|
|
|
|
Noyabrın 16-da M.F.Axundov adına Milli Kitabxananın sərgi zalında Əməkdar jurnalist, "Şöhrət" ordenli yazıçı Əli İldırımoğlunun yubileyi münasibətilə "Əli İldırımoğlu-90" adlı kitab sərgisinin açılışı olub.
Kitabxananın direktoru Kərim Tahirov Ə.İldırımoğlunun yaradıcılığından söz açaraq deyib ki, o, doqquz romanın, həmçinin, neçə-neçə povest, hekayə, oçerk, felyeton və digər publisistik yazıların müəllifidir. Görkəmli yazıçının bu gün də qələmi əlindən yerə qoymadığını vurğulayaraq, Ə.İldırımoğlunun 12 cildlik "Seçilmiş əsərləri"nin nəşr olunduğunu və əsərlərinin xaricdə, başqa dillərdə də nəşr edildiyini bildirib. Ə.İldırımoğlunun 1975-ci ildə çap olunan "Mayaklar" adlı ilk kitabını tədbir iştirakçılarına təqdim edən K.Tahirov ədibin əsərlərinin hər zaman oxucular üçün gözlənilən olduğunu və onların stolüstü kitablarına çevrildiyini vurğulayıb.
Tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar. Sərgidə yazıçının Azərbaycan, türk, ingilis, rus və digər dillərdə olan əsərləri, haqqında yazılan kitablar, çoxlu sayda qəzet-jurnal materialları, publisistik yazıları sərgilənib.