“Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməyərək bitərəf qalması doğru addım olmadı. Bu, mənə çox təəccüblü gəldi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Spiker Oqtay Əsədov AŞPA-nın payız sessiyasında Azərbaycan əleyhinə hazırlanan sənəd barədə müzakirələrdə bildirib.
Spiker bunun iki ölkə arasında münasibətlərdə anlaşılan addım olmadığını bildirib.
O qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin (İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 46-cı maddəsi-red.) tətbiq edilməsi qərəzli olar. Bu olarsa, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.