Antikorrupsiya haqqında bu gün çox danışılır, təkliflər səslənir. Kimlərsə inzibati tədbirləri, kimlərsə cəmiyyətdə maarifçilik işlərinin genişlənməsini əsas çıxış yolu kimi önə çəkirlər. Əslində bütün bunlar antikorrupsiya tədbirləri çərçivəsində vacib elementlərdir. Ancaq əsas çıxış yolu deyil.
Müxtəlif yanaşmalar və çıxış yolları ola bilər. Mənim fikrimcə, bunlardan biri də hansısa bir sahədə şəffaflığı təmin etmək məqsədilə optimal mexanizmlərin yaradılmasıdır. Burada məqsəd hansısa qeyri-qanuni ödəniş cəhdlərinin qarşısını birdəfəlik almaqdır.
Məsələn, vaxtilə ali məktəblərə qəbul prosesində şəffaflığı təmin etmək məqsədilə test imtahanlarının tətbiqi uğurlu addım idi. Bu gün də bu mexanizm özünü doğruldur və savadı olan, öz üzərində ciddi çalışan gənc test imtahanlarından yüksək bal toplayıb ali məktəblərə daxil olur. Vaxtilə bir çoxları test sisteminin özünü doğrultmayacağını, testin çox mənfi nəticələrinin olacağını bildirirdilər.Ancaq zaman keçdikcə bu mexanizm özünü tam təsdiqlədi. Onu da qeyd edək ki, bir sıra sahələrdə o cümlədən vergi bəyannamələrinin elektron xidmətlər vasitəsilə həyata keçirilməsi, ümumilikdə, “elektron hökumət” anlayışı özünü doğruldan mexanizmlərdir. Deməli, antikorrupsiya tədbirləri çərçivəsində işlək mexanizmlər zəruridir.
Diqqət yetirəndə hiss olunur ki, yeni yaradılan “Asan xidmət” mərkəzi də yaxşı antikorrupsiya mexanizmi ola bilər. İlk öncə ondan başlayaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində 9 dövlət orqanının 23 hüquqi xidməti həyata keçirilir.Bu da vətəndaşların müxtəlif iş üçün məmur qapısını döyməsinin qarşısını alır. İkinci vacib məqam ondan ibarətdir ki, bu xidmətə müraciət edən vətəndaşlardan hər hansı qeyri-qanuni ödəniş tələb olunmayacaq. Düzdür, bu gün bir çox insanlar buna sadəcə olaraq inana bilmirlər ki, gedib yalnız dövlət rüsumu ödəməklə qanuna müvafiq olaraq şəxsi evləri və yaxud torpaq sahələri üçün qeydiyyat və digər lazımı sənədlər ala bilərlər, hər hansı əlavə ödəniş etmədən bu məsələləri çözə bilərlər.Təcrübə belədir ki, vətəndaş hər hansı bir sənəd üçün gərək şəhəri ələk-vələk etməli idi. İndi isə vəziyyət tam dəyişəcək. Bu, özünü doğrulda biləcək innovativ mexanizmdir.
Xidmət sahəsində yeni modern idarəetmənin yaradılması və bunun davamlı prosesə çevrilməsi əslində zamanın tələbidir.
2013-cü ildə Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olundu.
Prezident İlham Əliyev bu barədə sərəncam imzaladı. Ölkə rəhbərinin təşəbbüsü və dəstəyi ilə “Asan xidmət” mərkəzi reallığa çevrildi.Təbii ki, burada müəyyən problemlərin yaşanması mümkündür. Hələ ki şüurlarda oturuşmayan belə mexanizmi həzm edə bilməyən qosqoca məmurlar işin ümumi ahənginə çətin alışsınlar. Bir çox hallarda bu pilot layihəyə əngəl olacaqlar. Ancaq geriyə yol yoxdur.
Bütün hallarda belə layihənin uğurlu görüntüləri artıq hiss olunmaqdadır. “Asan xidmət” mərkəzi açılandan sonra ora müraciət edənlərin sayı artmaqdadır. Çox güman ki, gələcəkdə digər işlər də “Asan xidmət”ə həvalə olunsun. Bu xidmətlər sırasında avtomobillərin gömrükdən keçirilməsini, fərdi evlərin tikintisinə icazə vermək səlahiyyəti və başqa işlər ola bilər.
Burada bir vacib məqam var.Bütün problemlərin həllini yalnız “Asan xidmət” də axtarmaq düzgün olmaz. Yeni işə düşən bu sistemin daha da təkmilləşməsi və özünü doğrultması üçün bəzi addımların atılmasına ehtiyac var. İlk öncə cəmiyyətdə bu xidmətin mahiyyəti haqqında maarifləndirici aksiyalar davamlı aparılmalıdır.
TV-lərdə, ümumilikdə mediada sosial reklam çarxlarının yayımına ehtiyac var. Çünki əhalinin böyük əksəriyyəti bu barədə məlumatsızdır. Müsbət hal olardı ki, QHT sektoru əməkdaşlığa cəlb olunsun. Burada elə xidmətlər var onu ixtisaslaşmış QHT-lər daha yaxşı yerinə yetirə bilərlər. Artıq dünyada belə təcrübə var: dövlət bir çox sahələrdə işləri QHT-lərə həvalə edir. Əslində bu, demokratik, şəffaf cəmiyyət üçün məqbul variantdır.