|
|
|
|
Bir neçə gündən sonra, daha dəqiq desək, noyabrın 24-də keçiriləcək Brüsseldə Şərq Tərəfdaşlığı sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar.
Həmin təşkilatların məqsədi Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zərbə vurmaq, eyni zamanda, sammitin sonunda qəbul ediləcək yekun bəyannamədə iki il əvvəl Riqa sammitində olduğu kimi, Dağlıq Qarabağ məsələsində ölkəmizi razı salacaq müddəanın salınmasının qarşısını almaqdır. Təəssüf ki, hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Avropa Parlamenti də bu işdə həmin qurumlardan geri qalmır. Xüsusilə, AP-dəki bəzi ermənipərəst deputatlar ölkəmizə qarşı fürsət düşən kimi öz qərəzlərini nümayiş etdirirlər. Noyabrın 15-də Avropa Parlamentində qəbul edilən qətnamə də bu münasibətin nəticəsidir. Xatırladaq ki, qətnamədə erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddaəratını təyin etməsi məsələsi əksini tapıb. Bu məqamdan istifadə edən erməni mediası bir qədər də şişirdilmiş, təxribat xarakterli məqalələrə, şərhlərə geniş yer verməkdədir.
Məlumat üçün bildirik ki, AP Dağlıq Qarabağa dair əvvəllər də bir sıra qətnamələr qəbul edib və həmin sənədlərdə öz müqəddəratını təyinetmə məsələsi sadəcə bir prinsip kimi vurğulanıb. Məsələn, AP tərəfindən bu il iyulun 5-də qəbul edilmiş "BMT Baş Assambleyasının 72-ci sessiyası ilə bağlı Aİ Şurası üçün tövsiyə sənədi"ndə "xalqların öz müqəddəratını təyinetmə" prinsipini ərazi bütövlüyü və gücdən istifadəetməmə prinsiplərinin ardınca beynəlxalq hüququn bir prinsipi kimi sadalanıb və bu prinsipə xüsusi vurğu, əlavə təfsirlər edilməyib.
Təsadüfi deyil ki, erməni lobbist çevrələr tərəfindən "uğur" kimi təqdim edilən və 5 iyul tarixli sənəddə yer alan bu müddəa daha sonra Aİ Şurası tərəfindən müvafiq təlimat sənədi hazırlanarkən nəzərə alınmayıb, BMT Baş Assambleyasının 72-ci sessiyasında Aİ nümayəndələrinin çıxışları zamanı səsləndirilməyib.
Həm bu, həm də 15 noyabr tarixli" 2017-ci il Şərq Tərəfdaşlığı noyabr sammiti ərəfəsində AP-nin Aİ-nin icraçı qurumlarına tövsiyə sənədi") qətnamələr adlarından da göründüyü kimi, tövsiyə xarakteri daşıyır və Aİ qurumları, üzv dövlətlərinin üzərinə hər hansı hüquqi və konseptual öhdəlik qoymur. Əksinə, 2016-cı ildə qəbul edilmiş və Aİ ölkələri üçün doktrinal və hüquqi öhdəlik daşıyan Avropa İttifaqı üçün Qlobal Strategiya sənədində ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı (Azərbaycan da daxil olmaqla) əsas fəaliyyət istiqaməti kimi qiymətləndirilir.
AP-nin 15 noyabr tarixli tövsiyə sənədinin hüquqi çəkisinin olmadığını sübut edən bir digər məqam isə onun Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair hissəsində Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüququn əsas prinsipləri ilə danışıqlar zamanı istifadə edilmiş ayrı-ayrı bəyanatların bir-birilə qarışdırmasıdır. Beləliklə, heç bir hüquqi əhəmiyyət daşımayan tövsiyələrdə əlavə olaraq ciddi qeyri-professional səhvə yol verilib. Bu səbəbdən, erməni tərəfinin sevincək istinad etdiyi ifadə nəinki hüquqi qüvvəyə malik deyil, hətta ümumiyyətlə, hüquqa və hər hansı məntiqə ziddir. Təbii ki, bu cür yalan ifadələr Şərq Tərəfdaşlığı sammiti sənədlərində öz əksini tapa bilməz.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını təsdiqləyən, bir Şərq Tərəfdaşlığı dövlətinin digər ŞT dövləti tərəfindən işğal olunmasını qətiyyyətlə pisləyən, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin məlum 4 qətnaməsinə əsasən həll edilməsinin zərurətini vurğulayan və ölkəmizin ərazi bütövlüyünü birmənalı dəstəkləyən AP-nin 23 oktyabr 2013-cü il tarixli qətnaməsi və 23 iyul 2015-ci il qətnamələri AP-nin münaqişə ilə bağlı mövqeyinin ortaya qoyulması baxımından mahiyyətcə daha fundamental xarakter daşıyır. Çünki bunlar tövsiyə sənədi deyil, məhz qətnamədir.
Azərbaycanın Aİ ilə inkişafda olan münasibətlərini, eləcə də Aİ-nin və onun üzv ölkələri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyin ifadə edilməsindən narahatlıq keçirən Ermənistan rəsmiləri öz ənənəvi lobbistlərinə çevrilmiş AP üzvləri Çarlz Tannok, Frank Engel, Yaromir Ştetina və digərləri vasitəsilə növbəti ŞT sammiti ərəfəsində Azərbaycanın Avropadakı nüfuzunun daha da artmasının qarşısını almaq cəhdlərini davam etdirməkdədirlər. Heç bir şübhə yoxdur ki, Brüssel sammiti bu ümidlərin puça çıxmasını bir daha nümayiş etdirəcəkdir.
AP-də fəaliyyət göstərən erməni lobbi maşınının ifşa edilməsi prinsipial əhəmiyyət daşıyır. Belə ki, erməni mətbuatında yayılan xəbərlər açıq şəkildə Ermənistanın Brüsseldəki səfirliyinin AP-nin fəaliyyətinə müdaxiləsi və erməni lobbisinin "uğuru" kimi təbliğ olunur.
Bu məsələ bir neçə gün əvvəl parlamentin iclasında da qaldırılıb və deputatlarımız Azərbaycana qarşı AP-dəki erməni lobbistləri tərəfindən sərgilənən qərəzli münasibəti kəskin tənqid ediblər. Deputat Məlahət İbrahimqızı hesab edir ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb: "Hansı ki, Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torplaqlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Parlamenti müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu, ölkəmizə qəzərli mövqenin nümayişdir".
Azərbaycan Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyü məsələsində daha konkret mövqe gözləyir. Biz neçə gündən sonra Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus, Moldova) bir araya gətirəcək Brüssel sammitində Aİ-nin qeyd etdiyimiz məsələyə yanaşması bəlli olacaq. Aİ özünün strateji və enerji tərəfdaşı hesab etdiyi Azərbaycanla daha da yaxınlaşmaq istəyirsə, o zaman ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsində qətiyyətli mövqe ortya qoyması qaçılmazdır.
PƏRVANƏ