|
|
|
|
8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi (Caspian Ecology) çərçivəsində ilk dəfə olaraq "Funksional Ekologiya və Ətraf mühit" mövzusunda konfrans keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, konfransda bölgədəki ən mühüm ekoloji məsələlərə - "Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması", "Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı", "Təmiz Şəhər" ASC-nin fəaliyyəti", "Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması", "Ətraf mühitin mühafizəsi məqsədilə "yaşıl iqtisadiyyat" prinsiplərinin tətbiqi", "Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri" və "Qlobal İstiləşmə" movzusuna toxunulub.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatları rəhbərləri çıxış edib və mövzular ətrafında geniş müzakirələr aparılıb.
Konfransın keçirilməsində məqsəd dövlət qurumları, işgüzar dairələr və ekspert təşkilatları arasında dialoq, fikir və təcrübə mübadiləsi yaratmaqdır.
Xatırladaq ki, "Caspian Ecology" Sərgisi "Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA təşkilatının dəstəyi ilə təşkil olunub.
C.ABASOV