SABAH İcra komitəsinin rəhbəri Şahin Seyidzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.
Əvvəlcə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşən qonaq ADMİU-nun SABAH Mərkəzi və tələbələrinin fəaliyyəti, yeni lahiyələr, tədbirlər haqqında qarşılıqlı söhbət aparıb.
Görüşdə SABAH Teatrının yaradılması, tələbələrin könüllü olaraq teatr dərnəklərində fəaliyyəti, bölgələrə qastrolların təşkil olunması və orta məktəblərdə təcrübələrin keçirilməsi haqqında ətraflı danışılıb.
Daha sonra SABAH qrupu II, III və IV kurs tələbələri ilə görüşən qonaq SABAH-ın fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd olunub ki, 2014-cü ildən etibarən 7 universitet ilə birgə fəaliyyətə başlayan bu qurum hal-hazırda işini 12 ali təhsil ocağı ilə birlikdə davam etdirir. SABAH qruplarının ümumi 45 ixtisas üzrə 2300 tələbəsi, 600 nəfərdən artıq müəllim heyəti var. Həmçinin, tələbələr üçün yataqxanası mövcuddur.
Universitetin təşəbbüsü ilə SABAH Teatrının yaradılması və marafonun keçirilməsinin nəzərdə tutulduğu, marafonun piyar və ictimaiyyətə çıxış üçün uyğun vasitə olduğu qeyd olunub. Marafon zamanı SABAH qrupu Rejissor sənəti və Aktyor sənəti ixtisaslarında təhsil alan tələbələr Respublikanın bir çox bölgələrində filmlər, tamaşalar nümayiş etdirib, müzakirələr aparacaqlar.
Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyasının IV kurs tələbələri üçün İncəsənət festival keçiriləcək. Aprel ayında New York Film Akademiyası və Polşa Film Akademiyası dəvət olunacaq.
Rektor fəaliyyəti planlaşdırılan SABAH Teatrının üstünlüklərini qeyd edərək, tələbələrin xarici dil biliklərinə daha çox diqqət ayırmalarını məsləhət görüb. Görüşdə magistratura pilləsi üzrə Prodüser, Kino və Teatr meneceri ixtisaslarının açılmasının nəzərdə tutulduğu, bu ildən isə I kurs SABAH tələbələrinin qəbulu qabiliyyət imtahanı əsasında həyata keçiriləcəyi bildirilib.
Universitet üzrə SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova "Gənclər IV Film Festivalı"nın qaliblərini təqdim edib, tələbələrin uğurlarını vurğulayıb.
SABAH məzun gününün keçirilməsi və bu haqda tələbələrin təklifləri dinlənilib. Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırıb.