Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana növbəti səfəri diqqət mərkəzində duran əsas mövzulardandır.
Əvvəlcə Bakıya səfər edərək prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşən Kreml rəsmisi daha sonra İrəvana gedərək Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla danışıqlar aparıb.
Bakıdakı görüşlərində S.Lavrov "Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır" və "Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasından məmnun olardı" fikirləri ilə yadda qalıb.
Dünən İrəvanda olarkən isə Rusiya xarici işlər naziri düşmən ölkə rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll perspektivlərini müzakirə edib, Bakıdakı danışıqlar barədə onları məlumatlandırıb. S.Lavrov problemin həllinin mürəkkəb olduğunu və vaxt tələb etdiyini bildirib.
Danışıqların ümumi mənzərəsi nikbin təsir bağışlamasa da, Rusiya xarici işlər nazirinin bu səfərini əvvəlkilərdən fərqləndirən, aktuallığını artıran bir neçə məqam var.
Birincisi, regional müstəvidə görüşlərin intensivliyi Ermənistanın nəqliyyat blokadasını gücləndirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınmasından sonra artıb. Əvvəlcə ölkə başçısı İlham Əliyev Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan, Tehranda Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə görüşlər keçirib. Daha sonra Türkiyə prezidenti Soçidə rus həmkarı V.Putinlə görüşüb. Bütün bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanılıb.
İkincisi, Rusiya xarici işlər naziri region dövlətləri - Azərbaycan və Ermənistana səfər edəcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfərindən dərhal sonra açıqlamışdı. R.T.Ərdoğan rusiyalı həmkarı ilə görüşünün protokoluna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri də əlavə etmişdi. Rusiya prezidentinin mətbuat kativi Dmitri Peskov da KİV-ə açıqlamasında bu faktı təsdiqləmişdi. Lakin Ərdoğan-Putin görüşünün yekununda bu istiqamətdə danışıqların aparıldığı qeyd olunmadı. Buna baxmayaraq, bağlı qapılar arxasında keçən 4 saatlıq görüş zamanı Dağlıq Qarabağ probleminin müzakirə olunmadığı inandırıcı görünmür.
Nəhayət, üçüncü məqam ondan ibarətdir ki, ötən həftə Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyanla Elmar Məmmədyarov iki gün fərqlə Moskvaya səfər edərək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüşlər keçirmişdilər. Məqsəd detalları müzakirə edərək xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsinə razılıq əldə etmək idi. Bu da əldə olundu.
Ümumilikdə, son bir ayda prezidentlər, son bir həftədə isə xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması, həmçinin, Minsk qrupu həmsədrlərinin də proseslərin bir qismində yer alması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən danışıqların getdiyini, region dövlətlərinin bu barədə məlumatlandırıldığını deməyə əsas verir.
Lakin bu kotekstdə S.Lavrovun regiona növbəti səfərinin pozitiv, yoxsa neqativ xarakter daşıdığı əsas sual olaraq qalır.
Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Rusiya xarici işlər naziri S.Lavrovu regiona Putin göndərib: "Yəqin ki, yaxın vaxtlarda Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək təşəbbüsü ilə çıxış edəcək. Çünki Sergey Lavrovun səfər məsələsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsindən dərhal sonra meydana çıxıb".
Politoloqun fikrincə, Rusiya prezidenti başa düşür ki, onun Yaxın Şərq regionu üzrə siyasəti kifayət qədər ciddi təhlükə ilə üzləşib: "Putin son illər Yaxın Şərqdəki siyasətində köç faktoruna istinad edirdi. Lakin kürdlərin referendum məsələsi iflasa uğrayandan sonra demək olar ki, Rusiyanın sözügedən regiona üzrə siyasəti "yetim" qalıb. Yəni Rusiya prezidentinin bu vaxta qədər Yaxın Şərq regionunda qurduğu ssenari, gedişat bir anın içərisindən pozula bilər. Bu mənada Putin çıxılmaz vəziyyətə düşüb. Kreml sahibi bir tərəfdən ABŞ prezidenti Donald Trampla müqavilə imzalayır ki, İran və "Hizbullah"ı Suriyadan qovacaq, digər tərəfdənsə, İranlı həmkarını Həsən Ruhanini Suriyanın gələcəyini müzakirə etməyə dəvət edir. Bütün bunlar onu göstərir ki, Putinin siyasəti az qala çarmıxa çəkilmək səviyyəsindədir".
M.Əhmədoğlunun sözlərinə görə, Rusiya prezidenti başa düşür ki, belə vəziyyətdə Yaxın Şərq siyasətini qorumaq üçün lazım olan elementlərdən biri onun Azərbaycanla apardığı siyasət olacaq: "Putinin Azərbaycanla müttəfiqliyə ciddi ehtiyacı var. Çünki, əgər İranla Türkiyə razılığa gəlsə və Azərbaycan da onlara dəstək versə, Rusiyanın Yaxın Şərqdəki siyasəti ən qısa vaxt ərzində sıradan çıxacaq. Həm də nəzərə alınmalıdır ki, ermənilər xəyanatkar millətdir. Onlar dəfələrlə çalışıblar ki, Suriya məsələsində Rusiyanın apardığı siyasətə badalaq gəlsinlər. Bu mənada Putin Ermənistanla birgə qoşun yaradanda onun əsas məqsədi ermənilərin xəyanətkarlığını neytrallaşdırmaq idi".
Mərkəz sədri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi ermənilərin təxribatlara əl atması üçün fürsət yaradır: "Bunu Putin görür. Ona görə də Rusiya prezidenti hazırda Dağlıq Qarabağ münaqişəsini təmzimləməkdə çox iradəlidir. Bu məqsədlə də Kreml sahibi Sergey Lavrovu regiona göndərib".
M.Əhmədoğlu onu da qeyd edib ki, Rusiyanın təqdim etdiyi variant Sankt-Peterburq razılaşmasına əsasəndir. Ermənistan isə bundan imtina edərək Kazan danışıqlarını əsas götürmək istəyir. Lakin hesab edirəm ki, Rusiya öz dediyində dayanacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Lavrovun münaqişənin həlliylə bağlı yeni ideyası yoxdur. Onun sözlərinə görə, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək: "Deməli, Moskva Azərbaycanın tələb etdiyi "mərhələli həll" planına soyuq yanaşır".
Milli Məclisin deputatı Sahib Alıyev isə bildirib ki, Rusiya və yaxud da hər hansı başqa bir dövlətin Qarabağla bağlı nə düşündüyündən asılı olmayaraq, Azərbaycan istənilən halda öz mövqeyini qorumalıdır və qoruyur: "Çünki o torpaqlar bizimdir və bütün beynəlxalq aktlarda da bu, öz əksini tapıb. Yəni, "Qarabağ getdi" deyənlər anlamalıdırlar ki, Qarabağ heç yerə getməyib və getməyəcək. Qarabağ olduğu yerdədir və yerində də olacaq. Bir sözlə Qarabağı qaytarmaq lazım deyil, Qarabağ yerindədir, bizimdir, Qarabağa qayıtmaq lazımdır. Aprel döşülərində Lələ Təpəyə, Talış yüksəkliklərinə qayıtdığımız kimi".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ceyhun ABASOV