27 oktyabr "Beynəlxalq Dini Azadlıq Günü"nə dair Böyük Britaniya səfirinin iqamətgahında qəbul təşkil olunub.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Böyük Britaniyanın ölkəmizdəki səfirinin köməkçisi Stiven Makkornik bildirib ki, Böyük Britaniya daim müxtəlif icmalar arasında dini azadlığı dəstəkləyir.
Səfir köməkçisinin sözlərinə görə, Böyük Britaniya dünyəvi cəmiyyətdir və dini etiqad azadlığının hüquq müdafiəsini vacib hesab edir. Diplomat bildirib ki, Azərbaycan əsrlər boyunca dini icmalar arasında tolerantlığın təşviqinə görə böyük hörmət qazanıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan tolerantlığın məkanı kimi məşhurdur: " Hazırda ölkəmizdə 12 kilsə, 7 sinaqoq, eləcə də bir çox fərqli din nümayəndələri fəaliyyət göstərir. Ermənilər haqsız yerə torpaqlarımızı işğal etsələr də, onların da dininə qarşı həmişə hörmətlə yanaşmışıq". Şeyxin müavini hacı Fuad Nurullayev də çıxışında Azərbaycanın tolerant məkan olduğunu xüsusi vurğulayıb.