Əziz və hörmətli Əjdər müəllim!
Bu gün Sizin ünvanınıza göndərilən bütün təbriklərə qoşuluram. Bütün dostlarınız kimi, mən də Sizi Moskvadan əlamətdar 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm!
Əziz Əjdər müəllim, Sizi çoxdan tanıyıram, tanışlığımızdan bizi 40 ildən çox bir zaman ayırır. İstər-istəməz xəyal məni qanadlarında 70-lərin ortalarına - tələbəlik illərimə aparır. Mənim 1975-1980-ci illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığın illərə. İnstitutda oxuya-oxuya maddi sıxıntılarla üzləşdiyimdən, mənə maddi cəhətdən köməklik edəcək bir adam olmadığından, məcburiyyət qarşısında qalıb o vaxtkı Respublika Müəllimlər evində gözətçi kimi işə düzəlmişdim. Respublika Müəllimlər evi o vaxtkı Qoqol küçəsi 14-də, Nizami küçəsiylə kəsişdiyi binada yerləşirdi. Müəllimlər evinin direktoru Tofiq Quliyev idi. Allah Tofiq müəllimə rəhmət eləsin, mənə bir tələbə, gözətçi kimi baxmadı, aramızda, yaş fərqimizə baxmayaraq, yaxşı bir ünsiyyət yarandı və sarsılmaz dostluğa çevrildi. Mənim də Sizinlə tanışlığım elə həmin illərdən başladı. Həmin vaxtlar sizin baş redaktor olduğunuz "Azərbaycan məktəbi" jurnalının redaksiyası da "Müəllimlər evi"nin yerləşdiyi üçüncü mərtəbədəydi, amma giriş Nizami küçəsi tərəfdən idi. Mənim onda 20 yaşım var idi gecələr yatmır, işləyir, gündüzlər isə dərsə gedirdim. Tofiq müəllim şeir yazdığımı bildiyindən mənə şeirlərimi sizə göstərməyimi məsləhət gördü. Yadımdadır, mənim sizə verdiyim şeirlərimi oxuyub, məni kabinetinizə çağırdınız, o vaxt yazdığım gövrək şeirlərimə düzəlişlər etdiniz, mənə məsləhətlər verdiniz. Bu gün hardasa mənim xoşa gələn bir misram varsa, orada sizin də müəyyən qədər rolunuz var.
Əjdər müəllim, o vaxt sizin bir kəlmə məsləhətiniz mənə ümman sevinci bəxş elədi. Düşdüyüm çətin yolun daş-kəsəkli, tikanlı, çətin və ağır tərəfini göstərdiniz mənə. Düzəliş etdiyiniz şeirlərdən bir neçəsi o zaman rəhmətlik Əliağa Kürçaylının da xoşuna gəldi və onun təqdimatıyla bir neçə şeirim "Azərbaycan" poeziya almanaxında dərc olundu. Sizin dediklərinizdən sonra məndə şeirə, ədəbiyyata qarşı daha böyük həvəs yarandı və artıq yaradıcılığmla çox ciddi məşğul olmağa başladım. İndi əminliklə deyə bilərəm ki, az da olsa sizin etimadınızı doğrulda bilmişəm.
Əziz Əjdər müəllim, Siz həyatda yalnız insanlara xoş, sevincli anlar bəxş etmək üçün həyata gələn insanlardansınız. Sizin kimi insanlar ona görə doğulurlar ki, insanlara, ağı qaradan, yaxşını pisdən ayırmaqı öyrətsinlər. Yaxından tanımadığınız, Kəlbəcərdən gəlmiş bir kənçi balasını ürəyinizə yaxın buraxaraq, ona düzgün yol göstərməyə, həmin adama şöhrət gətirəcək xeyirli məsləhətlər verməyə çalışışırdınız. İndi siz deyin, mən Sizi unuda bilərəmmi?
1980-ci ildə Yaradıcılıq müsabiqəsindən uğurla keçib Moskvaya M.Qorki adına Ədəbiyyat institutuna zəmanət almağıma sevinən o vaxt təmasda olduğum, müəllimlərim və yaxından tanıdığım adamlar vardı. Mirzə İbrahimov, Məmməd Araz, Qəzənfər Paşayev, Cahangir Məmmədli, Şahmar Əkbərzadə, Tofiq Mahmud, Ənvər Rza, Məmməd Aslan, Tofiq Quliyev, Rasim Kərimli, Aqil Ağayev kimi mənim yaxından tanıdığım insanlar Moskvaya Ədəbiyyat İnstitutuna göndəriləndə məni dəstəkləyən adamlar idilər. Həmin adamlardan biri də məhz siz idiniz. Mənim getdiyim bu təlatümlü, ən çətin, daşlı-kəsəkli yolun başlanğıcında mənə ümid verən, düzgün yol seçdiyimi dəstəkləyən bir müəllim, pedaqoq kimi qolumdan yapışan adamlardan biri də siz olmusunuz. Tələbəniz olmasam da, Sizi özümün mənəvi müəllimim hesab edirəm və bu tanışlıqdan qürur hissi duyuram. Fəxr edirəm ki, sizin kimi ziyalını şəxsən tanıyıram.
Sizin xüsusən gözəl bildiyiniz kimi, təhsil ölkənin, millətin taleyini həll edən strateji məsələdir. Bu mənada, Azərbaycan Təhsil Şurasının və Respublika Müəllimlər Şurasının sədri, pedaqoji elmlər doktoru, görkəmli alim, pedaqoq, publisist, jurnalist, şair, müasir pedaqoji elmin sanballı nümayəndəsi olaraq, Siz təhsilimizin inkişafında mühüm rola malik insansınız. Azərbaycan təhsilinin, tələbələrin, yetişən gənc nəslin hər zaman məsləhətlərinizə ehtiyacı var. Azərbaycanda yeni nəslin tərbiyəsində, təhsilində Sizin xidmətləriniz danılmazdır.
Əziz Əjdər müəllim, inanıram və əminəm ki, Azərbaycanımızın Qarabağ kimi münaqişəylə üzləşdiyi ağır bir zamanda Sizin kimi təcrübəli pedaqoqlarımızın səyi nəticəsində, pedaqoji elmimiz daha da inkişaf edəcək, gənc nəslin təhsilinə, tərbiyəsinə, savadlı, vətənpərvər, yurdsevər, yurdumuza ləyaqətli övlad kimi yetişməsinə öz layiqli töhfəsini verəcək.
Dərin hörmətlə,
Nəsib NƏBİOĞLU
Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı
Moskva, 10.10.2017