışdığım həmin şöbəyə Azərbaycan mədəniyyətində- ədəbiyyatında və incəsənətində var olan çox sanballı insanlar gəlib-gedirdilər və bir müddət sonra mən özüm onların yazılarını radio üçün redaktə etməyə başladım. Bu çox çətin və məsuliyyətli məqamdır. Və hətta bu sözləri indi deyərkən belə mən həyəcanlanıram. Mən ədəbiyyatçı ailəsində böyümüşəm. Uzun müddət bədii jurnalistikada çalışmışam, daha sonra “Lider”də “Axşam çağı” proqramımız bağlanandan sonra mədəniyyət redaktoru kimi işlədim, amma orda da mənim xüsusi yerim var idi. Buna görə də mən “Lider” televiziyasının rəhbərliyinə olduqca minnətdaram. Hər kəsə bacarığına görə qiymət vermək özü də bir bacarıqdır. Radioda işləməzdən əvvəl bir neçə müddət yerli mətbuatda da jurnalist kimi fəaliyyət göstərmişəm. Şamaxıda dərc olunan “Yeni Şirvan” qəzetində təyinatla müxbir işləyirdim. Müqayisəyə gəlincə. Mən Azərbaycan Televiziyasında klassik və təmiz Azərbaycan dilində bədii informasiya ötürməyi öyrəndim. Amma cəmiyyət inkişaf edir. Bizim gözəl alimlərimizdən olan Muxtar Qiyaslı (onunla uzun müddət Azərbaycan Dillər Universitetində bir kafedrada çalışmışıq) həmişə deyirdi ki, yeni jurnalistika Azərbaycan dilinə çox böyük zənginlik, yeni məzmun gətirib. Özəl televiziyaların, çoxsaylı qəzetlərin yaranmasının, yeni jurnalistikanın meydana gəlməsinin cəmiyyətə həm mənfi, həm də müsbət təsiri oldu. Çünki yazı tərzində, dilimizdə həm müsbət, həm də mənfi tendensiyalar formalaşmağa başladı. Azərbaycan Televiziyasının özünün yeni televiziyalara nisbətən mühafizəkar qaydaları var idi, elə indi də qalıb o qaydalar. Amma bəzi hallarda mühafizəkar olmağın da yeri var. Bu günün çox peşəkar jurnalistləri məhz orda yetişib. Nəinki redaktorlar, aparıcılar, həm də operatorlar, texniki işçilər... Ümumiyyətlə düşünürəm ki, yetkin jurnalist olmaq üçün həm Azərbaycan Televiziyasında, həm özəl kanallarda çalışmağın çox müsbət tərəfləri var. Sonradan Azərbaycan Televiziyasına gəlirsənsə, sən orda yeni jurnalistikanın məqamlarını tətbiq edə bilirsən, yaxud özəl kanallarda işləyirsənsə, orda da klassik təcrübəni tətbiq edirsən. Bu çox gözəl bir cəhətdir, təbir caizsə, toplanan təcrübənin inteqrasiyası da demək olar buna. Müqayisə edəndə hər iki məktəbin bir –birinə təsir edən xüsusiyyətləri var. Əlbəttə ki, sonradan yaranan tərəf daha çox öyrənilməlidir.
– Zöhrə xanım Mədəniyyət və Turzim Nazirliyi mədəni həyatımıza hansı töhfələri verdi bu il?
– Bizim fəaliyyət istiqamətlərimiz bilirsiniz ki, müxtəlifdir. İncəsənət, musiqi, kino, teatr və sairə sahələrdə bu il də hər il olduğu kimi bir çox islahatlar həyata keçirildi və nailiyyətlər qazanıldı. Bu il Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı, Fikrət Əmirovun yubileyi çərçivəsində festivallar keçirildi. Bundan başqa hər ilin sonunda olduğu kimi Rastropoviç festivalı oldu. Bu il də ölkəmizə xarici orkestrlər, məşhur dirijorlar və artistlər gəldi. Bir çox beynəlxalq tədbirlər keçirildi. Bunun özü həm də turizmin inkişafına dəstəkdir. Çünki bura gələn qonaqlar burdan öz ölkələrinə təəssürat aparırlar. Beynəlxalq teatr festivalına artıq neçənci dəfədir ki, dünya teatr xadimlərini, tənqidçilərini dəvət edirik. Bu il də Kan festivalında iştirak etdik. Düşünürəm ki, hələ gənc ölkəyik və bu illər ərzində çox şeyə nail olmuşuq. Luvrda Şərq incəsənəti zalı açılıb. Biz həmişə şikayət edirdik ki, Azərbaycan xalçaları orda başqa adlarla tanıdılır.Artıq Azərbaycan xalçalarının öz adı ilə tanınması təmin olunacaq. Aşıq sənəti YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, dünyanın heç bir yerində belə sənət və sənətkarlar yoxdur. Aşıq sənətinə marağın artması üçün təntənəli bir Aşıq festivalı keçirildi. Bölgələrin inkişafı üçün biz “2010-2014- cü illər Xalq Yaradıcılığı Paytaxtları” layihəsini həyata keçiririk. Bu layihənin regionların həyatına necə təsir etdiyinin siz də canlı şahidisiniz. Bundan başqa Azərbaycan kitabını bütün dünyada təbliğ edirik. Turizm sərgilərində, bütün kitab fuarlarında iştirak edirik. Sonuncu dəfə biz Frankfurtda kitab yarmarkasında olduq. Mən bütün getdiyim ölkələrdə insanların əlində kitab, qəzet, jurnal görürəm.Frankfurt kitab sərgisində də şahidi oldum ki, Avropada insanlar, xüsusilə gənclər, çox kitab oxuyur. Bu şəhərə çox romantik bir görkəm verir. Bütün səfərlərimizdə, beynəlxalq tədbirlərimizdə çalışırıq ki, növbə ilə həm dövlət qurumlarını, həm də özəl televiziyaların komandalarını tədbirlərə aparaq ki, bu hadisələr mədəniyyət tariximizin yaddaşında qalsın.
– Peşəkar jurnalist kimi gənc jurnalistlərə tövsiyələriniz nədir?
– Bilirsiniz, təbii ki, öz işini yaxşı bilən ağıllı adamla söhbət etmək, iş görmək daha asandır. Hərçənd ki, cəmiyətdə bəzən ağıllı adamlardan qorxurlar. Amma bu ayrı söhbətin mövzusudur. Mən ilk növbədə bu sahədə çalışan hər kəsə peşəkarlıq, ətrafdakı hadisələrdən xəbərdar və anlayışlı olmağı arzu edirəm. Həm həyatın, həm də jurnalistikanın yazılmış və yazılmamış qanunları var. Yazılmış qanunları öyrənmək asandır, oxuyarsan, öyrənərsən. Yeri gəlmişkən, bu məsələdə hər iki tərəfə daha diqqətli olmağı arzu edirəm, çünki bir çox fəsadlar elə bu qanunları bilməmək üzündən baş verir. Hər iki tərəfin hüquqları olduğu kimi, vəzifələri də var. Yazılmamış qanunlara gəlincə isə, onları həyat öyrədir. Bu məsələdə də səbrli olmaq şərtdir.
Günel MUSA