ŞAHLAR ƏSGƏROV: "ADPU-da TƏHSİLİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNƏ XİDMƏT EDƏN YENİLİKLƏR HƏYATA KEÇİRİLİR"
2017-2018-ci tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb.
Universitetə 2117 nəfər qəbul olunub. Onlardan 2066 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6 faiz yerinə yetirilib.
500 və 500-dən ÇOX BAL TOPLAYAN 259 ABİTURİYENT AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİ SEÇİB
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli deyir ki, bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olunub. Bu, qəbulun 12,6 faizini təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3 faiz) olub. Ötən ildən fərqli olaraq bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. 2017-2018-ci tədris ili üçün "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasına qəbul olunanların 50,2 faizi, "Riyaziyyat və informatika müəllimliyi" ixtisasına qəbul olunanların 48 faizi 500 və 500-dən çox bal toplayıb. SABAH qruplarına 45 nəfər- "İbtidai sinif müəllimliyi" ixtisasına 30 nəfər, 15 nəfər isə "Riyaziyyat və informatika" ixtisasına qəbul olunub.
MAGİSTRATURAYA QƏBUL 92 FAİZDƏN YUXARI OLUB
M.İbrahimli bildirib ki, yeni tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialına 8 ixtisas üzrə 179 nəfər, Quba Filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 103 nəfər qəbul olunub.
ADPU-nun 5 filialı üzrə 19 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb. Ümumilikdə, universitetə filiallarla birlikdə 2723 nəfər ali təhsilin bakalavriatura səviyyəsi üzrə tələbə qəbul olunub. 2017-2018-ci tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 18 ixtisas, 19 ixtisaslaşma üzrə 415 plan yeri ayrılıb. Magistraturaya 385 nəfər qəbul olunub. Magistraturaya qəbul 92 faizdən yuxarı olub.
Yekun etibarilə 2017-2018-ci tədris ilində hər iki təhsil səviyyəsi üzrə filialları ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə 3105 nəfər tələbə qəbul olunub.
ŞƏFFAF VƏ OBYEKTİV TƏHSİL MÜHİTİ
Pedaqoji Universitetdə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, günün tələblərinə uyğun yüksək peşəkar səviyyəli mütəxəssislərin hazırlanması prioritet vəzifə kimi qarşıya qoyulub. Nəzərdə tutulan islahatların səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, idarəçiliyi təkmilləşdirmək üçün universitetdə bir çox mühüm yeniliklər həyata keçirilir.
Xarici ölkələrin pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, yüksək bal toplayan tələbələrin universitetə cəlbi, müəllim kadrları hazırlığının nəzəri və praktiki problemləri ilə bağlı mühüm addımlar atılıb. Birinci tədris ili tələbələrinin biliyinin qiymətləndirilməsində test sistemindən imtina edilib. Tədris-köməkçi heyətin (laborant, baş laborant, tyutor) peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə təhsil ekspertlərinin iştirakı ilə üçmərhələli attestasiya keçirilib.
YENİ QAYDALAR ƏSASINDA MÜSABİQƏ
ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilib. Bu məqsədlə ADPU-nun Elmi Şurasının müvafiq qərarı ilə "Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları" təsdiq olunub. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılıb.
Universitetdə professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydalarındakı dəyişiklik qısa bir vaxtda həm seçkidə iştirak edənlərin, həm də Universitet əməkdaşlarının seçki sistemi və tədris prosesi ilə bağlı baxışlarında köklü dəyişiklik yaradıb. Müsabiqənin özəlliyi və ənənəvilikdən fərqi onda idi ki, burada müsabiqəyə vəzifələr (baş müəllim, dosent, professor) yox, kafedralarda tədris olunan fənlərin çıxarılması olub.
Müsabiqənin son mərhələsindən sonra Elmi Şuranın geniş tərkibdə keçirilən iclasında yekun nəticələr müzakirə olunub, qaliblərə sertifikatlar təqdim edilib. Müsabiqədə 112 nəfər uğur qazanıb. Onlardan 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlər idi.
PEDAQOJİ UNİVERSİTETDƏ YENİ YANAŞMALAR, MÜTƏRƏQQİ İDEYALAR TƏTBİQ OLUNUR
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hazırda Azərbaycanda təhsilin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bununla bağlı görülən işlər, demək olar ki, təhsilin bütün pillələrini əhatə etməkdədir. Bu islahatların ana xəttində isə ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması dayanır. Elə bu səbəbdəndir ki, təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzindədir. Təbii ki, nəzərdə tutulan məqsədlərə nail olunması üçün təhsilin bütün pillələrinin, o cümlədən, ali təhsil sisteminin yeni yanaşmalara açıq olması vacib sayılır.
Ş.Əsgərovun sözlərinə görə, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən yeniliklər həyata keçirilir: "Son vaxtlar Pedaqoji Universitetdə yeni yanaşmalar, mütərəqqi ideyalar tətbiq olunur. Universitetin rəhbərliyi çalışır ki, idarə etdiyi təhsil müəssisələrində daha çevik, daha şəffaf şəbəkə yaratsın. Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov novator, yeniliyi sevən biridir. Müşahidələrim əsasında deyə bilərəm ki, Cəfər müəllim Pedaqoji Universitetə rektor təyin olunduqdan sonra bir sıra uğurlu islahatlara imza atıb. Professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsi, tədris-yardımçı heyətinin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılması da həmin islahatların tərkib hissəsidir. Bu ancaq təhsil sahəsində keyfiyyəti artıra bilər. Çünki heç kimə sirr deyil ki, bu gün təhsil sahəsində kifayət qədər təsadüfi insanlar var. Onlar arasında saxta ali təhsil sənədi olanlar da, saxta alimlik dərəcəsinə yiyələnənlər də az deyil. Bu insanlar həm orta, həm də ali məktəblərdə fəaliyyət göstərirlər. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür. Təbii ki, belə insanların təhsil sahəsindən kənarlaşdırılması vacibdir. Yəni, ali məktəblərdə bilikli, vicdanlı insanlar dərs deməlidirlər ki, onların yetişdirdikləri mütəxəssislər də bilikli və vicdanlı olsunlar".
S.QARAYEVA