Ötən həftə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü mövsümün sayca dördüncü, 2017-ci ilin isə ilk premyerası düzənlənib.
Böyük ədib, Azərbaycan dramaturgiyasında sosialist realizminin banisi Cəfər Cabbarlının “Almaz” pyesi əsasında yeni quruluşda hazırlanmış eyniadlı tamaşa sənətsevərlərə təqdim olunub. Əslində tamaşaçılar çoxlarına tanış olan bir səhnə əsərinə yenidən baxmaq şansı qazanıblar.
Qeyd olunmalıdır ki,bu yeni tamaşanın quruluşçu rejissoru və rəssamı,həmçinin səhnələşdirmə müəllifi Xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.Yeni səhnə redaksiyası əməkdar incəsənət xadimi Əli Əmirliyə məxsusdur. Tamaşaçıların alqışları ilə keçən premyerada Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dramaturqun yadigarı-qızı Gülarə Cabbarlı və ailə üzvləri iştirak etmişlər.
Xatırladaq ki,bu əsərin hələ ədibin sağlığında, 1931-ci il 13 aprel tarixində tamaşaya qoyulması (quruluşçu rejissorlar A.Tuqanov və C.Cabbarlı, bəstəkarı Ə.Bədəlbəyli) Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir hadisə idi. Almaz obrazını Sona Hacıyeva ifa etmişdi. Sənət ocağı həmin əsərə 1936, 1943 və 1957-ci ildə yenidən müraciət etdi, müvafiq olaraq, quruluşçu rejissorlar Ağəli Dadaşov, Səftər Turabov və Əliheydər Ələkbərovun təfsirində. Əminliklə demək olar ki, dərin ictimai fikir ifadə edən bu səhnə əsəri də böyük aktyor və rejissor nəslinin yetkinləşməsində önəmli rol oynamışdı.
Bəs, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan ikihissəli dram tamaşaçılara nəyi təlqin etdi? Məlumdur ki, sosializm quruculuğunun əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Tamaşaçılar quruluşçu rejissorun yozumunda 30-cu illər Azərbaycanının mövhumat, cəhalət hökm sürən ucqar bir kəndində əhalinin yaşam tərzi ilə tanış olurlar.
Yəqin ki, orta yaşlı tamaşaçılar Almaz obrazını müxtəlif vaxtlarda xalq artistləri Barat Şəkinskaya və Leyla Bədirbəylinin ifasında yaxşı xatırlayırlar.Günümüzün “Almaz” tamaşasında isə baş rolun ifası gənc aktrisa, respublikanın Əməkdar artisti Məsmə Aslanqızına həvalə olunub. Aktrisanın yaratdığı Almaz obrazı ilə sosializm cəmiyyəti üçün səciyyəvi olan mübariz bir gəncin surəti göz önündə canlanır. Ali təhsilini başa vuran gənc qızın azad və gözəl həyat haqqındakı arzuları doğulduğu kəndin yoxsul, zəhmətkeş camaatını irəliyə, firavan yaşayışa, işığa doğru aparmağa köklənib. Almaz insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür və bütün bunlara öz münasibətini bildirir. Aftil kimi cəfakeş, ailəsini güclə dolandıran kəndlilərin çıxılmaz vəziyyəti onu daim düşündürür.
Baş qəhrəmanın kütlə qarşısındakı hər alovlu çıxışı M.Aslanqızının keçirdiyi daxili həyəcanın, həm də onun düşüncələrinin, aktyor tapıntılarının nəticəsi kimi meydana çıxır. Almazı və komsomolçu dostu Baratı daim önə çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı, maarifçilik təşəbbüsləridir. Daim hərəkətdə olan Almaz bəzən yol verdiyi səhvlərin üzərindəcə özünü islah etməyə çalışır, tək yox, birgə mübarizə aparmağın vacibliyini dərk edir.Sadə kənd müəllimi uşaqlara dərs deməklə kifayətlənmir, qızları və qadınları savad kurslarına cəlb edir. O, başqa sözlə, yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının carçısıdır.
Bütün bunlar isə ağrı-acısız ötüşmür. Almazın Hacı Əhmədin meyvə bağlarını ictimailəşdirib, yoxsulların kollektiv təsərrüfatına çevirmək təklifi kəndin bu ən varlı şəxsi tərəfindən az qala top-tüfənglə qarşılanır. Elə hər şey,bütün münaqişələr də bundan sonra başlayır. Bəzən yazıq görkəmi alan, əslində yoxsulların qənimi, qolçomaq Hacı Əhmədin yırtıcı xisləti üzə çıxır. Öncə Almazla dil tapmaq, daha sonra rüşvət verməklə onu ələ almaq cəhdləri baş tutmayanda, o, gənc müəllimə şər atmaqdan belə çəkinmir,kəndin avam camaatını tovlayıb ona qarşı çevirmək üçün dəridən-qabıqdan çıxır. Hacı Əhməd obrazının xarakterini ustalıqla açan Xalq artisti Nurəddin Mehdixanlının ifası təbii və inandırıcıdır. Teatrda uzun illər bənzərsiz obrazlar qalereyası yaratmış istedadlı aktyor üz cizgiləri, jestləri, səsinin enib-qalxması ilə ətrafdakılara, çevrəsindəki olaylara münasibətini açıq-aydın büruzə verir.
Səhnə əsərinin maraqlı aktyor ansamblında digər ifaçıların da oyunu diqqəti çəkir. Xalq artistləri Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı), Mətləb Abdullayev (Sədr) və başqalarının fərqli manerası, oyun tərzi, çevik, dinamik ifası yaratdıqları obrazların təbii halını, məsləkini, həm də rejissorun çözümünə uyğun ritmi saxladıqlarını göz önündə canlandırır. Feodal adətlərin daşıyıcıları, canını yenilik qorxusu bürümüş İbad və Balarza kimilər açıq-aşkar, az-çox təhsil görmüş Baloğlan, Şərif, Mirzə Səməndər kimilər isə maskalanaraq, Hacı Əhmədin, necə deyərlər, dəyirmanına su tökür, yeni kənd quruculuğuna, əhalinin savadlanmasına cidd-cəhdlə mane olurlar.
Xalq artisti F.Mütəllimova Kərbəlayı Fatmansanın iç üzünü açan ifa nümayiş etdirir,çevik, duzlu, komik “performansı” ilə bu obrazın bütün çalarlarını - yalançılığını, aravuranlığını, əxlaqsızlığını sərgiləyir.
Tamaşada qadın azadlığı məsələsi də mühüm yer tutur, despot ərinin,qaynının hər cür təhqirlərinə məruz qalan Yaxşı kimi bədbəxt taleli qadınlara öz hüquqlarını bilmək çağırışı səslənir. Aktrisa R.Nəsibova qəhrəmanını donmuş vəziyyətdə yox, tamaşa boyu təkamül və inkişafda canlandırır. Yaxşı tədriclə insanlıq ləyaqətini dərk edir, hətta onu və günahsız körpəsini ölümdən qurtarmaqla, öz şərəf və ləyaqətinə ləkə düşməsindən belə qorxmayan Almaza qarşı məhkəmədə bu açıq fikirli xanımın müdafiəsinə qalxır. Əsas açar səhnəsi olan məhkəmə iclasında Almazın və Yaxşının əsl həqiqəti üzə çıxaran çıxışları yalan, zülm dünyasına,nadanlığa qarşı bir ittiham kimi səslənir.
Quruluşçu rejissorun təfsirində mürəkkəb hadisələrlə çulğaşan dövrün həqiqətləri, qaranlıq və işıqlı cəhətləri, köhnəliklə yeniliyin mübarizəsi münaqişəli situasiyalarda əks etdirilmişdir. Mövzuya uyğun gərginlik yaradan vəziyyətlər, fərqli ideyaların toqquşması, dramatik nüanslar rejissor üçün əsas olmuşdur.
Məlumdur ki, ədəbi yaradıcılığa şeirlə başlayan C.Cabbarlı sonralar öz dram əsərlərinə münasib bildiyi nəzm nümunələrini əlavə edirmiş. Söz açdığımız dramın final səhnəsinə bir anlıq lirika qoşulması və tamaşanın Almazın dilindən səslənən:
Bu görünən səndin,
axır gəldin sən,
Axır səni buldum,
ey Dan ulduzu! -
misraları ilə bitməsi yaradıcı heyətin uğurlu tapıntısıdır və ədibin sevimli qəhrəmanının gələcək xoş günlərə ümid və inamını ifadə edir.