Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın rəhbərliyi altında universitetdə təhsilin inkişafı istiqamətində genişmiqyaslı islahatlar və layihələr davam etdirilir.
Rektorun göstərişinə əsasən, universitetin kafedraları arasında əməkdaşlığın genişləndirilməsi və tələbələrin elmi potensialının gücləndirilməsi məqsədi ilə birgə dərslərin keçirilməsinə başlanılıb. İnteraktiv formada keçirilən dərsdə iki lektorun mühazirə deməsi, tələbələrlə mühazirəçilər arasında sərhədin aradan qaldırılması kimi nüanslar dərsə xüsusi maraq qatır, onun keyfiyyətini yüksəldir.
Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova da yeni formatda - dərs zamanı Fransa ilə canlı bağlantı yaradaraq - dərs təşkil edib. Onun sözlərinə görə, akademik Kamal Abdulla müəllimlərin tədris zamanı yeni metodlardan istifadə etməsinin tərəfdarıdır: "Rektorun bütün müəllim heyətinin qarşısında qoyduğu əsas tələb də məhz budur. K.Abdulla istəyir ki, dərslər elə səviyyədə keçirilsin ki, tələbələr ona maraqla, diqqətlə qulaq assınlar. Rektorun bu tələbini nəzərə alaraq mən Fransanın transmilli təhlükəsizliyi fənnini yeni formatda tələbələrə təqdim etdim. Tələbələrlə qarşılıqlı razılaşma əsasında "Fransada qeyri-leqal yaşayan miqrantlar" mövzusunu seçdik. Sonra mövzu ətrafında tələbələrlə qarşılıqlı diskussiya şəklində müzakirələr apardıq. Fransada fəaliyyət göstərən həmyerlimiz, qaçqınların işi üzrə ixtisaslaşmış hüquqşünas Fidan Xəlilova ilə skayp vasitəsilə canlı bağlantı qurduq. F.Xəlilova Fransada qeyri-leqal yaşayan miqrantlar barədə, onların hüquqları, mövcud vəziyyəti barədə bizə ətraflı məlumat verdi və tələbələrin çoxsaylı suallarını cavablandırdı. Tələbələrin istəyinə uyğun olaraq F.Xəlilova canlı yayımı Notrdam kilsəsinin qarşısında aparırdı. Noyabrın 1-i Fransada, o cümlədən, bütün katoliklərin çoxluq təşkil etdiyi Avropa ölkələrində dini bayram - "Əzizlər günü" kimi qeyd olunur. Tələbələrə eyni zamanda, "Fransada din" fənnini tədris etdiyimi nəzərə alaraq qısa da olsa, bu bayramla bağlı Parisdə olan abu-hava ilə bağlı maraqlandıq. Dərsin bu formatda təşkili tələbələr tərəfindən böyük maraqla qarşılandı. Tələbələr növbəti dərslərin də məhz bu formatda təşkil olunmasının tərəfdarı olduğunu dedilər. Düşünürəm ki, dərslərin bu cür təşkil olunması tələbələrin fənni daha dərindən mənimsəməsinə şərait yaradacaq".
Ş.Əbdürrəhimovanın dediyinə görə, ADU-nun Regionşünaslıq kafedrası 2007-ci ildə müvafiq əmrə əsasən Regionşünaslıq və Beynəlxalq Münasibətlər ixtisasları üzrə tədrisin keyfiyyətinin və idarə olunmasının daha da yaxşılaşdırılması məqsədi ilə mövcud Qərbşünaslıq və Beynəlxalq Münasibətlər kafedralarının bazasında fəaliyyətə başlayıb. 2007-ci ildən kafedranın müdiri Regionşünaslıq kafedrasının dosenti Sevdagül Əliyevadır: "Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində tədris prosesini aparan əsas ixtisas kafedralarından biri kimi Regionşünaslıq kafedrası böyük rol oynayır. Belə ki, kafedra ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Skandinaviya, Qafqaz, İsrail və Yaxın Şərq, Hindistan, İndoneziya və Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Argentina, Ərəb ölkələri və Mərkəzi və Şərqi Avropa regionları olmaqla, 14 region və ya ölkə üzrə iki dildə müxtəlif fənlər tədris edir. Qeyd edək ki, ABŞ və Böyük Britaniya ixtisasında rus bölməsinə aid fənlər də tədris olunur".
Tələbələr dərslərin yeni formatda keçilməsini dəstəkləyir.
Universitetin 451-ci qrupun tələbəsi Aytən Həsənova bildirib ki, Azərbaycan Dillər Universitetində Fransaşünaslıq üzrə ixtisaslaşan IV kurs 451-ci qrup tələbələrinin iştirakı ilə Parisdəki Qaçqınların hüquqları üzrə komitənin hüquqşünası Fidan Xəlilova ilə onlayn seminar keçirilib. Bu seminarın baş tutması Azərbaycanda təhsilin inkişafının göstəricisidir: "Azərbaycan Dillər Universitetində belə bir seminarın təşkil olunması mənim kimi digər tələbələrdə də sevinc doğurdu. Çünki bizə təqdim olunan bu şərait bizim təhsilimizdə mühüm rol oynayır. Bu kimi hallar təhsilimizin yüksəldilməsinə dəlalət edir. Mövzuların məcmusu isə Fransada immiqrantların hüquqları, Fransada vətəndaşlıq almağın şərtləri və orada yaşayan müsəlmanlara münasibət haqqında idi. Mövzuların əhəmiyyəti fransaşünas olduğumuza görə bizim üçün önəm kəsb edirdi. Fidan xanımın veb-çat vasitəsilə verdiyi bütün məlumatlar təhsilimizin gedişatında bizə çox kömək oldu. Seminarda bizimlə birgə Regionşünaslıq, Fəlsəfə və ictimai elmlər kafedralarının müdirləri və müəllimlərinin iştirakı bizə olan diqqətlərinin göstəricisi idi. Bu kimi seminarların təşkil olunması bir tələbə kimi məni çox məmnun etdi və istərdim ki, bu onlayn seminarlar davamlı şəkildə keçirilsin".
Tələbə Kamran Quliyev isə vurğulayıb ki, Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimovanın təşəbbüsü ilə keçirilən Seminarda Fransada immiqrantların hüquqları, Fransada vətəndaşlıq almağın şərtləri və orada yaşayan müsəlmanlara münasibət barəsində veb-çat vasitəsi ilə məlumat verilib: "Fransada yaşayan həmyerlimiz, hüquqşünas Fidan xanım, ətraflı olaraq miqrantların vəziyyətindən danışdı ki, hal-hazırda onların ölkəyə axının sayca çoxalması tək hüquqi deyil, həm də bir sıra sosial problemləri də üzə çıxardır. Belə ki, Fransa qanunlarına əsasən vacib sayılan ən mühüm məqamlardan biri qaçqın statusu ilə gələn miqrantların yaşayış yerləri ilə təmin olunmalarıdır. Dünya mediasında səs-küyə səbəb olmuş "Cəngəllik" adlanan şəhərciyi məhz Fransanın şimalında liman şəhəri olan Kale-də salınıb. Bu şəhərcik əsasən Fransadan İngiltərəyə keçmək istəyən miqrantlar üçün yaradılmışdı. Lakin orada olan acınacaqlı şərait insan haqlarının başlıca pozulduğu bir yer kimi yadda qalıb. Orada olan antisanitariya, çadırların içində yaşayan uşaqlı ailələr və s. bunlara sübut idi. Hal-hazırda rəsmi olaraq bu şəhərciyin ləğv olunduğu deyilsə də, hələ də gözləmə məntəqəsində yaşayan miqrantlar mövcuddur. Baxmayaraq ki, 2016-cı il referendum nəticəsində Böyük Britaniya "BREXİT" etmişdir, bu problemin hələ uzun müddət davam edəcəyi şübhə doğurmur".
K.Quliyevin sözlərinə əsasən, miqrantların vətəndaşlıq almalarının problemli olan digər tərəfi isə Fransada terror aktlarının əsasən müsəlmanlar tərəfindən törədilməsidir. Ölkəyə gələn qaçqınların əsasən ərəb əsilli olmaları Fransanı ehtiyatla davranmağa sövq edir. Digər tərəfdən artıq "fransızlaşmış", amma bir vaxtlar özləri də mühacir həyatı sürmüş vətəndaşlar qaçqınların qəbuluna qarşı çıxırlar. Qaçqın statusunu almaq çətin və uzun sürən bir proses olmasına baxmayaraq, miqrantlar buna nail olmağı bacarırlar: "Seminarda Fransada terror hadisələrindən sonra ölkədə elan olunmuş fövqəladə vəziyyətin yüngül forması (ilkin mərhələsi) davam etməkdədir. Bu zaman Polis və Jandarmeriya mühafizə orqanlarının əməkdaşları asayişin qorunması məqsədi ilə küçələrdə çoxluq təşkil edərək şübhəli şəxsləri saxlaya və yoxlama keçirə bilərlər.
Canlı yayım Parisin mərkəzi küçələrinin birində olduğundan yerli sakinlərin həyatına da nəzər salındı. 1 noyabr tarixi Fransada rəsmi bayram günü olduğundan küçələrdə az insan var idi. Lakin gəzintiyə çıxan sakinlər sakit şəkildə gəzir, alış-verişlərini edir və demək olar ki, ölkədə olan problemlər barəsində çox da fikirli görsənmirdilər. Seminarın sonunda iştirak edən tələbələr öz suallarını hüquqşünas Fidan Xəlilovaya ünvanladılar ki, o da öz növbəsində onları ətraflı olaraq cavablandırmışdır. Bu cür seminarların təşkili tələbələrin xarici ölkəyə səfər etmədən oranı öyrənməyə və yerli abu-havanı hiss etməyə imkan verir. Gələcəkdə keçiriləcək bu cür tədbirlərin davamını səbirsizliklə gözləyirik".
S.QARAYEVA