https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Əyalət futbolçularının uğurları

Əyalət futbolçularının uğurları

Yəhya PAŞAZADƏ

Respublikamızın bölgələrində idmana, xüsusilə, futbol oyununa diqqət və maraq xeyli  yüksəlib.

Bunu Ağcabədi rayonunun Köyük kəndində yaradılmış "Aran" futbol klubunun timsalında aydın görmək olar. Bir neçə il öncə yaradılmasına baxmayaraq, adıçəkilən futbol klubu qızlardan və oğlanlardan ibarət komandalar ilə artıq yaxşı tanınır.

Klubun təşkilatçıları və məşqçiləri  Nizami Məhərrəmov, Mahir Bağırlı və  məşqçi köməkçisi Akif Əliyevin fədakarlığı sayəsində Köyük kənd orta məktəbinin bazası əsasında  Qarabağda ilk 13 yaşınadək qızlardan, 12, 13 və 14 yaşlı oğlanlardan ibarət təşkil olunan komandalara qonşu kəndlərdən də oyunçular dəvət edilib.Yeniyetmə futbolçular öz məzmunlu oyunları ilə bir çox uğurlara imza atıblar. "Aran" futbolçuları ötən ildə olduğu kimi cari mövsümdə də,  respublika birinciliyində diqqətəlayiq oyun nümayiş etdirirlər. Ölkə birinciliyinin Qərb regionu üzrə 8 komandası arasında özünəməxsus oyun üslubu və dəst-xətti ilə fərqlənən "Aran" futbolçularının oyunları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Ötən ilin oktyabr ayından start götürən çempionata klubun qızlardan ibarət komandası İsmayıllı, oğlanlardan ibarət komandaları isə Mingəçevir şəhərlərində yarışır.

Güclü rəqiblərinə qalib gəlməyi bacaran qızlardan ibarət komanda yarışların 4-cü pilləsində qərarlaşıb. Məşqçilərin qənaətinə görə, yüksək əzmkarlıq göstərən komandanın 2-ci yerə yüksəlmək şansı böyükdür.

Komandanın kapitanı və qapıçısı Ağca Məhərrəmova sözügedən futbol liqasında ən güclü qolkiper hesab olunur. İstedadlı futbolçular, çempionatın bombardiri Leyla Məhərrəmli, Günel və Yeganə Həsənzadələr, Yasəmən və Ləman Qarayevalar, Tərlan Əliyeva, Kəmalə Bayramova, Minarə Məmmədova və digərləri sərgilədikləri oyunları ilə məşqçilərin etimadını doğruldub, azarkeşlərin rəğbətini qazanıblar.

Qeyd edək ki, oğlanlardan ibarət komandalar da qızlardan geri qalmırlar. Onlar daxil olduqları qrup komandaları arasında ilk dördlükdə möhkəmləniblər.

Futbolçulardan Röyal Məhərrəmli, Mirafət Bayramlı, Fuad Hacızadə, Namiq Nəcəfov, Zülfüqar Muxtarlı, Ömər Həsənzadə, Natiq Bağırlı, Mürsəl Əlizadə, Tural Hacızadə, Roman Qəhrəmanov və başqaları komandaların turnirdə layiqli oyun nümayiş etdirmələri üçün əllərindən gələni əsirgəmirlər.

Məşqçilərin dediklərinə görə, futbolçuların uğur qazanmalarında aparılan ciddi məşqlər mühüm əhəmiyyət kəsb edir. Köyük kənd orta məktəbinin geniş idman zalında və futbol meydançasında bunun üçün hər cür şərait mövcuddur. Futbolçular burada qarşıdakı yarışlara lazımınca hazırlaşa bilirlər.        

"Aran" futbol klubunun sponsora çox böyük ehtiyacı olduğunu vurğulayan Nizami Məhərrəmov və Mahir Bağırlı geniş maliyyə dəstəyi olan komandaların daha yüksək nəticələr qazana biləcəyinə əmindirlər.

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.