Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi məqsədilə narkomaniya və digər zərərli vərdişlər əleyhinə mədəni-kütləvi aksiyaların və təşviqat kampaniyalarının keçirilməsi” layihəsinin icrasına başlanılıb.
Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq maddəsinin icrasını nəzərdə tutan layihənin əsas məqsədi yeniyetmə və gənclərlə görüşlər keçirmək, narkomaniya və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə gəncləri məlumatlandırmaq, ictimai müzakirələr təşkil etmək, məktəblilərin arzuolunmaz təsirlərdən qorunmalarına yardım etməkdir.
Layihə çərçivəsində narkomaniyanın yaranmasına şərait yaradan mühitin formalaşmasını aşkarlamaq, narkomaniya və digər zərərli vərdişlərə qarşı müqavimətin təşkil edilməsi üçün metodların müəyyənləşdirilməsi, narkomaniyaya yoluxmanın qarşısının alınması üçün ictimai maarifləndirmənin təşkili, maarifləndirici materialların yeniyetmə və gənclər arasında yayılması kimi vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub.