|
|
|
|
Oktyabrın 23-də Bakı Slavyan Universitetində (BSU) yazıçı-publisist Rövşən Ağayevin "Dalekaya i blizkaya Polşa" ("Uzaq və Yaxın Polşa") kitabının təqdimatı keçirilib.
Tədbiri Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq "Dalekaya i blizkaya Polşa" kitabının Azərbaycanla Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirib.
Xalqlarımız arasındakı münasibətlərin tarixindən, bu günündən ətraflı danışan N.Əliyeva tanınmış publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb:
"Sovet dönəmində biz birbaşa əlaqə saxlaya bilməsək də, Azərbaycan həmişə Polşanı öz yaxın müttəfiqi bilib. Bizim turistlər ən çox bu ölkəyə gedərdi. Nəhəng imperiyanın süqutundan sonra əlaqələrimiz yenidən bərpa olunub. Bakı Slavyan Universitetində Poşa Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Varşavanın Torn Universitetində Azərbaycan mərkəzi gənclərə Azərbaycan dili və ədəbiyyatını öyrədir. Bir sözlə, tarixi əlaqələr hazırkı dövrdə də öz bəhrəsini verməkdədir".
"İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Polşa-Azərbaycan münasibətlərini xristian-islam vəhdəti kimi şərh edib. O, polyakların həmişə Azərbaycana öz doğma vətənləri kimi yanaşdıqlarını xatırladıb.
Universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov povestdə təsvir olunan hər bir hadisənin arxasında bir tarixi faktın, hər bir obrazın arxasından isə bir real tarixi şəxsiyyətin boylandığını dilə gətirib: "Povestin əsas personajlarından olan Elmar polyak qızı İreni böyük məhəbbətlə sevir, həyatın çətinlik və keşməkeşləri ona bu sevgini unutdura bilmir. Müəllif burada ümumləşdirmə aparıb, bu sevgi xalqlar arasındakı sevginin rəmzidir".
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan-Polşa münasibətlərinin tarixini dostluq və qardaşlıq tarixi kimi dəyərləndirib. O, Azərbaycan ziyalılarının vaxtilə bu ölkəyə üz tutmasının səbəbini polşalıların şərqlilərə xoş münasibəti ilə əlaqələndirib. Çıxışının sonunda icra başçısı qeyd edib ki, kitabın Azərbaycan və polyak dillərinə tərcümə olunmasına tam dəstək verməyə hazırdır.
BSU-da polyak dilini tədris edən polşalı müəllim Pavel Frents onu maraqlandıran əksər suallarn cavabını kitabda tapdığını vurğulayıb. O deyib ki, Azərbaycanda polyak dilinə göstərilən maraq, gənclərin bu dili yüksək səviyyədə mənimsəməsi qürurvericidir.
Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev çıxışında kitabın əlyazma variantının ilk oxucularından biri olduğunu deyərək bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb. N.İsayev "Uzaq və Yaxın Polşa"nın XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən son dərəcə böyük əsər olduğunu qeyd edib.
Deputat Novruz Aslanov da əsərin bədii və siyasi məziyyətlərindən danışıb. O, əsərin çox ciddi siyasi məzmuna malik olduğunu vurğulayıb. O, bu siyasi məqsədlərin birbaşa deyil, sənədli-bədii povestin personajlarının həyat və yaşamında, onların dialoqlarında əks olunduğunu bildirib.
Əsərin müəllifi öz çıxışında əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxın, doğma olmasını diqqətə çatdırmaq olduğunu vurğulayıb: "Polşalıların Azərbaycandakı həyatı bizim xalqımızın, azərbaycanlıların Polşadakı həyatı isə polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir".
Ceyhun ABASOV