|
|
|
|
Dünən Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr edilmiş geniş tədbir keçirilib.
Ali məktəbin mətbuat xidmətindən verilən məlumata görə, tədbiri universitetin rektoru, professor Nurlana Əliyeva açaraq, YAP-ın ötən 25 il ərzində müasir Azərbaycanın dinamik inkişafında oynadığı son dərəcə mühüm roldan bəhs edib. O, Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış YAP-ın ölkəmizi bir çox sınaqlardan uğurla keçdiyini, xalqımızın ideya və arzularını yüksək səviyyədə təmin etdiyini bildirib. N.Əliyeva bu gün prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın milli maraqlarımızı ləyaqətlə təmsil etdiyini, hər bir vətəndaşın siyasi və iqtisadi idealını gerçəkləşdirməyə çalışdığını, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verdiyini qeyd edib. O, ölkə başçısının səsləndirdiyi "YAP bu gün təkcə ölkəmizin aparıcı siyasi qüvvəsi deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük partiyasıdır" fikrini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
N.Əliyeva YAP-ın gənclər siyasəti və yeni nəslə qayğısı barədə danışarkən Azərbaycanın ilbəil artan iqtisadi qüdrətinin gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasında, sosial problemlərinin həllində mühüm rol oynadığını nəzərə çatdırıb. O, bu gün Azərbaycanın iqtisadi nailiyyətlərinin innovativ ideya və təşəbbüslərin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verdiyini bildirib. N.Əliyeva YAP-ın sıralarına tələbə-gənclərin daha çox qatılmasını bu partiyaya gəncliyin etimadı kimi dəyərləndirib. Rektor, ümumiyyətlə, 2016-cı ildə universitetdə 172 müəllim, 208 tələbənin YAP-ın üzvü olduğu halda, 2017-ci ildə bu rəqəmlərin müvafiq olaraq 285 və 331 nəfərə çatdığını bildirib. Rektor bu gün gənclərin dövlət quruculuğunda, ölkəmizin siyasi nüfuzunun, iqtisadi gücünün artmasında, mənəvi-mədəni potensialının yüksəlməsində öz güclərini sınamağa çalışdığını söyləyib.
YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov çıxışına Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid bəzi faktları sadalamaqla başlayıb. O, Heydər Əliyevin bütün zamanlarda - həm Sovet dövründə, həm müstəqillik uğrunda mübarizə illərində, həm də müstəqil Azərbaycanda dövlət quruculuğu dönəmində xalq sevgisi və məhəbbəti ilə əhatə olunduğunu diqqətə çatdırıb. S.Novruzov bunun səbəbsiz olmadığını, Heydər Əliyevin müstəsna şəxsiyyəti ilə, millətə, xalqa, Azərbaycana bağlılığı ilə izah edib.
İcra katibinin müavini bu gün partiya sıralarının 40 faizini gənclərin təşkil etdiyini bildirib. Amma partiyada qadınların xüsusi fəallıqla seçildiyini xüsusi vurğulayıb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışına ölkə başçısının bu günlərdə YAP-ın 25 illik yubileyi ilə bağlı məruzəsində irəli sürülən müddəalarla başlayıb. O prezidentin çıxışının proqram xarakterli olduğunu və partiyanın hər bir üzvünün qarşısında konkret vəzifələr qoyduğunu bildirib. Bu vəzifələrin isə xalqın həyatının, ölkənin sosial iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablandığını deyib.
A.Əsgərov YAP-ın ölkənin iqtisadi yüksəlişində oynadığı rolu bir faktla qeyd edib: "Heydər Əliyevin rəhbərliyi altında YAP hakimiyyətə gələndə ölkənin Ehtiyat Fondunda cəmi 1 milyon vəsait var idi, indi isə həmin rəqəm 50 milyona çatıb".
C.ABASOV