Doğma Qarabağımızın sayılan simalarından olan Xurşidbanu Natəvanın Seyid Hüseyndən olan övladı Mir Cabbar ağa haqqında bir sıra yazılarımda onun həyatının bəzi məqamlarına toxunmuşam.
Budəfəki yazımda isə Mir Cabbar ağanın Ağdam rayonunun İmamqulubəyli kəndindəki yurdundan söhbət açacağam.
lll
İmamqulubəyli kəndi hələ keçmiş Sovet dönəmində Quzanlı kənd sovetliyinə aid edilmişdi. Kolxoz olaraq əvvəl "Papanin" adlandırılsa da, ötən əsrin ortalarında kolxozların böyüdülməsindən sonra "26 Bakı komissarı" kolxozuna birləşdirilmişdi.
Kəndin yaşlı sakinləri indi də bəzi hallarda kəndi Çar Rusiyası dövründə olduğu kimi "Ağalıq", bəzən isə kommunist rejimi dövründə olduğu kimi "Papanin" adlandırırlar.
lll
Əlavə edim ki, Quzanlı kəndinin 300 illik bəlli tarixi vardır. Və bu kəndin Çar Rusiyası dövründə rəiyyət kəndi olduğundan sakinləri də azad kəndli kimi sərbəst şəkildə kənd təsərrüfatıyla məşğul olublar.
Ağdamın aran ərazisində bişmiş (qırmızı) kərpicdən tikilən evlərin sayı Xındırıstan kəndindən sonra ən çox məhz Quzanlı kəndində olub. İmperiya dövründə kəndin ətrafında olan bəy evlərini çıxsaq, 3 ikimərtəbəli və 12 birmərtəbəli evin inşa edilməsi kəndin inkişaf səviyyəsinin əsas göstəricisi hesab edilə bilər.
Həm də bir məqamda etiraf edilməlidir ki, kommunist rejimi dövründə kənd inkişaf etmiş və müəyyən infrastruktur yaradılmışdır.
Mətləbə keçməmişdən əvvəl deməliyəm ki, Sovet dövründə Şəmsəddin Quliyevin 50-ci illərdə, Sahib Əliyevin 80- ci illərdə "26 Bakı komissarı" kolxozuna sədrliyi kəndin inkişafının qızıl dövrü hesab edilir.
lll
Beləliklə, Quzanlı Kənd Sovetliyinə daxil olan İmamqulubəyli kəndinin formalaşması və inkişafı ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Yaşayış məntəqəsi olaraq isə İmamqulubəyli kəndi X.B.Natəvanın oğlu Mir Cabbar ağanın mülkü hesab edilirdi. Xan qızı özü də hərdən oğluna baş çəkmək üçün kəndə gələr və ətrafda olan qohumlarını kəndə, oğlunun evinə dəvət edərmiş. Kəndin ətrafında "Saqqız" ağacından ibarət sıx meşənin olması, yaxınlığından daimi olaraq Xaçın çayının axması və Soltanbud təpəsi kəndin strateji əhəmiyyətini artırırdı.
Mir Cabbar ağa isə dövrünün sayılan bəylərindən olub. Onun da yaxın qohumu olan Həmidə xanım Cavanşir öz xatirələrində Mir Cabbar ağanın adını çəkməklə işləmək üçün onun yanına rusdilli gürcü xanımı göndərdiyini də yazırdı.
Mir Cabbar ağanın Soltanbud təpəsinin kəndə tərəf olan hissəsində ikimərtəbəli mülkü olub.
Mülk barəsində bir qədər sonra...
Mir Cabbar ağa haqqında müəyyən məlumatları əldə etmək məqsədiylə İmamqulubəyli kəndinin yaşlı sakinlərindən biri olan, kənddə "Lətif oğlu Xasay" adıyla çağrılan Xasay Lətif oğlu Allahverdiyevlə görüşdüm. Müsahibim 1928-ci ildə Laçın rayonunun "Musurmanlar" adlanan kəndində anadan olub. II Dünya Müharibəsi dövrü, təxminən 1942-ci ildə ailəlikcə İmamqulubəyli kəndinə pənah gətiriblər.
Həmsöhbətim deyir ki, kənd əsasən indiki Ağcabədi rayonunun İmamqulubəyli kəndindən olanlardan, Mir Cabbar ağanın ətrafında çalışan kəndlilərdən, habelə Laçın rayonunun müxtəlif kəndlərindən, o cümlədən, Şəlvə, Daşlı və digər yaşayış məntəqəsindən gələnlərdən formalaşıb. Laçın rayonundan gələnlərin bir qismi hələ 20 - ci illərdən əvvəl, bir qismi isə müharibə illərində məskunlaşmışdı.
Xasay kişi söyləyir ki, Mir Cabbar ağanın Soltanbud təpəsinin ətəyində ikimərtəbəli mülkü olub. Mülkün ikimərtəbəli və ən müasir Avropa stilində olmasını bir çox adamlar da təsdiqləyir. Mülkün ətrafında Mir Cabbar ağanın zəngin bağı olub. Bağın ətrafında sıx gər ağacları əkilmişdi. Bu ağaclardan əsasən ev tikintisində tir kimi istifadə edilirdi.
Bağın yeri və mülkün həyəti təsadüfdən Lətif kişinin ailə üzvləri, oğlu Xasay və Azay kişinin, o cümlədən, bacıları Tamaşa və Nübar xanımgilin həyətlərinə düşüb.
- Biz bu ərazilərdə məskunlaşanda artıq mülkün birinci mərtəbəsi sökülmüşdü. O illərdə demək olar ki, kəndə ev tikən adamların əksəriyyəti məhz Mir Cabbar ağanın mülkünün materialından istifadə edib. Sonuncu kərpiclərdən biz də istifadə etmişik. Deyirdilər ki, Mir Cabbar ağa lay-lay olan kərpiclərin onuna bir qızıl onluq verib.
Maraqlıdır ki, bizim həyətə düşən hissədə Mir Cabbar ağanın öz əliylə əkdiyi "Güleyşə" narının çubuğunu kənddə paylamadığım adam qalmayıb. Həqiqətən "Güleyşə" nar dənələri və rəngi çox qeyri-adidir.
Kəndimizin üst tərəfində "Ağalığın çalması" deyilən ərazidən düz üzü Quzanlı kəndinədək "Saqqız" ağaclarından ibarət sıx meşəlik idi.
Mir Cabbar ağanın ən sədaqətli adamı onun darğası olmuş Əbdüləzim kişi idi.
Bir gün kolxoz quruluşu dövrü Mir Cabbar ağanın böyük oğlu Əbülfət ağa gecəykən Əbdüləzim kişigilə gəlir və bir torba qızılı gizlətməyi ondan xahiş edir.
Əbdüləzim kişi Əbbülfət ağanı götürüb meşənin iç tərəflərinə doğru gedir. Ağac "kooşu" tapıb torbanı oradaca gizlədir. Əbülfət ağa şərt kəsir ki, ara sakitləşəndən sonra gəldimsə, qızılları götürəcəyəm, gəlməsəm qızıllar sənin halalındır.
Elə olur ki, bir müddətdən sonra Əbülfət ağa sağ-salamat gəlib çıxır. Və birlikdə Əbdüləzim kişinin ailə üzvlərinin iştirakıyla həmin ağacı tapıb qızılı götürürlər. Əbülfət ağa nə qədər istəsə də Əbdüləzim kişi ondan heç nə almır. Bununla da özünün sədaqətini sonadək nümayiş etdirir.
Lətif oğlu Xasay kişiylə söhbətim xeyli çəkdi. Qardaşı oğlu Azərin iştirakıyla keçən söhbətdə bir çox məqamlara toxunduq. Əbülfət ağanın taleyi barədə məlumatsız olduğunu dedi...
Yurd yeri hər birimiz üçün əzizdir, doğmadır. Yəqin ki, Əbülfət ağa üçündə bu yurd yeri doğma olduğundan onun hətta əllinci illərin ortalarınadək Soltanbuda gəldiyi deyilir.
Hazırda bu nəslin nümayəndələrinin harada olması haqqında hər hansı məlumat əldə edə bilməsəkdə yaxın gələcəkdə buna nail olacağıma əminəm.