|
|
|
|
Oktyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Fondan verilən məlumata görə, səfər çərçivəsində Günay Əfəndiyeva Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun dəvəti ilə “Türkiyə Respublikası ilə dost və qardaş ölkələr arasında diplomatik münasibətlərinin təsisinin 25-ci ildönümü” münasibəti ilə təşkil olunan tədbirdə iştirak edib. Millət vəkillərinin, Ankarada akkreditə olunan diplomatik nümayəndələrin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY-un baş katiblərinin qatıldığı tədbirdə Mevlüt Çavuşoğlu dost və qardaş ölkələrlə diplomatik münasibətlərin inkişafından, 25 il ərzində görülən işlərdən söz açıb.
Oktyabrın 5-də isə Türkiyə Xarici İşlər naziri M.Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə səfərdə olub. M.Çavuşoğlu UNESCO-nun Baş Qərargahında təşkilatın İcraiyyə Şurasının 202-ci sessiyasında çıxış edib. O, Türkiyənin UNESCO-ya daim dəstək olacağını söyləyib, ölkəsinin UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etmək üçün namizədliyini irəli sürdüyünü bildirib.
Həmçinin, UNESCO-nun Baş Qərargahında Türkiyə Xarici işlər naziri ilə UNESCO-nun baş katibi İrina Bokova arasında görüş keçirilib. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov da iştirak ediblər.
Görüşdə Türkiyə və UNESCO arasındakı münasibətlərdən söz açılıb, o cümlədən, Türkdilli xalqların mədəni irsinin qorunması üzrə aparılan işlər müzakirə olunub. Türkiyə Xarici İşlər naziri M.Çavuşoğlu UNESCO ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. O, Türkiyənin türkdilli təşkilatların fəaliyyətinə böyük önəm verdiyini xüsusi vurğulayıb. UNESCO-nun baş katibi İ.Bokova Suriya, İraq və digər münaqişəli ərazilərdəki maddi mədəni irsin bərpası üçün Türkiyənin UNESCO və üzv dövlətlərinin əvəzsiz ortağı olduğunu bildirib. Xanım Bokova çıxışında Türkdilli təşkilatların fəaliyyətindən bəhs edib, Türk dünyası mədəni irsinin təbliğatı istiqamətində TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərdən danışıb.
Görüş zamanı UNESCO ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumunun imzalanması perspektivləri müzakirə olunub.
Qeyd edək ki, UNESCO-nun İcraiyyə Şurasının 202-ci sessiyası davam edir.
Ceyhun ABASOV