Müasir cəmiyyətdə mətbu proseslərin sürətli inkişafı bir sıra amillərlə bağlıdır və bu inkişaf özünün məntiqi nəticələrini meydana çıxarır. Tərəqqidə olan ictimai-siyasi formasiyanın, konkret cəmiyyətin lokomotivi elmi-texniki inqilab, yeni ictimai münasibətlərin yaranması ilə reallaşan, evalyusiyanın danılmaz atributuna çevrilən informasiyadır. Məhz informasiya axınının intensivləşməsi, planetin ən fərqli ictimai-siyasi mühitində, eləcə də kommersiya dünyasında bu əmtəəyə sonsuz maraq onu sivilizasiyanın taleyini müəyyən edəcək, bəlkə də dəyişəcək səviyyəyə qaldırır.
İnformasiyanın əsas daşıyıcısı olan media üçün isə söz və mətbuat azadlığı demokratik inkişafın ən başlıca istiqamətidir. Azad söz və azad mətbuat cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olmasında aparıcı rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən əsas amillərdən sayılır. Ayrı-ayrı ölkələrdə demokratiyanın səviyyəsini dəyərləndirərkən bu iki kriteriya hökmən nəzərə alınır, çünki mətbuat azadlığı elə cəmiyyətin azadlığının göstəricilərindən biridir.
Bəs açıq cəmiyyət nədir və özündə hansı qanunauyğunluq və prinsipləri ehtiva edir? Bu cəmiyyətin formalaşması üçün hansı şərtlərin olması zəruridir?
Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, elə bir fakta əsaslanır ki, heç kim həqiqət üzərində mütləq monopoliyaya malik deyildir, müxtəlif adamların müxtəlif nəzər – nöqtələri ola bilər, ayrı-ayrı qurumlar insan hüquqlarını mütləq müdafiə etməlidir, bütün insanlara sərbəst və əmin-amanlıq şəraitində yaşamaq imkanı verilməlidir. Buradan da aydın olur ki, debatlar açıq cəmiyyətin ilkin şərtlərindən biri, ayrılmaz hissəsidir. Bu qənaət müasir rus və dünya mətbuat nəzəriyyəçilərinin əsərlərində də dəfələrlə bu və ya digər formada öz təsdiqini tapmaqdadır . Ümumilikdə isə açıq cəmiyyət qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin varlığını, orada müxtəlif cəmiyyətlərin olmasını qəbul edən, ictimai azlıqlara və onların hüquqlarına hörmət edən bir cəmiyyət kimi xarakterizə olunur.
“Açıq cəmiyyət” anlayışı özünün yaranması və populyarlıq qazanması üçün ilk növbədə fransız filosofu Anri Berqsona minnətdar olmalıdır. “İntuitivizm” və “həyat fəlsəfəsi” cərəyanlarının qatı tərəfdarı olan A. Berqson hələ 1932- ci ildə yazmış olduğu “Mənəviyyat və dinin iki mənbəyi” kitabında bir-birinə tam əks mövqedə dayanan “açıq cəmiyyət “ və “qapalı cəmiyyət” fəlsəfi kateqoriyalarını müasir elmi – siyasi müstəviyə, daha konkret olaraq isə, sosial həyata daxil etmişdir.
Lakin A. Berqsonun sözügedən əsərində “açıq cəmiyyət” anlayışı yalnız dini – fəlsəfi məna daşıyır və ictimai həyatın digər sahələrinə tətbiq olunmur. Başqa sözlə deyilsə, bu kateqoriya sözügedən kitabda dini məzmun kontekstindən araşdırılır.
Avstriya mənşəli Böyük Britaniya alimi Karl Popperin 1945-ci ildə işıq üzü görmüş məşhur “Açıq cəmiyyət və onun düşmənləri” kitabından sonra açıq cəmiyyət araşdırmaları geniş şöhrət qazandı. Bu ikicildlik kitabda açıq cəmiyyət fəlsəfəsini özünün elmi səmərəlilik fəlsəfəsi ilə birləşdirən Popper iddia edir ki, “gələcək bizdən asılıldır və bizə heç bir tarixi zərurət təzyiq göstərmir”, “obyektiv tarixi prosesi öyrənməklə” yaratdıqları nəzəriyyə əsasında gələcəkdən xəbər verən “rəmmallar” ən azı səhv edirlər. Digər məqamda isə tarixilik əleyhdarı israr edir ki, “ gələcəyi qabaqcadan görmək olmaz, lakin onu kəşf etmək olar.” Belə fəlsəfə insanı həm öz nəzəriyyələrinin real həyata uyğunluğuna nəzarət etməyə, həm də fəal həyat mövqeyi tutmağa, konkret hərəkətlərə, xoşbəxt gələcəyə doğru təklikdə konkret addımlar atmağa sövq edir.
Məhz buna görə də Popper 5-7 il üçün nəzərdə tutulan qlobal planların əleyhinə çıxış edir. Popper hesab edir ki, kiçik addımlarla hərəkət etmək və lokal eksperimentlərdən təcrübə toplamaq lazımdır. Belə siyasəti o, “sosial mühəndislik” adlandırır. Sosial mühəndislik tərəfdarları hesab edirlər ki, siyasətin elmi əsasını ictimai institutları bizim məqsəd və arzularımıza uyğun olaraq qurmaq və ya dəyişmək üçün zəruri olan informasiyanın toplanması təşkil edir.
Karl Popper kimdir?
Ser Karl Popper elmi fəlsəfə, siyasi nəzəriyyə və sosiologiya sahəsində böyük xidmətləri ilə məşhurlaşmışdır. K. Popperin Debatlar Klubu məhz onun şərəfinə belə adlandırılmışdır. Qeyd edildiyi kimi, 1945-ci ildə yazdığı “Açıq cəmiyyət və onun düşmənləri” kitabı ilə Popper açıq cəmiyyət ideyasını məşhurlaşdırmışdır ki, bu anlayış da fəlsəfə, məntiq, iqtisadiyyat, politologiya, filologiya və jurnalistika elmlərinə güclü təsir göstərmişdir.
Karl Popper 1902-ci ildə Avstriyada anadan olmuş, təhsilini Vyana Universitetində almış və 1928-ci ildə elə orada ona bakalavr dərəcəsi verilmişdir. 1930-cu ilin sonlarında Karl Popper Yeni Zelandiyanın Kaystçers Universitetində dərs demək üçün Vyananı tərk edir.
1946-cı ildə onu London İqtisadiyyat Məktəbində dərs demək üçün Böyük Britaniyaya dəvət edirlər. Burada o, məntiq və elmi metod üzrə professor elmi dərəcəsi alır.
1972-ci ildə Popperə zadəgan titulu (ser) verilir və on ildən sonra isə o, Böyük Britaniyanın Fəxri Ordeninə layiq görülür. Karl Popper Kral Cəmiyyətinin, Britaniya Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının, həmçinin bir sıra milli və beynəlxalq Akademiyaların üzvü seçilmişdir.
1994-cü ilin iyununda K.Popper Praqada Mərkəzi Avropa Universitetində mühazirələrlə çıxış edir. Bu universiteti o, sabiq Sovet İttifaqı və Şərqi Avropada açıq cəmiyyət ideyalarını aşılayacaq intellektual bir mərkəz kimi təsis etmişdi.
“Açıq cəmiyyət və onun düşmənləri” kitabından başqa K. Popper “Elmi kəşfin məntiqi”, “Tarixçiliyin kasıblığı”, “Gümanlar və təkziblər”, “Obyektiv biliklər”, “Realizm və elmin məqsədi”, “Açıq kainat” və s. kimi geniş şöhrət qazanmış əsərlərin də müəllifidir.
Karl Popper 1994-cü ilin sentyabrında vəfat etmişdir.
Popperin anlamında açıq cəmiyyət tamamilə demokratikdir. Bu cəmiyyət qeyri – məhdud kapitalizm deyildir, eyni zamanda, onun kökündə marksizm və ya anarxizm də dayanmır: o, demokratiyanın müstəqil, ayrıca variantıdır.
Görkəmli publisist Ə.Ağayev 1899-cu ildə “Şərqdə jurnalistikaya bir nəzər” adlı məqaləsində yazırdı: “...Şərq xalqları arasında dövri mətbuatın yayılmasına uzun müddət mane olmuş və hələ də onun inkişafına mane olan digər səbəb - müsəlman xalqları arasında hər hansı tənzimləyici bağlılığın olmamasıdır. Məlum olduğu kimi, gündəlik və ya dövri mətbuat yalnız o yerdə mümkündür ki, orada fərdin cəmiyyətə və ya hakimiyyətə münasibətdə hüquq və vəzifələri az-çox dəqiq müəyyən edilsin, vətəndaşların əmlakı və azadlığı qanunla qorunsun, bir sözlə, həyat qaydaları sarsılmaz təmələ arxalansın. Lakin o yerdə ki, özbaşınalıq və ya hərc-mərclikdir, ümumi tənzimləyici təməl yoxdur, hər şey təsadüfdən və ya kimlərinsə istəyindən asılıdır, - orada mətbuata yer yoxdur” .
Azərbaycanda milli-azadlıq hərəkatının başlandığı 1988-ci ildə də, şübhəsiz, xalqı birləşdirən başlıca vəsilələrdən biri, bəlkə də ən birincisi də məhz mətbuat idi. Həmin ildən başlayaraq Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” qəzetində, həmçinin “Meydan”, “Azadlıq”, “Ayna” (Zerkalo), “Yeni Müsavat”, “Aydınlıq”, “Səhər”, “Həyat”, daha sonra isə “525-ci qəzet”, “Hürriyyət”, “Səs”, “İki sahil”, “Yeni Azərbaycan” və digər mətbuat orqanlarında dərc olunmuş analitik yazılar, ölkənin gələcəyi üçün narahatlıq hissi və ən əsası, bu nəşrlərin bir çoxu üçün xarakterik olan vətəndaşlıq mövqeyi onları kütlənin obyektiv informasiya mənbəyinə çevirdi. Bununla da sanki möcüzə baş verdi: hələ öz müstəqilliyini elan etməmiş respublikanın dünənə qədər cəmiyyətin arxasınca güclə sürünən mətbuatı tədricən geniş xalq kütlələrini inandıran, onları öz arxasınca aparan güc mərkəzinə, avanqard quruma çevrilməyə başladı.
Ölkə mətbuatı bu ərəfədə Qarabağ uğrunda gedən ümumxalq mübarizəsində, qanlı 20 Yanvar hadiəsələrinə etiraz aksiyalarında, ölkəni müstəqilliyə doğru aparan yolun bələdçiliyində də demokratik qüvvələrin, haqq işinin müdafiəçilərinin sırasında oldu. Beləliklə, ölkə mətbuatı passiv seyrçi mövqeyindən cəmiyyətin bütün təbəqələrinə bacarıqla nüfuz edən nüfuzlu ictimai qüvvəyə - sözün əsl mənasında, “dördüncü hakimiyyət”ə çevrildi.
Demokratik dəyişikliklərin, aşkarlığın, plüralizmin, insan haqlarının dönməz müdafiəçisi kimi tanınan, cəmiyyətdə baş verən bütün taleyüklü prob-lemlərə cəsarətlə nüfuz edən ölkə mətbuatının gücü ilə artıq ayrı-ayrı məmurlar deyil, hətta iqtidar və müxalifət də hesablaşmalı olurdu. Mətbuatın təsiredici gücünün ilk dalğasını cəmiyyət 1992-ci ildə “sınaqdan” keçirmiş oldu.
Müstəqilliyimizin ilk dövrlərində gedən prosesləri təsəvvür etmək üçün 1992-ci ildə baş vermiş bir hadisə ilə bağlı jurnalistlərin ölkə başçısına ünvan-landıqları müraciəti və həmin müraciətə cavabı diqqətə çatdırmaq yerinə düşərdi.Respublikanın 38 qəzet və informasiya agentliyi rəhbərinin Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə göndərdiyi məktubda bildirilirdi ki, 1992-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının daxili işlər naziri İ. Həmidov öz mühafizəçiləri ilə birlikdə “Ayna” qəzeti redaksiyasına gəlib qəzetin əməkdaşı Cahangir Hüseynovu döymüş, ləyaqətini alçaltmışdır.
İ.Həmidov bu zorakılığı “Ayna” qəzetində “Real” İnformasiya Agentliyinin verdiyi materialın dərc olunması ilə əsaslandırmağa çalışmışdır. Məktubda bildirilirdi ki, bundan qabaq nazir jurnalist Mahal İsmayıloğluna da kobudluq göstərmiş, ancaq Milli Məclisin bu hadisəyə laqeyd münasibəti və jurnalistlərin öz həmkarlarını zəif mudafiə etməsi nəticəsində hadisə prinsipial mövqedən qiymətləndirilməmişdir.
Dövlət aparatında məsul vəzifələrdə işləyib, nazirin özbaşınalıqlarına “dözümlü” münasibət göstərən şəxslərin də əslində bu cür hadisələrin təkrar-lanmasına, qanunsuzluğun baş alıb getməsinə şərait yaratması xüsusi qeyd edilmişdi.”Azadlıq”, “Azərbaycan”, “Azerbaydjan”, “ Azərbaycan dün-yası”, “Azərinform”, “Axtarış”, “And”, “Açıq söz”, “Ayna”, “Biznes”, “Bakı”, “Bakinski raboçiy”, “Birja”, “Vətən”, “Vışka”, “İstiqlal”, “ İki sahil”, “İncəsənət”, “Kəndin səsi”, “Millət”, “Müstəqil qəzet”, “Müxalifət”, “Nax-çıvan”, “Odlar Yurdu”, “Ordu”, “Svoboda”, “Səhər”, “Səs”, “Savalan”, “Tək səbir”, “Femida”, “Ülfət”, “Xalq qəzeti”, “Şimali Azərbaycan” qəzetlərinin, “Real”, “Turan”, “Xəbər servis”, “Xəbərlər” informasiya agentliklərinin rəhbərlərinin imzalıdığı müraciətdə deyilirdi: “Oktyabrın 2-də etiraz əlaməti olaraq “Azərbaycan” nəşriyyatının qarşısına toplaşmış jurnalistlərə Bakı şəhər Dİİ-nin rəis müavini Əli Əliyevin nalayiq söyüşlərlə göstərdiyi kobudluq, televiziya operatorlarının zorla polis avtomobilinə basılması da nazir İ.Həmidovun zorakılıqlarının məntiqi davamıdır.
Vətəndaşları hər cür zorakılıqdan məhz özü qorumalı olan DİN get-gedə zorakılıq aparatına, qanunsuzluq mücəssəməsinə çevrilir… Hadisələrin bu cür inkişafı Azərbaycanın demokratik dövlət quruculuğu yolunda olması haqqında beynəlxalq aləmdə təzəcə yaranmaqda olan rəyə də sarsıdıcı zərbə vuracaq.”
Bəri başdan haşiyə çıxaraq qeyd edək ki, media kapitanları “jurnalistlərin öz həmkarlarını zəif mudafiə etməsi” məsələsində, yumşaq deyilsə, bir qədər qeyri-obyektivliyə, şişirtməyə yol vermişlər. 1992-ci il sentyabrın 14-dən ölkə Milli Məclisinin qərarı ilə öz nəşrini “Azərbaycan” qəzeti kimi davam etdirən “Həyat” qəzetinin həmin il 24 sentyabr tarixli nömrəsində Ş. Çobanoğlu və E. Vəliyevin imzaları ilə çıxan “İ.Həmidov Mahal İsmayıloğlunu döyübmü?” başlıqlı məqaləsində bu məsələyə kifayət qədər kəskin münasibət bildirilmişdi. Müəlliflər bu məqalədə həmin il sentyabrın 21-də “Aydınlıq” qəzetinin əməkdaşı M. İsmayıloğlunun ölkənin daxili işlər naziri İ. Həmidov tərəfindən döyülməsinin birmənalı şəkildə pisləmiş və bu addımın demokratiya ilə bir araya sığmadığını xüsusi vurğulamışlar.
Daha sonra, son vaxtlar ölkədə sabitliyin yaradılması, çoxsaylı qanunsuz silahlı qrupların zərərsizləşdirilməsi, Azərbaycanın maddi sərvətlərinin talanmasının qarşısının alınması yolunda DİN-nin və şəxsən İ. Həmidovun böyük əməyinin olduğunu vurğulayan müraciət iştirakçıları cəmiyyətin sağlamlığı üçün çəkilən heç bir əməyin həmin cəmiyyətin üzvlərinə qarşı zor işlətmək hüququ vermədiyini bildirmişlər.
Müraciəti imzalayanlar - KİV təmsilçiləri Azərbaycan prezidentinə müraciətlə ümid edirdilər ki, nazir İ. Həmidovun qanunu kobudcasına pozan hərəkətlərinə prinsipial qiymət veriləcəkdir. Həmin dövrdə, əslində, heç kəsi saya almayan, “hər şeyə qadir” bir nazirlə bağlı ölkə prezidentinə faktiki olaraq ultimatum verən yeni müstəqil mətbuatın heç bir yaşı da yox idi! Amma bu müraciətdə nə qədər məntiq, nə qədər cəsarət və uzaqgörənlik, ən əsası, demokrtiya elementləri var idi!
Bu cür çox cəsarətli müraciətə, fəal vətəndaşlıq mövqeyinə cavab ver-məmək, hətta gənc bir ölkənin təcrübəsiz başçısı üçün də arzuolunmaz idi və elə sabahısı gün mətbuatda o vaxtkı ölkə başçısı Ə. Elçibəyin cavab məktubu* dərc olundu. Məktubda deyilirdi: “…Son günlər respublikanın daxili işlər naziri İsgəndər bəy Həmidovla “Aydınlıq” və “Ayna” qəzetlərinin əməkdaşları arasında olan münaqişə ilə bağlı müraciətinizi diqqətlə oxudum. Belə hesab edirəm ki, demokratik Azərbaycanın sabahı üçün haqlı narahatlıq və həyəcan ifadə olunub. Xalq hərəkatının ayrılmaz hissəsi olan demokratik mətbuatın keçmiş rejimin devrilməsində müstəsna xidmətləri olduğu kimi, demokratik dövlət quruculuğunda da rolu əvəzsizdir.
İndi xalqın sabaha inamı xeyli dərəcədə azad, demokratik mətbuatdan asılıdır. Mətbuatda obyektiv tənqid nəinki lazımdır, hətta vacibdir. Əlbəttə, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin biz demokratik cəmiyyətə məhz bu yolla getməliyik. Unutmayaq ki, sözə yalnız sözlə qalib gəlmək olar. Bu baxımdan son günlər ayrı-ayrı mətbuat nümayəndələrinə olan təzyiqlərə qarşı sizin həmrəyliyinizi alqışlayıram və belə hesab edirəm ki, bu birliyin özü demokratiyanın tədricən həyatımıza daxil olduğuna sübutdur.
Bəzi vətəndaşların və respublika rəhbərlərinin ayrı-ayrı qəzetlərə iradı ilə də razılaşmamaq olmaz. Doğrudan da, bəzi qəzetlər tez-tez jurnalist etikasını pozur, obyektiv tənqid əvəzinə şəxsiyyəti təhqir edir, böhtanlar atır. Demokratik cəmiyyətdə bu da yolverilməzdir. Lakin bu, hər hansı yazıya görə fiziki və mənəvi təhqirlərə səbəb olmamalıdır. Belə hallara heç cur bəraət qazandırmaq olmaz. Münasibətlərin aydınlaşdırılması üçün yalnız qanunun gücündən istifadə etmək lazımdır”.
İ. Həmidovu dolayı yolla müdafiə etmək məcburiyyəti qarşısında qalan və haqlı olaraq gənc mətbuatın nöqsanlarını da sadalayan Ə. Elçibəy daha sonra yazırdı: “ ...Bütün bunlara baxmayaraq, prezident kimi mən də sizinlə tamamilə şərikəm ki, belə məsul vəzifədə çalışan bir şəxsin bu cür hərəkəti qətiyyən yolverilməzdir.
Bu məsələ ilə bağlı Azərbaycanda demokratiyanın təhlükə altında olmasından ehtiyat edənlərə bildirmək istəyirəm ki, bundan sonra da respub-likamızda demokratiyanın, o cümlədən mətbuat azadlığı və insan hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edəcəyəm. Bugünkü şəraitdə yalnız fikir müxtəlifliyi cəmiyyətin inkişafı üçün əsas hərəkətverici qüvvə ola bilər...”
Bir sıra neqativ məqamlara şərh vermədən əsas diqqəti müraciətin ümumi ruhuna yönəltdikdə, burada olayla bağlı ölkə başçısının, cəmiyyətin, onların timsalında mətbuatın ağır təpkisini hiss etməmək qeyri - mümkündür. Ə. Elçibəyin cavab məktubunda medianın böyük imkanları, demokratik mövqeyi və cəmiyyətə böyük təsir elementlərini duymamaq olmur.
Bu hadisə, bəlkə də cəmiyyətin mediaya münasibəti sahəsində əhəmiyyətli bir dönüşün, sonsuz etibarın əsasını qoydu. Müraciətdən dərhal sonra İ.Həmidovun adları sadalanan jurnalistlərlə görüşüb üzrxahlıq etməsi, mətbuata ehtiramını bildirməsi belə ölkə başçısının onun qəbahətini öz adıyla adlandırmasının qarşısını ala bilmədi. Bu, bir daha sübut etdi ki, azad mətbuat ölkədə gedən demokratik proseslərin barometridir və o, vətəndaş cəmiyyətini öz arxasınca aparmaq missiyasını yerinə yetirməyə məhkumdur. Beləliklə, yeni müstəqil KİV Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesinin əsasını qoyan ən zəruri amillərdən biri oldu.
Qeyd edilənləri ümumiləşdirərək və müasir reallıqları nəzərə alaraq, və-təndaş cəmiyyətini təxminən bu şəkildə xarakterizə etmək olar:
Vətəndaş cəmiyyəti
a) əmək vasitəsi ilə öz fərdlərinin tələbatını təmin edən və müəyyən inkişaf mərhələsində olan insanların birlik formasıdır.
b) fərdlərin könüllü formalaşmış ilkin birliklərinin - ailə, kooperasiyalar
(peşə, yaradıcılıq, idman, etnik, milli, dini və s.) birliklər (siyasi partiyalar, həmkarlar ittifaqları ) kompleksidir.
c) cəmiyyətdə qeyri - dövlət münasibətlərinin (iqtisadi, sosial, mədəni, mənəvi, əxlaqi, milli, dini və s.) məcmusudur.
ç) dövlət hakimiyyəti tərəfindən fəaliyyətlərinə birbaşa müdaxiləyə və bu fəaliyyətlərin özbaşına reqlamentləşdirilməsinə qanunla yol verilməyən azad fərdlərin və onların birliklərinin təzahür sahəsidir.
Azərbaycanın zorla sürükləndiyi, 1987-ci ilin sonlarından başlayıb, 1991-1994-cü illərdə şiddətlənərək öz zirvəsinə çatdığı Dağlıq Qarabağ problemi ölkənin, eləcə də mətbuatın dinamik inkişafının qarşısına böyük sədd çəkdi. Yalançı yenidənqurma, Qorbaçovsayağı demokratiya bütövlükdə ölkəmizdə demokratiyanın təməl prinsiplərinə, insan haqlarına və sivil proseslərə kölgə saldı. Yenidənqurma və demokratiya pərdəsi altında Azərbaycanın başına gətirilən fəlakətlər milli azadlıq hərəkatıni, istiqlal mübarizəsini şiddətləndirsə də, 20 Yanvar 1990-cı il faciəsi, eləcə də zorla cəlb olunduğumuz Qarabağ müharibəsinin nəticələrinə beynəlxalq rezonans, dünyanın baş verən proseslərə ikili standartlardan yanaşması Azərbaycan cəmiyyətinin yaddaşında ağrılı izlər buraxdı.
Həmin dövrlərdə Azərbaycan mətbuatı və cəmiyyəti irticaya, qəsbkarlığa və fərqli standartlara münasibət məsələsində, ölkənin taleyi həll olunan ölüm-dirim savaşında heyrətediləcək və heç vaxt görünməmiş birlik və yekdillik nümayiş etdirirdi.
Bir faktı qeyd etmək çox fəxarətli və diqqətəlayiqdir ki, bu oyanma prosesinin, yeni həyat quruculuğu mücadiləsinin ön sıralarında cəmiyyətin bütün qabaqcıl nümayəndələri, strukturları ilə bərabər yenə də Azərbaycan mediası, ölkə jurnalistləri gedirdilər. Ölkə KİV-i suverenliyimizin ilk illərindən Qafqaz regionunda öz müstəqilliyi və demokratikiyi ilə xüsusi fərqlənirdi.
Hələ 1994-cü ildə “Azərbaycan” qəzeti mətbuatın ölkənin taleyində işti-rakından yazarkən çox haqlı olaraq göstərirdi ki, “... millətin millət kimi formalaşmasında mətbuatın rolu həqiqətən əvəzsizdir... XX yüzilliyin sonunda ən böyük nailiyyətlərimizdən biri də xalq hərəkatı ilə paralel şəkildə azad və müstəqil mətbuatın formalaşması oldu.
Xatırladaq ki, həmin dövrdə aylıq, həftəlik qəzetlər də daxil olmaqla ölkədə 282 qəzet çıxırdı. 41 jurnal, 14 informasiya agentliyi, 18 müstəqil televiziya və radio şirkəti isə təkrar qeydiyyatdan keçərək öz fəaliyyətini uğurla davam etdirirdi.
Ölkənin taleyüklü günlərində məhz ölkəmizin kütləvi informasiya vasitələri hakimiyyət strukturları ilə çiyin-çiyinə yeni demokratik quruluş uğrunda, plüralizm və insan haqlarının bərqərar olması yolunda dönmədən məqsədyönlü mübarizə aparırdı.
Bütün bu reallıqlar bir daha sübut edirdi ki, ölkədə azad mətbuat müstəqilliyimizin ilk illərindən mövcud olmuşdur, mövcuddur və heç bir qüvvə onun qarşısını kəsmək iqtidarında deyildir. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqdadır. Azərbaycanda Qərb standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi kimi qiymətləndirilə bilər.
Faktiki olaraq bu gün Azərbaycanda mətbuatın dövlət tənzimlənməsindən imtina edilib. Təcrübə göstərir ki, mətbuatın ictimai tənzimlənməsinə və özünütənzimlənməyə, mətbuat-dövlət, mətbuat-vətəndaş münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə həmişə ehtiyac var. Eyni zamanda, ölkədə müasir, beynəlxalq standartlara cavab verən, peşəkar, qərəzsiz, obyektiv mətbuatın formalaşması və güclənməsi istiqamətində də iş gedir. Elektron KİV-lərə nəzarət edən və onların fəaliyyətini tənzimləyən dövlət orqanı yaradılıb və fəaliyyət göstərir. Amma bütün bu görülən işlərə, dövlətin göstərdiyi ciddi kömək və yardımlara baxmayaraq, bir sıra problemlər də öz həllini gözləyir.
Şübhəsiz, bu gün Azərbaycan mətbuatının ən böyük problemləri qəzetlərin qütbləşməsi, bəzi mətbuat orqanlarının siyasi dairələrin nəzarətində olması, müstəqil maliyyələşmənin istənilən səviyyədə olmamasıdır.
Azərbaycanda çağdaş mətbuatın problem və əhəmiyyətini hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov də, fikrimizcə, obyektiv şəkildə göstərmiş, açıq cəmiyyət quruculuğu prosesində mətbuatın roluna düzgün qiymət verə bilmişdir: “...Beləliklə, sizlər sözün yaxşı mənasında insanları özünüzdən asılı vəziyyətə salmısınız. Bütün bunlar onu göstərir ki, cəmiyyətdə KİV-in rolu getdikcə artır. Demokratik və açıq cəmiyyətin həyatı üçün isə KİV-in əhəmiyyətinin nə dərəcədə böyük olduğu tamamilə aydındır. Açıq cəmiyyət qurmaq yalnız o halda mümkün olur ki, insanlar cəmiyyətin həyatının bütün sahələrini özündə əks etdirən informasiyaları operativ şəkildə əldə edə bilsinlər. Bunsuz açıq cəmiyyət yaratmaq mümkün deyil”.
Demokratik prinsiplərə əməl etməyi qarşısına məqsəd qoymuş Azərbaycan iqtidarı ölkənin hüquqi dövlət quruculuğu prosesinin sürətlənməsi üçün lazımi ideoloji və təşkilati yaradıcılıq mühiti yaradır. Belə şəraitin formalaşmasında isə kütləvi informasiya vasitələri çox güclü bir demokratiya institutu rolunu oynayırlar.
Müasir Azərbaycan demokratik inkişaf yolundadır və bunu ən qatı şəkkaklar da birmənalı şəkildə təsdiqləyər və heç kəs inkar edə bilməz ki, ölkəmizdə demokratik norma və prinsiplərin bərqərar olmasının ən başlıca səbəbkarı və ideya daşıyıcısı məhz media, kütləvi informasiya vasitələridir. Nə qədər paradoksal da olsa, hazırda ölkəmizdə demokratiyanın səviyyəsi bir çox hallarda kütləvi informasiya vasitələrinin inkişafı və ictimai həyatda sanbalı ilə qiymətləndirilir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, sadalanan bütün proseslər yalnız və yalnız qlobal nəzarət şəraitində reallaşa və fəaliyyət göstərə bilər. İctimai nəzarətin əsas vasitəsi, əlbəttə ki, azad kütləvi informasiya vasitələridir. KİV-in konstruktiv rolu açıq cəmiyyət azadlıqlarının əldə edilməsindən və saxlanılmasından ibarətdir. İnformasiya plüralizmi, informasiya məkanının tam prinsipial açıqlığı, KİV-in dövlət təsirinin hüdudlarından kənarda geniş yayılması açıq cəmiyyətin formalaşmasının əsas və aparıcı şərtidir.
Bütün bu proseslərin inkişaf dinamikasını izlədikcə, orada mətbuatın səfərbəredici gücünü, dövlətin mətbuata diqqət və qayğısını və xalqın KİV-ə bəslədiyi inamı görməmək və hiss etməmək olmur. Mətbuatın senzuradan azad edilməsi, onun inkişafı üçün tədbirlərin görülməsi, KİV-in normal fəaliyyəti üçün süni əngəllərin aradan qaldırılması, ölkədə demokratik mühitin bərqərar olması, bütövlükdə media sahəsində yeni tarixi şəraitin başlanmasına dəlalət edirdi.
Açıq cəmiyyət - qloballaşmadövrünün reallığıdır
İnformasiyalı cəmiyyətin bərqərar olması, demokratik inkişafın vacib şərti sayılan, vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması üçün zəmin hazırlayır. Demokratik idarəetmə forması fikrin azad ifadə olunmasını tələb edir. Bunsuz vətəndaşların ictimai və siyasi həyatda iştirakı üçün vacib olan informasiyanı əldə etmək mümkün deyildir. İnformasiya daşıyıcısı və yayıcısı kimi mətbuat, kütləvi informasiya vasitələri əsl demokratik, vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir.
Müasir qloballaşma dövründə məhz mətbuatın uzunmüddətli və gərgin səyləri nəticəsində informasiya cəmiyyətdə əsas strateji resursa çevrilmişdir və informasiya məkanının sahəsi genişlənməkdə, rolu isə getdikcə artmaqdadır. İnformasiya sahəsi informasiyanı, informasiyanın infrastrukturunu, informasiyanın toplanılması, formalaşdırılması, yayılması və istifadəsini, həmçinin bu zaman ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi subyektlərini özündə cəmləyir.
Əsasən azad, qərəzsiz və peşəkar mətbuatın məhsulu olan dürüst informasiya cəmiyyətin həyatında önəmli bir amil olaraq ölkənin siyasi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə fəal təsir göstərir.
Xüsusilə iqtisadiyyatda informasiyanın yaranması, hazırlanması və istehlakı istiqamətində mövcud proses və vasitələri əhatə edən yeni ictimai istehsal sahəsi yaranmışdır və getdikcə mətbuatın da şəksiz köməyi ilə bu sahə əhalinin daha geniş təbəqələrini əhatə etməkdədir. İnformasiya cəmiyyətinin formalaşması informasiyalaşdırma prosesi ilə müşayiət olunur. Bu proses zamanı insan fəaliyyətinin bütün sahələrində yeni texnologiya və vasitələr fəal şəkildə tətbiq edilir və bütün bunlar deməyə əsas verir ki, informasiyalaşdırma bəşəriyyətin inkişafında həqiqətən də həlledici rol oynamaqdadır və informasiya cəmiyyətindən - mətbuatdan, daha dəqiq deyilsə, internet jurnalistikasından praktiki olaraq “yaxa qurtarmaq” mümkün deyildir.
Hələ 1991-ci ildə rus mətbuatı artıq qapalılıq dövrünün arxada qaldığını və irəlidə bizi çox önəmli hadisələrin gözlədiyini nəzərdə tutaraq yazırdı: “ Bu gün artıq hansısa təcrid olunmuş, qapalı cəmiyyətlərin mövcudluğu qeyri-mümkündür. Bütün dünya yeni informasiya birliyinin astanasındadır. Biz bunu anlamalı və bu fakta müvafiq hərəkət etməliyik”.
Müasir informasiya münasibətlərinin və proseslərinin durmadan inkişafı informasiya sahəsində yeni münasibətlər sisteminin -mətbuatda, bütövlükdə ictimai həyatın bütün sahələrində informasiya təhlüksizliyinin təminatı sisteminin, informasiya hüququnun yaranmasını tələb edir. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında demokratik cəmiyyətin, hüquqi dövlətin əsaslarının yaradıldığı bir şəraitdə bu sahədə müəyyən addımlar atılmış, qanunvericilik aktları və digər hüquqi aktlar qəbul edilmişdir. Mətbuatda informasiya münasibətləri hüquqi tənzimlənmənin predmeti kimi, informasiya - hüquqi münasibətlərin subyektləri, informasiyanın alınması, verilməsi, saxlanılması və istifadəsinin hüquqi mexanizmləri, müxtəlif məzmunlu informasiyanın, məlumat bank və bazarlarından istifadənin hüquqi aspektləri, informasiya sahəsində hüquqi pozuntular, məsuliyyət və s. məsələlər fəal müzakirə obyektidir.
Bu gün kompyuter dünyada milyonlarla insanın həyat və fəaliyyətinin ayrılmaz atributuna çevrilmişdir. İndi ölkədə, eləcə də bütün dünyada kompyuter proqramları, internet yüzlərlə qəzetin, jurnalın, elektron KİV-in-televiziyanın, radionun günlərlə birlikdə gördüyü təbliğat-reklam fəaliyyətini cəmi bir neçə saat ərzində bütün dünyaya maneəsiz yayımlaya bilir. Təxmini hesablamalara görə, yaxın gələcəkdə fərdi kompyuterlərin dörddə biri ( təxminən 250 milyonu) internet şəbəkəsinə qoşulacaqdır.
Ölkəmizdə də iqtisadi, siyasi və mədəni həyatın kompyuterlə əhatə olunması prosesi sürətlənməkdədir. Hazırda Azərbaycanda hər 1000 nəfərdən 20-nin fərdi kompyuteri vardır. Ölkədə “Aztelekom”, “Azeronlayn”, “AzEvrotel” və s. kimi 32-dən çox internet provayderi fəaliyyət göstərir. Onların istifadəçilərinin sayı isə artıq 500 min nəfəri ötməkdədir.
Bundan əlavə, ölkədə 5 minə yaxın internet klub fəaliyyət göstərir. Statistika göstərir ki, bu klublarda əsasən 12-18 yaşlı uşaqlar və gənclər fəaliyyət göstərir. Bütövlükdə isə əhalinin 5, gənclərin isə 14 faizindən çoxu internetdən istifadə edir.
Beləliklə, kompyuterləşmə bəşəriyyətin son illər ərzində ən böyük nailiyyətinə çevrilmiş və “internetin yaranması və inkişafı ilə media aləminə yeni jurnalistika gəlmişdir”. Məhz bu tip təzahürlər elmi-texniki tərəqqinin müasir mərhələsinin əsasını qoymuşdur.
çəkilməsini müşahidə edəcəyik. Rusiyada, Ukraynada, Gürcüstanda, Qırğızıstanda və bir sıra ölkələrdə olmuş rəngli və rəngsiz inqilablar bu qənaəti bir daha təsdiq edir. Karl Popper hələ 1992-ci ildə keçmiş SSRİ məkanında baş vermiş və verəcək prosesləri şərh edərkən çox maraqlı fikirlər irəli surmüşdü. O, “Açıq cəmiyyət və onun düşmənləri” kitabının rusca nəşri münasibəti ilə oxuculara müraciətində keçmiş SSRİ ölkələri üçün maraqlı məsləhətlər verirdi. O, göstərirdi ki, Qərbdə cəmiyyətlərin hüquqi sistemi sənayenin, azad bazarın və təklif olunan bütün alternativlərin tərəqqisi ilə bərabər inkişaf edib. Bədbəxtlikdən Rusiyada bu ənənəni və azad bazarı kommunizm pozmuşdur. K. Popper yazırdı: “Düşünmürəm ki, təkcə rus təcrübəsinə əsaslanaraq onu tezliklə bərpa etmək mumkün olsun. Mənə aydındır ki, indiki vəziyyətdə ən qısa (əlbəttə, heç də mükəmməl olmayan) yol Rusiyanın Qərbdə yayılmış hüquqi sistemlərdən birini götürməsidir. Bu yolun prinsipcə mümkünlüyünü Yaponiya nümayiş etdirib. Yaponlar ölkənin Avropa nümunəsi əsasında sənayeləşdirilməsi planını həyata keçirmək üçün 1873-cü ildəki alman hüquqi sisteminin zəruriliyini dərk edərək mənimsəmişlər. Güman edirəm ki, Rusiya üçün iki ən aşkar imkan alman və fransız qanunvericiliyidir. Bu, tarixi səbəblərlə şərtlənib: Böyük Britaniyada bütövlükdə əxz olunası qanunlar məcəlləsi heç vaxt olmayıb, ABŞ-ın hər ştatının isə özünəməxsus hüquq sistemi vardır. Buna görə də britaniyalılar kimi amerikalılar da tam şəkildə mənimsənilməsi mümkün olan vahid qanunvericilik sistemi yaratmayıblar. Yaxşı qanunvericiliyi həyata keçirmək, ölkədə ali hakimiyyət halına salmaq onu yaratmaqdan daha çətindir... Ədalət məhkəməsini tətbiq etmək üçün qanunun aliliyini ciddi qəbul edən çoxsaylı savadlı məmurlar tələb olu-nur. Onların hamısı yalnız obyektiv həqiqətə xidmət ruhunda tərbiyə olunmalıdır.”* Deməli, bu axtarışlar, yeni cəmiyyət quruculuğu prosesində müşahidə olunan səylər demokratiyanın, eləcə də istənilən dövlətin ayrılmaz atributu olan mətbuatın formalaşması və möhkəmlənməsi işində də öz silinməz izlərini qoyur. Bu qənaəti təsdiqləmək üçün Azərbaycan mətbuatının 1991-2004-cü illərdə keçdiyi inkişaf yoluna, onun axtarış və problemlərinə, nöqsan və uğurlarına nəzər salmaq tamamilə kifayətdir. Demokratiyanın yolu asan və hamar deyildir. Mətbuatın demokratik inkişaf sahəsindəki səylərində istənilən kateqoriyalı müsbət və mənfi məqamlara rast gəlmək mümkündür. Mətbuat ictimai, iqtisadi və siyasi sistemin ayrılmaz atributudur və çox vaxt mənsub olduğu cəmiyyətin bütün mütərəqqi cəhətlərini, eləcə də paradokslarını özündə çox dəqiqliklə əks etdirir. Başqa sözlə deyilsə, mətbuat fəaliyyət göstərdiyi ictimai – siyasi formasiyanın müsbət və mənfi cəhətləri əks olunan nəhəng bir güzgüdür. Məhz buna görə də, Azərbaycan mətbuatı nə qədər Qərb dəyərlərinə can atsa da, o, öz mahiyyəti və mənsubiyyəti etibarı ilə milli mətbuat ənənələri üzərində qurulmuş bir sistemdir və onun Rusiya, eləcə də Qərb mediası ilə oxşar və fərqli cəhətlərinin olması təbii sayılmalıdır. Məsələn, təkcə “Zerkalo” qəzetinin müxtəlif illərdə və müxtəlif münasi-bətlərlə müraciət etdiyi mövzulara – K.Əlinin “ Jurnalistləri orduya həqiqətə ğörə çağırırlar”, “Səngər səhifələri. Azərbaycan jurnalistləri Ermənistandan qayıdıblar”, Z.Qarabalovn “Azərbaycan- Avropa: əlverişli vaxtı gözləyək”, L.Nurinin “İlham Əliyev QAT üzvlərinin sərt cəzalandırıldığı qənaətindədir”, M.Yaşaroğlunun “BP Azərbaycan qanunlarına hörmət etmir” sərlövhəli yazılarına nəzər saldıqda burada, necə deyərlər, avanqard, cəsarətli jurnalistikanın elementlərini görməmək, ən azı insafsızlıqdır və bu problematikaya ən yaxşı Avropa qəzeti də hörmətlə yanaşardı. Digər tərəfdən, istər mövzu seçimi, istərsə də publisistik düşüncə, yazının işlənməsi nöqteyi-nəzərindən bu yazılar demokratik ruhlu Azərbaycan mətbuatının ən yaxşı nümunələri idi və ədalət naminə demək lazımdır ki, həmin dövrün digər nəşrlərində də bu ruhlu yazılara tez-tez rast gəlmək mümkün idi. Lalə Nurinin qələmə aldığı mövzu isə o dövr üçün unikal bir hadisə sayıl-mağa layiq idi. 2004-cü ildə Bakıda NATO-nun himayəsi altında keçirilən seminara erməni hərbçilərinin qatılmasına etiraz edərək mitinq keçirən Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri həbs olunmuş və onlara üst-üstə 24 il, o cümlədən QAT-ın rəhbəri Akif Nağıya 5 il həbs cəzası kəsilmişdi. Şübhəsiz bu, demokratiyaya zidd, ədalətsiz bir qərar idi, ona görə də cəmiyyətdə ciddi etiraz doğurdu və “Zerkalo” qəzetinin müxbiri L.Nuri sözügedən məsələ ilə bağlı ölkə başçısına müraciət etdikdə, cəmiyyətin demək olar, əksər hissəsinin razılıq hissi ilə qarşıladığı ədalətli cavab aldı: “...Mən prezident kimi məhkəmənin qərarına qarışa bilmərəm və bunu istəmirəm. Lakin bir vətəndaş kimi hesab edirəm ki, məhkəmənin çıxardığı qərar törədilmiş əmələ adekvat deyildir. Bu, həddən artıq sərt cəzadır. Bir vətəndaş kimi mən bu qərarı dəstəkləmirəm”. Bunun ardınca ictimaiyyətin rəyi də öz sözünü dedi və QAT üzvlərinin işinə ədalətlə baxıldı. Sözügedən fakt 2004-cü ildə KİV-in artıq ictimai şüura, cəmiyyətin həyatına nə qədər fəal təsir etməsinin bir göstəricisi idi və medianın rəyi ilə nəinki “üçüncü hakimiyyət”, hətta dövlət başçısı da hesablaşırdı. Bu, medianın şəksiz uğuru və onun cəmiyyətdəki mövqeyinin bariz göstəricisi idi. (Ardı var)