https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

“Kaş bizim idmançıların hamısı Fərid Mansurov kimi sadə olaydı”

İKİNCİ YAZI

“Kaş bizim idmançıların hamısı Fərid Mansurov kimi sadə olaydı”

Aydın BAĞIROV
[email protected]

Onunla tanışlığımızın tarixçəsi 13 il əvvələ gedib çıxır. Diktofonsuz görüş idi. Yəni indikitək müsahibə üçün bir araya gəlməmişdik.

O zaman ölkənin ən reytinqli və məşhur idmançılarından idi. Ortaq dostumuz Əşrəf tanış elədi bizi: “Rəşaddı, taekvandoçu”...

Əlbəttə, bir idmançı kimi tanıyırdım onu. Bəs insan kimi necə biridi Rəşad? Bu sualı özümə verdim. Görəsən, tipik Azərbaycan idmançısıdı? Yəni əksəriyyəti kimi özündənrazı, yekəxana, dikbaş?..

Görüşümüz bitir, əmin oluram ki, fikrimdə yanılmışam və təəccüblə Əşrəfdən soruşuram ki, Rəşad dəqiq idmançıdı?

Əlbəttə, axmaq sualdı. Təbii, Rəşad idmançıdı. Amma etiraf edim, 2003-cü ilin noyabrında ya dekabrındakı həmin görüşə qədər mənim bütün idmançılar barədə təsəvvürüm eyni idi. Yumşaq desəm, çox pis.

Rəşad özünün sadəliyi, alicənablığı, yüksək insani mədəniyyəti ilə məndə yaranmış o mənfi fikri darmadağın etmişdi.

Bunları əslində yazmaya da bilərdim. Amma cəmiyyətimizin müəyyən təbəqəsində, xüsusilə ziyalı kəsimində idmançıların insani keyfiyyətləri barədə fikirlər müsbətdən daha çox, mənfidi. Bu, uzun illərdi belədi. Səhv də düşünmürlər. Nə qədər xəstə təfəkkürlü idmançı görmüşük... Doludular... Amma istisnalar var.

Rəşad kimi...

Fərid Mansurov kimi...

Niyaməddin Paşayev kimi...

Üçü də dostdular. Niyaməddinin isə Rəşadla dostluqdan savayı, həm də qohumluq bağı var: yeznə-qayındılar.

 “36 kilo olandan bir yerdəyik”. Xoşuma gəlir Rəşadın bu cümləsi. Niyaməddin haqda deyir. Yəni uşaqlıqdan.

“O Sumqayıtda, mən də Bakıda məşq edirdim. Yarışlarda, təlim-məşq toplanışında bir yerdə olmuşuq, eyni otaqda qalmışıq. Günbəgün dostlaşmışıq”. Rəşad belə deyir.

Niyaməddin taekvandoda dünya çempionu adını qazanan ilk azərbaycanlıdı. Hazırda federasiyada vitse-prezident işləyir. Rəşad isə, birinci yazıda qeyd etdiyim kimi, elə orda təşkilat komitəsinin rəhbəridi.

- İdman məmuru olandan sonra aranızda hansısa rəsmiyyət, pərdə yaranıb?

- Yox. Uşaqlıqdan necə olmuşuqsa, indi də eləyik. İşdə bir-birimizlə məsləhətləşirik. Hər şeyi səmimi danışırıq. Bəzi şeylərdə o mənə qulaq asır, bəzi şeylərdə də mən ona.

Danışıb-danışıb gəlirik bu üç dost içindəki daha ünlü və daha titullu birinə, olimpiya çempionu Fərid Mansurova. İki dəfə də dünya çempionu olub. Amma hələ heç kim Fəridin bu uğurlardan havalanıb göylə getdiyini deməyib.

- Yaxınları bilir ki, o, necə sadə insandı. Heyf ki, onun mükafatları arasında Avropa çempionluğu olmadı. Amma o, həm idmançı, həm də insan kimi zirvədədi. Fərid dostuna, yoldaşına qarşı həmişə səmimi olub.

Olimpiya Çempionu olmaq, vəzifəli şəxs olmaq olar, lakin birinci növbədə insan olmaq lazımdır. Fərid əsl insandı.

- Sən, Niyəməddin və Fərid. Sizi bir-birinizə bağlayan nədi?

- Yəqin ki, səmimiyyətimiz. Xasiyyətimiz bir-birini tamamlayır. İnsanlar var ki, hətta yarım saat bir yerdə oturub normal söhbət edə bilmirlər. Biz isə illərdir dostluq edirik.

- Ən çox nəyi bəyənirsən Fəriddə?

- Səmimiyyətini. Dost-yoldaş arasında heç vaxt hiss etdirməz ki, Olimpiya çempionudur. Bilirsən, bu gün çempion olub, sabah olmaya bilərsən. Yəni həmişə çempion olacaqsan deyə bir qanun yoxdur. Məğlubiyyət də var, qalibiyyət də. Əsas odu yolunu azmayasan. Başını əyib, idmanınla məşğul olmalısan. Gənclərin çoxu idman yarışlarını izləyib, özlərini yaxşı idmançılara oxşatmaq istəyirlər. Bizim idmançılarımız özlərini ictimaiyyət arasında elə aparmalıdılar ki, yeniyetmələrimizə yaxşı tərəfdən nümunə olsunlar. Fərid belə nümunələrdən biridi. Kaş bizdə bütün idmançılar Fərid kimi sadə olaydı.

Haqlıdı Rəşad. Bacarmadı bir çoxu bunu. Karyeralarını pula, erkən gələn şöhrətə qurban verdilər. Elələri var ki, ağılları başında olsaydı, bugün bir yox, bəlkə də ikiqat, üçqat olimpiya çempionu idilər.

Sual vermirəm pulun idmançılara mənfi təsiri barədə. İllərdir danışılır. Nə düzəlib ki?..

Yenə Rio Olimpiya Oyunlarına qayıdırıq. Radik İsayevin qızıl medal qazanmasına toxunuruq.

- O, sürpriz idmançıdır. Lazım olanda özünü ələ almağı bacarır. Olimpiya oyunlarında çox təmkinlə, səbrlə hərəkət elədi. Məşqçi də çox gözəl hazırlamışdı onu. Rioda ona psixoloq təklif etdilər, dedi ki, mənə psixoloq lazım deyil, psixoloji cəhətdən hazıram, çıxıb döyüşmək istəyirəm. Bir gün öncə Radikin məşqçisi Elnur müəllimlə danışanda, sabah necə olacağını soruşdum. Dedi ki, “Radik ya çempion olacaq, ya da birinci döyüşdəcə uduzacaq”. Şükürlər olsun ki, Radik çempion oldu.

Radik çempion olur, Patimat və Milad üçüncü yeri tutur. Rəşad bildirir ki, Milada “taekvondonun Messi”si deyirlər: “Elə bil göz dəydi ona. Son zamanlar iki dəfə, 12 xalla məğlub etdiyi ingilisə uduzdu”.

Amma yenə də qazanılan qızıl medal komandada əhval-ruhiyyəni daha da yüksəltdi.

...Və çempionluqdan çox keçməmiş Bakıdan Rioya zəng gəlir. Ölkənin birinci şəxsidi, Radiki təbrik edir.

- Bəli, cənab prezident zəng etdi, təbrik elədi və dedi ki, “Sağ ol ki, bayrağımızı qaldırdın, himnimizi səsləndirdin”. Radik də təşəkkürünü bildirdi, Azərbaycan bayrağını qaldırdığı üçün fəxr etdiyini dedi.

Taekvondodan hamıdan danışdıq, bir nəfər isə var ki, hələ onun barəsində Rəşaddan soruşmamışam. Amma zamanı çatıb. Çünki neçə illər taekvondodakı çöküşü, uğursuzluğu görsə də, səbr edib, təmkin nümayiş etdirib, idmançılara maddi və mənəvi dəstəyini əsirgəməyib. Taekvondo Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan danışacaq Rəşad:

- Yadıma gəlir, 1998-ci il idi, İranda bir turnir vardı. Hansı idman qurumunun qapısını döydümsə, yarışa gəlməyə pul vermədilər. Axırda sinif rəhbərim şagirdlərdən pul yığıb məni yarışa göndərdi. Bunu niyə deyirəm? Belə ağır vaxtlarımız olub. Kəmaləddin Heydərov Taekvondo Federasiyasını 2000-ci ildə qəbul etdi. O vaxtdan heç bir maliyyə çətinliyimiz qalmadı. Yüksək səviyyəli təlim-məşq toplanışları keçdik, bütün yarışlara qatıldıq. Yarışdan gəldikdən sonra Kəmaləddin müəllim bizi qəbul edirdi, mükafat verirdi.

O, həmişə bizə diqqət göstərib. Heç vaxt yadımdan çıxmaz, bir dəfə bizimlə görüşürdü. Dedi ki, birdən taekvondoçulardan hansısa zədə alar, idmanı davam etdirə bilməz. Onlara indidən iş lazımdır ki, zədələnib sıradan çıxarlarsa, başqa yerdən gəlirləri olsun. Bizim işlə təmin olunmağımız üçün göstəriş verdi. Yəni idmançıları bu dərəcədə düşünüb.

Söhbətimiz başa çatır. Amma Rəşad deyir, dayan, bu uğurlarda nə qədər insanın əziyyəti olub, onları yaddan çıxarmaq olmaz. Federasiyanın rəhbərliyi, məşqçilər, idmançılar... Bir-bir hamısının əməyini qeyd edir.

Sağollaşıb ayrılanda Rəşad əslində söhbətə son nöqtəni qoyur: “2020-də daha çox medalımız və qızılımız olacaq”.

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.