Dünən Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda konfrans keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı İslam Universitetinin rəhbərliyi, universitetin müəllim-tələbə heyəti, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət komitəsindən verilən məlumata görə, konfransda çıxış edən qurumun sədrinin birinci müavini Səyyad Salahlı dini maarifləndirmə işinin əhəmiyyətindən danışıb. O bildirib ki, birlik və vəhdət dövlətlərin varlığını qoruyub saxlayan əsas amildir: “Bu dəyərlərdən məhrum dövlətlərdə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altındadır. Buna görə də təfriqəyə yol açan və milli-dini birliyə yönəlmiş mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır”.
S.Salahlı bu istiqamətdə dini maarifləndirməyə böyük ehtiyac olduğunu vurğulayıb. Din xadimlərinin milli mənəvi dəyərlərimizin təbliğində mühüm rola malik olduğunu deyən sədrin birinci müavini bu gün Azərbaycanda əvvəlki illərdən fərqli olaraq savadlı, müasir ruhlu, müasir düşüncəli, eyni zamanda, İslamı bir elm kimi dərindən mənimsəyən və bu istiqamətdə təbliğ edən milli kadrların formalaşdığını bildirib.
Sədr müavini dövlət komitəsinin Qafqaz Müsəlmanları İdarəsi və digər aidiyyəti qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib. O, eyni zamanda, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunub, maliyyə vəsaiti hesabına respublikanın bütün bölgələrində maarifləndirmə tədbirlərinin keçirildiyini, kitabların nəşr edildiyini qeyd edib.
Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli bu cür konfransların gələcəkdə tələbələrin dini maarifçilik işinin aparılması, dini dəyərlərimizin cəmiyyətə çatdırılması istiqamətindəki fəaliyyətlərinə mühüm töhfə olduğunu bildirib. Bu sahədə milli kadrların yetişdirilməsinin önəminə toxunan prorektor universitetin din sahəsi üzrə ixtisaslı kadrlar yetişdirdiyini və onların dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm rol oynadıqlarını deyib. E.Həsənli dini maarifləndirmə işinə dövlətimizin çox böyük diqqəti və dəstəyi olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə konfransın mahiyyətini özündə ehtiva edən təqdimatla çıxış edib. Dini məsələləri ideoloji təhlükəsizlik aspektindən təhlil edən G.İsmayılov dini kimliyin milli kimliyə qarşı qoyulması, dinin siyasiləşdirilməsi cəhdləri, ənənəvi İslamın zəifləməsi kimi dini sahədəki problemlərə, onların yaranma səbəbinə toxunub. Sədr müavini bildirib ki, bəzən dini maarifləndirmə dedikdə yalnız zərərli dini cərəyan və təriqətlərlə mübarizə nəzərdə tutulur: “Bu, səhv yanaşmadır. İnsanlar zərərli dini cərəyanlardan və qeyri-ənənəvi təriqətlərdən də məlumatlı olmalıdırlar, amma paralel şəkildə əsl dinin nə olduğunu da bilməlidirlər. Ən düzgün maarifləndirmə metodologiyası səhvlə yanaşı, doğrunu da göstərməkdir”.
Ceyhun ABASOV