Gəl, bir az dua edək
gəl, bir az da dua edək,
əllərini qoy üzümə;
sən soruş, Tanrı hardadı,
mən də baxım göy üzünə;
bu gecə nə gözəldi göy,
hər ulduz bir arzu dilək;
yerdən bir çiçək qoparaq,
üfürək, olsun kəpənək;
sən mənə bax, mən də sənə,
aranı dağa daşıyaq;
bir az göy üzünə baxaq,
bir az Tanrını oxşuyaq;
dönək bir cüt kəpənəyə,
gözləyək gəlsin baharı;
sonra qanad açıb uçaq,
yol tutaq Tanrıya sarı.
Üzünü qoy sinəm üstə
üzünü qoy sinəm üstə,
gör səni necə yandırır;
ürəyim gündüz üşüyür,
həsrətim gecə yandırır;
gün addıyır, düşür gecə,
dəli sevgi bir işgəncə;
çınqısı çatıb indicə
hələ təzəcə yandırır;
bu dərd mənə gəldi, kimnən,
qaçdım loğmannan, həkimnən;
alovu qalxır içimnən,
məni gizlicə yandırır;
bilmədim nə sirr eliyib,
qovub lap yesir eliyib;
könlümü əsir eliyib,
dərd içə-içə yandırır;
mən də li sevda adamı,
həsrət qırıb inadımı;
sındırıb qol-qanadımı,
doldurub peçə yandırır;
ağ buludlar lələk-lələk,
ruhum bir adsız kəpənək;
ömrümüzü çərxi-fələk,
yandırır, heçə yandırır.
Silkələmə nar ağacın
göy üzündən ağca bulud,
yelkənin bağlar üstümə;
silkələmə nar ağacın
narı dağılar üstümə;
həsrətim əsir dağlara,
ruhum tələsir dağlara;
üz tutsam əsir dağlara,
bulaqlar ağlar üstümə;
bu dünya dar bir qalacıq,
ürəyim gül kimi açıq;
üzüm güləndə azacıq,
cumar paxıllar üstümə;
yazın yaşılca çağında,
boylu qönçələr doğumda;
gecə qarışıq yuxumda,
yeriyir dağlar üstümə;
qaçdm, bağladım gözümü,
çınqıl qanatdı dizimi;
atım səngərə özümü,
gəlir yağılar üstümə;
dəli rüzigar mənə gəlir,
gəlir də, hər sənə gəlir;
düzünə, tərsinə gəlir,
qarlar, sazaqlar üstümə;
ütdüm günləri, ayları,
o tayları, bu tayları;
dünyanın dəli çayları,
dönüb axırlar üstümə;
kimin yarıdı, bu vətən,
kimnən yarıdı bu vətən;
ey gözəl Allahım, nədən,
dərdi yıxırlar üstümə.
Ya qalaq burda, ya gedək
Ya qalaq burda, ya gedək
indi bir yol da var, daha;
gedək, bir ayrı yer tapaq,
burda ömür, gün də baha;
gedək, bilmirəm haraya,
ürəyimiz tutan yerə;
qəlbimizi düz saxlayaq,
nə istəsək Allah verər;
gedək, göy üzünə baxaq,
axtaraq bəxt ulduzunu;
onu sıxaq köksümüzə,
yaşayaq ömür uzunu.
Yazın havası ayrıdı
yazın havası ayrıdı,
yazı yağışdan bilirəm;
nazını gizlədən gözəl,
nazı baxışdan bilirəm;
ruhumu bir səsdi içir,
könlümü həsrətdi, biçir;
sevgi bir istəkdi, keçir,
ömrü naxışdan bilirəm;
ürəyimdə acı su var,
dərdin qardaş-bacısı var;
yolun ağrı-acısı var,
yolu yoxuşdan bilirəm;
yarpağı qatdıyır payız,
içimi odduyur payız;
yay gedir, addıyır payız,
yaz gəlir, qışdan bilirəm;
ağ duman telimə dönüb,
hər qarış ölümə dönüb;
dünya qan gölünə dönüb,
qanı qarğışdan bilirəm;
bu bəşərin qəsdi nədi,
bir-birinin qəsdinədi;
dünya məzar üstündədi,
dərdimi daşdan bilirəm.
Səni mənə verən Allah
səni mənə verən Allah,
məni də sənə yaradıb;
səni də qatıbdı mənə,
elə bir günə yaradıb;
ürəyini qoşub sözə,
əllərini basıb közə;
dumanı göndərib düzə,
dağları çənə yaradıb;
götür-qoy eləyib, yenə
fikirləşib, dönə-dönə;
gözəlliyi verib sənə,
sevməyi mənə yaradıb;
arzusuna, məramına,
dərgahına, irəminə;
şükür olsun kərəminə,
yaxşı ki, yenə yaradıb.
Hər gün göy üzündən xəbərlər gəlir
hər gün göy üzündən xəbərlər gəlir,
nə varsa deyirlər Yerdən, o yana;
gedib öyrənəcəm, yerli-yataqlı,
ayağım düşəndə hərdən o yana;
gedib öyrənəcəm, nə varsa ordan,
ulduza gedəcəm, Aya gedəcəm;
bir az da uzağa gedib çıxacam,
göyün üzünnən o taya gedəcəm;
axtarıb fələyi tapacam orda,
bir az dərdləşəcəm onunla, hələ;
ondan soruşacam, soracam niyə,
niyə bu gündədi Yer üzü, lələ;
bəlkə barmağın var bu işdə sənin,
hoqqa çıxardırsan, hoqqa dalınca;
quzunu verirsən qurdun əlinə,
dovşanı qovursan çaqqal olunca;
niyə bu dünyanın nizamı yoxdu,
adamlar qırılır qarışqa kimi;
olan ağlını da itirib bəşər,
dünya gəlib çatıb qarğışa kimi;
bunu da Tanrıdan soruşam gərək,
deyəm ki, bir barmaq silkələ bizə;
dərsini verginən pis adamların,
onları yox elə, görk elə bizə;
hər gün Yer üzündən xəbərlər gəlir,
beşin öldürdülər, yüzün asdılar;
kimi qandırasan, kimə deyəsən,
kimin günahını kimə yazdılar;
bizi kim qarğıyıb, kim qaralıyıb,
nə yaman pis günə qalıb, Yer üzü;
ipini çəkən yox, dəli bəşərin,
saralıb Yer üzü, solub Yer üzü;
hər gün Yer üzündən xəbərlər gəlir,
şərqdə bir-birini qırır adamlar;
şimalda buzlaqlar əriyib gedir,
suların altında qalıb adalar;
hər gün göy üzündən xəbərlər gəlir,
nə varsa deyirlər Yerdən, o yana;
Tanrıya deyəcəm gedib hər şeyi,
Ayağım düşəndə hərdən o yana.
Sənsizlik ağır işgəncə
yamac boyu düzülübdü,
ağ qönçələr incə-incə;
ağ çiçəklər doğulacaq,
doğulacaq sən gəlincə;
sən gəlincə könül naçar,
gözdərimnən yuxu qaçar;
üstümə ağ yelkən açar,
ağ bulutdar çəngə-çəngə;
kim baxır ağrıya, aha,
gəlib batmışıq günaha;
uzaq yollar dönməz daha,
uzaq yollar döngə-döngə;
göynüyür bağrımın başı,
ötüb həsrətimin yaşı;
sənsizlik bir yol yoldaşı,
sənsizlik ağır işgəncə.
Buludlar qarmaqarışıq
buludlar qarmaqarışıq,
dün gecədən nələr yağdı;
ildırımlar şaqqıldadı,
sellər gəldi, sular axdı;
ürəyim qırıq bir şüşə,
az qalır canımnan düşə;
yuxum çəkilibdi ərşə
gözlərim hələ oyaxdı;
qapımda yağı sülənir,
fələyin çarxı yellənir;
niyə dərd bizə şellənir,
niyə düşmanımız çoxdu;
sənə nolub, gözəl Vətən,
içimdə həsrətdi bitən;
ürəyimnən gəlib ötən,
dağlardakı buz bulaxdı;
insan dözür hər zülümə,
dərd dəyməsin tər gülünə;
üzülmə könlüm, üzülmə,
Vətən gözümə çıraxdı.
İndi yatmaq vaxtı deyil
indi yatmaq vaxtı deyil,
evdən obaşdan çıxıram;
yaz gəlir, yay da ötüşür,
payızdan, qışdan çıxıram;
yaxşıca sözə üz gəlir,
odun dalınca köz gəlir;
mənə toxunan söz gəlir,
ağıldan, huşdan çıxıram;
nə cinəm, nə də əcinə,
varram, dünyanın heçinə;
girib göylərin içinə,
gedib o başdan çıxıram;
sel axır, üstümə gəlir,
yanıram, tüstümə gəlir;
nə gəlir, qəsdimə gəlir,
daş gəlir, daşdan çıxıram;
dünyamız soyuğa çıxdı,
arzular oyuğa çıxdı;
yağılar ayaq açıbdı,
hər gün savaşdan çıxıram;
ruhum bədənnən sivişib,
saçımda dənnən sivişib;
dumannan, çənnən sivişib,
qardan, yağışdan çıxıram;
hələ fırlanır ələyi,
əlimdə qalıb lələyi;
gedib tapıram fələyi,
qannan- qarğışdan çıxıram.
Anam, payız aldı səni əlimdən
anam, payız aldı səni əlimdən,
payız bu dünyanın yarpaq bükümü;
hər payız gələndə üşüyürəm mən,
başlanır ömrümün yarpaq tökümü;
hanı gözlərimdə yaşı kiridən,
mən də yıxılacam günün birindən;
adamı dünyada dərddi əridən,
görəsən hardadı, dərdin həkimi;
sonalı göllərdə sonasız olmaq,
atanı çağırmaq, ana sızlamaq;
içimi yandırır anasızlamaq,
ay ana kim bilir mənim içimi;
anam, g özlərimi yaş eləmişəm,
dərdimi bərkidib daş eləmişəm,
ruhumu döndərib quş eləmişəm,
sən mənim yuxuma gələnə kimi.
Bu gələn qarın havası
saçlarıma qırov düşər,
gözdərim çaşıb ağlıyar;
bu gələn qarın havası
könlümü qışa bağlıyar;
o nədi, hey dərd əliyər,
perikmiş ruhum məliyər;
həsrətim dağda ləliyər,
kəndiri daşa bağlıyar;
ürəyim qaynar qanımda,
qılıncım durmaz qınında;
bir igid ölsə yanında,
səngərdə paşam ağlıyar;
axtarar, üzdüyər səni,
darıxar, özdüyər səni;
yaxşı dost gözdüyər səni,
atdarı qoşa bağlıyar;
ruhumu candan qoparım,
götürüb hara aparım;
bir gün gül üzlü dildarım
görsə ki, daşam, ağlıyar.